Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 8-də Astanada keçirilmiş zirvə toplantısından xeyli müddət ötsə də, Ermənistanın rəsmi və qeyri-rəsmi dairələrinin bu xüsusda böyük narahatlıqları hələ də davam edir.
Xatırladaq ki, Astana görüşündə Ermənistan qurumun baş katibi postuna Vaqarşak Arutyunyanın namizədliyini irəli sürmək niyyətində olub. Lakin qurumun digər üzvləri, o cümlədən də Belarus və Qazaxıstan buna etiraz edib. Amma görünən budur ki, rəsmi İrəvan hələ də Astana sammitinin dərsindən lazımi nəticə çıxara bilmir.
İndi baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və onu dəstəkləyən qüvvələr iddialarını KTMT-yə qəbul etdirmək üçün ümidlərini KTMT-nin Sankt-Peterburqda dekabrın 6-da keçiriləcək növbəti sammitinə bağlayıblar. Məhz burada onlar Ermənistan namizədinin KTMT-nin baş katibi vəzifəsinə seçiləcəyinə böyük ümid bəsləyirlər. Amma görünən budur ki, KTMT üzvləri bu dəfə də İrəvanın ümidlərini doğrultmaq niyyətində deyillər. Elə bu səbəbdən KTMT çərçivəsində İrəvanın növbəti zərbəni Sankt-Peterburqda alması gözlənilir. Bu hal isə, öz növbəsində, Dağlıq Qarabağ münaqişəsinin gedişinə də əsaslı surətdə təsir göstərmək iqtidarındadır. İlk növbədə o baxımdan ki, KTMT-də baş katib postunu itirən İrəvanın təşkilat çərçivəsində manevr imkanları xeyli məhdudlaşacaq. Eyni zamanda bu hadisədən sonra Ermənistanın təşkilatın sıralarını tərk etməsi belə gözlənilir. Artıq Ermənistan siyasi dairələrində ölkənin KTMT-dən çıxışı ilə bağlı çağırışların indidən artması qeydə alınır. Paşinyana yaxınlığı ilə tanınan erməni deputat Edmon Marukyan Sankt-Peterburq görüşündə istənilən nəticə əldə olunmadığı halda ölkəsinin KTMT sıralarını tərk edə biləcəyini açıqlayıb. Bu şəraitdə o, Azərbaycanın təşkilat vasitəsilə Ermənistana təsir imkanlarının artacağını və bunun da Qarabağ münaqişəsinə əsaslı surətdə təsir göstərəcəyini vurğulayıb. Ermənilərin bu xüsusda qorxusunu artıran daha bir məqam Rusiyanın da Ermənistandan üz döndərməsi, Azərbaycana dəstəyini artırmasıdır. Xatırladaq ki, bundan əvvəl Ermənistanın KTMT sıralarını tərk edə biləcəyini rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov da istisna etməyib. O, bu prosesə Rusiyanın da razılıq verməsini mümkün sayıb. Öncə Nikol Paşinyanın Belarus Prezidenti Aliaksandr Lukaşenkoya dair bəyanatını və Belarus Xarici İşlər Nazirliyinin buna cavabını şərh edən ekspert bildirib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xəttilə irəvan-Minsk qarşıdurması, əslində İrəvanla Moskvanın diplomatik qarşıdurmasıdır, sadəcə, Kreml Ermənistana qarşı açıq tənqid səsləndirə bilmir. Bu gün Ermənistanla Belarus arasında KTMT çərçivəsində baş verənlər "razılaşdırılmış müharibə", vasitəçiliklə olan müharibədir. Mənə elə gəlir ki, Ermənistanla Belarus hökumətləri arasındakı bu qarşıdurma, əslində Rusiya ilə Ermənistan hökumətləri arasındakı qarşıdurmanın ifadəsidir”. Onun sözlərinə görə, Paşinyan Ermənistanın KTMT qarşısında öhdəlikləri ilə daban-dabana zidd hərəkət edib və bu da Rusiya tərəfinin narazılığına səbəb olub: “Özü də Paşinyan yalan danışır: KTMT baş katibini həbs etdirib və bunu gizlətmək, məsuliyyətini başqaların üstünə yıxmaq istəyib. Sonra isə aşkara çıxarılan telefon danışığından açıq-aşkar görünür ki, həbs əmrini o verib. Həmçinin o, hökumətini ancaq qrant yeyənlərdən, yəni uzun illərdir Amerikadan qrant alanlardan təşkil edib. Əslində, onun özünün də ABŞ-ın adamı olmasına, KTMT-ni dağıtmaq siyasətini yeritməsinə dair ciddi şübhələr var”. Markovun fikrincə, Nikol Paşinyanın və onun arxasındakı ABŞ gizli xidmətlərinin mühüm məqsədi Rusiya ilə Ermənistan arasında açıq qarşıdurma müstəvisi yaratmaq və bununla da Ermənistan ictimaiyyətini Rusiyaya qarşı meylləndirməkdir: “Mən belə başa düşürəm ki, bu hiyləni boşa çıxartmaq üçün Belarus bir növ Rusiyanın sözçüsü rolunu ifa edir, yəni Rusiya hökumətinin açıq şəkildə bəzən deməyə hazır olmadığı şeyləri ifadə edir”.
