Məhəmməd Əsədullazadə: “Çeçenistanın çətin illərində ölkəmiz çeçen xalqının yanında olub, öz dəstəyini əsirgəməyib”
Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Xəbər verildiyi kimi, bunu Prezident İlham Əliyev Bakıda Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, çeçen və Azərbaycan xalqları əsrlər boyu dostluq edirlər: “Bir-birini dəstəkləyirlər və bu gün bizim münasibətlərimiz yeni səviyyəyə çıxır. Bizi o da çox sevindirir ki, Çeçenistan Respublikasında sabitlik bərqərar olub, insanlar təhlükəsizlik şəraitində, sakit yaşayırlar, öz doğma torpaqlarında qurub-yaradırlar”.
Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycanı Şimali Qafqaz respublikaları ilə uzun tarix, yaxın münasibətlər, mənəvi, mədəni, doğma əlaqələr bağlayır: “Biz hesab edirik ki, Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Əlbəttə ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir. Siz bilirsiniz ki, bu münasibətlər uğurla inkişaf edir. Biz strateji tərəfdaşlarıq. Dövlət başçılarının çoxlu səfərləri olub. Son beş ildə Rusiya Prezidenti Azərbaycana dörd dəfə səfər edib və bu ilin sentyabrında mən də Rusiyaya səfər etdim, o da Azərbaycana gəldi. Biz çox fəal qarşılıqlı fəaliyyət göstəririk və çox yüksək etimad səviyyəsi mövcuddur”.
Nəzərə almaq lazımdır ki, Qafqaz çox strateji əhəmiyyətli bir məkandır. Eyni zamanda, regionda, xüsusən də Şimali Qafqazda müxtəlif xalqlar yaşayır. Belə bir coğrafi məkanda sabitliyin, təhlükəsizliyin qorunub saxlanması ancaq birgə səylər nəticəsində mümkündür. O üzdən, bununla bağlı nə kimi nəticələr əldə olunub və ümumən bunu ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanın regionda rolu, apardığı məqsədyönlü siyasət Şimali Qafqzada sülh və sabitliyin formalaşmasında müəyyən rol oynayır: “Çeçenistan Şimali Qafqazda Rusiyanın tərkibində respublika olmasına baxmayaraq, xüsusi siyasi çəkiyə malikdir. Bundan əlavə, bu respublika Şimali Qafqazda sabitlik üçün önəmlidir. Azərbaycanın müsəlman ölkə olaraq Çeçenistanla xüsusi əlaqələri bir neçə onilliyə dayanır. Bu respublikanın çətin illərində ölkəmiz çeçen xalqının yanında olub, öz dəstəyini əsirgəməyib. Bu gün ölkəmiz Rusiya Federasiyasının tərkibində olan Çeçenistanın siyasi-iqtisadi inkişafında və burada siyasi sabitlikdə maraqlıdır. Bu gün Çeçenistan müsəlman republikası olaraq birbaşa Qafqaz Müsəlmanları İdarəsini qəbul edir. Bu onu göstərir ki, Çeçenistanla dini, mənəvi və mədəni olaraq əlaqələr daha da inkişaf perspektivlərinə malikdir. Bəli, Şimali Qafqazda təhlükəsizliyin təmin olumasında Azərbaycanla əlaqələrdə əməkdaşlıq mühüm rol oynayır. Məhz Moskva da bu məsələlərdə Çeçenistanla Azərbaycan arasında bu kimi xüsusi əlaqələrin inkişafında maraqlıdır. Hesab edirəm ki, bu respublikanın prezidenti Ramzan Kadirovun ölkəmizə səfəri gələcək perspektivdə regionda təhlükəsizliyin təmini və risqlərin önlənməsi üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqazda əsas ölkə olaraq, Çeçenistanın Şimali Qafqazda sülh niyyətlərinə dəstək olur. Bundan əlavə, Azərbaycanın regionda rolu, apardığı məqsədyönlü siyasət Şimali Qafqazda sülh və sabitliyin formalaşmasında xüsusi rol oynayır. Bütün bunlarla yanaşı, tərəflər birgə fəaliyyətlə sülh və sabitliyə töhfə verməlidirlər”.
Vidadi ORDAHALLI