Aqşin Əliyev: “Yəqin ki, seçkidən sonra Paşinyanın bu məsuliyyətsiz bəyanatlarının bədəlini necə ödəyəcəyinə şahidlik edəcəyik”
Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan seçkiqabağı atmosferin təsirinə düşərək, bəzən populist, reallıqdan tamamilə uzaq, bəzən isə çaşaraq həqiqəti ifadə edən fikirlər səsləndirir.
N.Paşinyan növbədənkənar parlament seçkiləri çərçivəsində “Mənim addımım” blokunun Vanadzordakı təşviqat kampaniyasında çıxışı zamanı deyib ki, bundan sonra Ermənistan xarici siyasət kursunda yalnız özünə arxalanmalıdır. Bu, faktiki olaraq, N.Paşinyanın Ermənistanın meydanda tək qaldığının etirafı kimi qəbul edilə bilərmi?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, bununla Paşinyan Ermənistanın düşdüyü real və acınacaqlı vəziyyəti etiraf etmiş olub: “Ermənistan elə bir ölkə deyil ki, müstəqil siyasət yürütmək iqtidarında olsun. Paşinyanın bu fikirləri bir qədər gülməlidir. Birincisi, müstəqil olmaq, ümumiyyətlə, erməni millətinin xislətinə aid deyil. Onlar tarix boyu həmişə kimlərinsə qolunun altına sığınıblar. Hazırda da belədir. Bu ölkənin daxilində Rusiyanın hərbi bazaları var, xarici ölkələrlə sərhədlərini rus sərhədçiləri qoruyursa, Ermənistan hansı müstəqil siyasətdən, özünə güvəndən danışa bilər? Paşinyan seçkinin təsirinə düşdüyündən, bəzən vəziyyəti olduğu kimi izah edir. Ona qədərki dönəmdə Ermənistanın xarici siyasət kursu Rusiyaya doğru olub. Amma bəllidir ki, orada da arabir çabalamağa çalışıblar. Rusiyanın kəskin reaksiyasından sonra Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqına üzv oldu. Fakitiki olaraq, orada təmsil olunan ölkələrlə müttəfiqliyə qol çəkdi. Paşinyan hakimiyyəti devirəndən sonra hamıya, o cümlədən KTMT-yə kəllə atdı. Orada təmsil olunan dövlətlərin rəyini nəzərə almadan, Ermənistandan rotasiya qaydasında seçilən baş katibi tutub cəzaçəkmə müəssisəsinə saldı və oğru elan etdi. Bunun nəticəsində Astana müzakirələrində etdiyi hörmətsizliyin cavabını Qazaxıstandan və Belarusdan açıq formada, Rusiyadan isə qapalı olaraq aldı. Çünki Rusiyanın prosesə soyuq reaksiyası olmasaydı, Ermənistan bu şəkildə təklənməzdi. Paşinyan dərk edir ki, ona edilə biləcək bir çox təzyiq rıçaqları Rusiyanın əlindədir. Bu səbəbdən də Rusiyaya açıq mətnlə etiraz edib, Qərbə doğru kurs götürə bilmir. “Xarici siyasətdə yalnız özümüzə güvənəcəyik” deməklə isə Paşinyan sanki Rusiyadan incidiyini, umu-küsusünü Moskvaya çatdırmaq istəyir. Sanki yiyəsinə demək istəyir ki, tək qalmışam, mənə sahib çıx. Bu qeyri-adekvat davranışları ilə Paşinyan Ermənistanı çıxılmaz bir labirintə saldığını etiraf etmiş olur. Hələ bir çox prosesləri biz seçkidən sonra görəcəyik. Hələlik seçkiyə görə bəzi güclər Paşinyanla bağlı seyrçi qalmağa üstünlük verirlər. Yəqin ki, seçkidən sonra Paşinyanın bu məsuliyyətsiz bəyanatlarının bədəlini necə ödəyəcəyinə şahidlik edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