Ekspertin fikrincə, Belarus prezidenti Aliaksandr Lukaşenko Rusiya tərəfinin diplomatik səbəblər üzündən deməyə cürət etmədiklərini açıq deyə bilir: “Nikol Paşinyan KTMT-ni daxildən dağıtmaq gücünə və imkanına sahib deyil. Əslində, bir gün Ermənistanın KTMT-dən xaric edilməsi məsələsi gündəmə gələ bilər”. KTMT-nin dekabr ayında yeni baş katib seçkisinə toxunan politoloqun sözlərinə görə, baş katib kürsüsünün boş qalması qurumun səmərəsinə mənfi təsir göstərəcək: “Əlbəttə, Rusiya bunu istəməz. Rusiyanın ehtiyat variantı var: yeni baş katib seçilməsə, onun səlahiyyətini Rusiya müdafiə naziri icra edəcək”. Azərbaycanın KTMT-də mümkün üzvlüyünə dair sualı cavablandıran Sergey Markovun dediyinə görə, bu qurumda bir çoxları Azərbaycanı müşahidəçi qismində görmək arzusundadır.
Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan isə bildirir ki, təşkilatda proseslər Azərbaycanın istədiyi istiqamətdə inkişaf etsə, İrəvan həqiqətən də KTMT sıralarını tərk edə bilər:“Atacağımız addımlar maraqlarımıza cavab versə, o zaman Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə bilər. Ermənistanın KTMT-də olması onun maraqlarından irəli gəlir. Əsas üstünlüyümüz budur ki, bunun sayəsində rus silahlarını güzəştli qiymətlərlə almaq imkanına sahib oluruq. Amma bu imkanlar itir və biz KTMT sıralarını tərk edə bilərik”.
Qeyd edək ki, rusiyalı politoloq Sergey Mixaylov da Ermənistanın KTMT-dən çıxarılması məsələsinin gündəmə gələ biləcəyini istisna etməyib. O hesab edir ki, bundan sonra Ermənistan nümayəndələrinin bəyanatlarına KTMT-də başqa cür yanaşacaqlar. Onun sözlərinə görə, indi vəziyyət dəyişib və bu vəziyyət heç də Ermənistanın lehinə deyil: “Rəsmi Moskvanın kəskin reaksiyası isə vəziyyəti daha da mürəkkəbləşdirib. Orada hesab edirlər ki, Ermənistan əvvəlcə Yuri Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı və yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi. Yaranmış vəziyyət qurumun nüfuzuna da xələl gətirib. Bundan sonra nə olacaq? İndi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yeni baş katib seçməlidir. Çox güman ki, son qərar 6 dekabr tarixində Sankt-Peterburqda veriləcək. Və burada Ermənistan nümayəndəsinin seçilməyəcəyi dəqiqdir. Bu isə İrəvan - KTMT münasibətlərində yeni bir mərhələ olacaq. Bütün bunlar səbəbsiz deyil. Korrupsiya ilə mübarizə adı altında İrəvan rejimi ilk növbədə Qərbdəki sponsorların Moskva ilə münasibətləri pozmaq sifarişini yerinə yetirir. Fikrimcə, bunun sonu kədərli olacaq. Hesab edirəm ki, Rusiya bir çox istiqamətdə, ilk növbədə də silah tədarükü sahəsində strateji tərəfdaşlıq planlarını təkrar nəzərdən keçirəcək və ola bilər ki, Qarabağ məsələsi ilə bağlı mövqeyini kəskin dəyişəcək. İrəvan öz hərəkətlərinə görə cavab verə bilməyən müttəfiq kimi öz həqiqi üzünü göstərir”.