Hatəm Cabbarlı: “Əminliklə demək olar ki, Ermənistan hakimiyyəti bu əlaqələrdən siyasi rəqiblərinin ortadan götürülməsində də istifadə edib”
Rusiya mətbuatı Ermənistan XİN-lə “qanunu oğrular”ın işbiriliyini sübut edən materiallar yayıb. Qeyd edilir ki, Almaniyanın “Der Spiegel” qəzeti və MDR telekanalının apardığı araşdırma göstərib ki, ölkədə “qanuni oğrular”ın başçılıq etdiyi erməni mafiyası Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən himayə olunur və bu məlumat yerli erməni diasporunun nüfuzuna xələl gətirib, eləcə də iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.
Jurnalistlərin əldə etdiyi məlumatlara əsasən, mütəşəkkil erməni mafioz şəbəkəsi Almaniyanın bir sıra iri şəhərlərini əhatə edib və kredi fırıldaqlarından narkotik alverinədək bir çox qeyri-leqal sahələrdə fəaliyyət göstərib. Polis istintaqı zamanı, ümumilikdə, 42 nəfərin yer aldığı 14 cinayət işi açılıb. Alman jurnalistlər həmin şəxsləri “Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının yüksək səviyyəli nümayəndələri” kimi qələmə veriblər. Qeyd olunub ki, bu ilin iyul ayından əksəriyyəti etnik erməni olan 129 nəfər saxlanıb. Bundan başqa, 2017-ci ildə Çexiyada “oğru görüşləri” zamanı saxlanan “nüfuzlu iş adamı” Ruben Tatulyan Ermənistan diplomatik pasportunu göstərərək həbsdən qaça bilib.
Araşdırmalar zamanı, Ermənistan XİN R.Tatulyana “ölkənin iqtisadi inkişafına yönəlmiş fəaliyyətinə görə” diplomatik pasport verdiyini etiraf edib.
Ermənistan XİN-in və siyasi hakimiyyətin cinayətkar aləmin nümayəndələri ilə bu şəkildə işbirliyi və əlaqədə olması nəyin göstəricisi sayıla bilər?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan siyasi hakimiyyətinin mafiya ilə işbirliyində olması faktları yeni deyil: “Bu, əslində, Ermənistan müstəqillik əldə etdikdən sonra start götürən və bu günə kimi davam edən bir prosesdir. İstər postsovet, istərsə də Avropa ölkələrindəki erməni kriminal dairələrin fəaliyyəti haqda məlumatlar verilib. Ermənistan hakimiyyətindəki yuxarı dairələrin kriminal avtoritetlərlə münasibətlərini sübut edən dəlillər daha çox Serj Sarkisyan dönəmində ortaya çıxmış oldu. Belə ki, S.Sarkisyan Moskvada yaşayan Tason Akopyana diplomatik pasport verdi. Bununla da həmin avtoritet uzun müddət özünü hüquq-mühafizə orqanlarından sığortalaya bilirdi. Bəzi iddialara görə, T.Akopyan birbaşa S.Sarkisyanın çirkli işlərini görən şəxs olub. Belə bir adama diplomatik pasportun verilməsinin üstü Sarkisyan hakimiyyətdən getdikdən sonra açılıb. Bunu Nikol Paşinyan bəyan etdi. Böyük ehtimalla, keçmiş iqtidarın qara işləri ilə bağlı Paşinyan yenə məlumatlar verəcək. Sadəcə, bunlar seçkilərdən sonraya təsadüf edəcək. Ermənistan XİN-in kriminal avtoritetləri nə vaxt dəstəkləməsi məsələnin mahiyyətini dəyişmir. Sübut olunur ki, Ermənistan hakimiyyəti onlarla hər zaman təmasda olur və bundan sonra da olacaq. Dövlət qurumunun bu tip adamlara diplomatik pasport paylaması olduqca ciddi məsələdir. Bu göstərir ki, hökumət rəsmən kriminal aləmlə əlbir işləyir və onu inkişaf etdirir. Bu münasibətlərin təməlində də, heç şübhəsiz, hökumətin çirkli işlərinin görülməsi durur. Hətta əminliklə demək olar ki, Ermənistan hakimiyyəti bu əlaqələrdən siyasi rəqiblərinin ortadan götürülməsində də istifadə edib”.
Məhəmmədəli QƏRİBLİ