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bütün bunlara görə Nikol Paşinyanı ölkənin beynəlxalq mövqelərini və dövlətin təhlükəsizliyini zəiflətməkdə ittiham edib. Şarmazanovun sözlərinə görə, Paşinyanın davranışları Ermənistanın öz müttəfiqləri tərəfindən gülüş obyektinə çevrilməsi və təklənməsinə gətirib çıxarıb: “KTMT-nin 8 noyabrdakı iclasında Ermənistanın nümayəndəsi təşkilatın baş katibi postuna seçilmədi. Aydın olur ki, Nikol Paşinyanın idarəçiliyi dövründə Ermənistan öz təhlükəsizlik mövqelərini ardıcıl olaraq güzəştə gedir. Bunun sübutu isə artıq KTMT-nin baş katibi postunun Belarus nümayəndəsinə veriləcəyilə bağlı açıq bəyanatlardır. Bu, Paşinyan hökumətinin açıq-aydın məğlubiyyətidir. Biz Sankt-Peterburqda bunun davamını görəcəyik. Əlbəttə, bundan qazanan əsas tərəf də Azərbaycandır".
Bu vəziyyətdə ekspertlər hesab edir ki, Moskva Paşinyanın tutduğu yolu axıra kimi getməyə imkan verməyəcək. Yaranmış vəziyyətə uyğun olaraq Rusiya Paşinyan hakimiyyətini sıxışdıraraq, ona müxtəlif təzyiqlər göstərəcək ki, bura Qarabağ kartı da daxildir. Moskvanın təsir vasitələrini işə salmasını şərtləndirən səbəblər həm də odur ki, Ermənistanın mövcud hakimiyyətinin məqsədi ümumiyyətlə Rusiyanın təsirindən çıxmaq və burada qərbyönümlü bir siyasi-iqtisadi sistem qurub, Avropa Birliyinə və NATO-ya inteqrasiya yolunu tutmaqdır. İndilikdə, sadəcə olaraq, onlar bunu açıq şəkildə bəyan etməkdən qorxur. Ermənistan başa düşür ki, bunu açıq şəkildə bəyan etsə, Rusiya onların qarşısını almaq üçün əlindən gələni edə bilər. Amma Rusiya da gözəl bilir ki, Paşinyan və onun özü ilə birlikdə hakimiyyətə gətirdiyi komanda Qərbə bağlıdır. Onların ABŞ-da hansı tədbirlərdə iştirak, orada hansı bəyanatlarla çıxış etdikləri, Rusiyaya hansı münasibətdə olduqları gün kimi aydındır. Bu səbəbdən Kreml, əslində indidən Paşinyan iqtidarına qarşı təzyiqləri artırır və bu fonda İrəvana növbəti zərbənin də KTMT-nin Sankt-Peterburqda keçiriləcək toplantısında vurulması nəzərdə tutulur. Belə durumda Ermənistanın Qarabağ konflikti ətrafında status-kvonun qorunub saxlanmasına dair cəhdlərinin daha sürətlə iflasa uğraması gözlənir. Elə ekspertlər də qeyd edir ki, Qarabağ məsələsində İrəvanın mövqelərini daha da zəiflədən daha bir amil məhz Rusiya ilə hazırda birbaşa bağlıdır. Artıq qeyd olunduğu kimi , Kreml Ermənistana qətiyyən etibar etmir. Hətta əksinə, Rusiyanın hazırkı siyasəti regionda daha çox Azərbaycanla yaxınlaşmağa hesablanıb. Belə vəziyyətdə Ermənistan artıq Dağlıq Qarabağ məsələsində konkret mövqe tutmalıdır. Aydındır ki, İrəvan yenə indiki siyasi kursa sadiq qalsa və zəbt edilmiş əraziləri azad etməsə, daha ağır zərbələrə məruz qalacaq. Burada İrəvan onu da nəzərə almalıdır ki, Qarabağ münaqişəsinin hərbi yolla həll variantı işə düşərsə, Ermənistanın bir dövlət kimi tam çöküşü də qaçılmaz olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.