Əkbər Qoşalı: “Belə missiyalarda iştirak hərbçilərimizə zəngin təcrübə qazandırır”
Xəbər verildiyi kimi, Azərbaycan Cənubi Sudana sülhməramlı heyət göndərəcək. Bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub. Layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyası tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq. Komitə layihəni müzakirə edərək plenar iclasa tövsiyə edib.
O da məlumdur ki, 1999-cu ilin sentyabr ayından başlayaraq, Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparır. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri tərkibində Sülhməramlı Ordu 1997-ci ildə yaranıb, sonradan sülhməramlı bölməsi adı altında birləşib.
17 fevral 2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 2008-ci ilin martında Azərbaycan sülhməramlılarının Kosovaya göndərilməsinə qərar verilib. Bununla yanaşı, Azərbaycan hərbçiləri İraqda BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət edirlər. Həmçinin, Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 azərbaycanlı sülhməramlısı xidmət edir.
Görünən odur ki, Azərbaycan bu kimi humanitar xarakterli missiyalarda aktiv iştirak edir və mümkün olan dəstəyini əsirgəmir. Ölkəmiz dünyanın qaynar nöqtələrində sülhün yaradılmasına öz töhfəsini verir. Ümumən Azərbaycanın bu istiqamətdə gördüyü işləri ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı ölkəmizin bu yöndə fəaliyyətini müsbət dəyərləndirdi: “Avropa və Asiyada sülhyaratma missiyasında iştirak edən, öz töhfələrini verən respublikamız artıq Afrikada da sülhyaratma missiyasında iştirakla, ümumən, dünya sülhünə, insanlığa xidmətdə sabitqədəm olduğunu, insanlığın, sülhün yaxınlıqdan-uzaqlıqdan asılı olmadığını göstərməkdədir. Bəlli olduğu kimi, Cənubi Sudan Respublikası, coğrafi olaraq, Yuxarı Nil çayı hövzəsində yerləşən Afrika ölkəsidir. İllərdir davam edən etnik, dini ayrıseçkilik səbəbilə Sudandan ayrılıb və 2011-ci ildə öz müstəqilliyini elan edib. Adıçəkilən ölkə BMT-nin, Afrika Birliyinin üzvüdür. Beləliklə, müstəqilliyinin hələ 7-ci ilində olan bir respublikanın təhlükəsizliyinə töhfə vermək tarixi hadisədir. Bu insancıl hadisədə yer alan Azərbaycan özü Ermənistanın havadarlarının hərbi-siyası dəstəyi ilə davam etdirdiyi işğalçılıq siyasətindən əziyyət çəkən bir respublikadır. Deməli, Kosova, Əfqanıstan, İraq və artıq Cənubi Sudan da daxil olmaqla, beynəlxalq sülhyaratma missiyalarında ordumuzun iştirakı yalnız hərbi xarakter daşımır, həm də mənəviyyat məsələsi kimi də dəyərləndirilə bilər. Bu və bənzəri addımlar Azərbaycanın adını, bayrağını yaxın-uzaq ellərə daşıyır, dostlarımızın sayını artırır. Digər tərəfdən, belə missiyalarda iştirak hərbçilərimizə zəngin təcrübə qazandırır. Yalnız bizim hərbçilər təcrübə qazanmır, missiyanın başqa iştirakçıları da nümunəvi Azərbaycan hərbçilərinin təcrübəsini əxz edirlər. Əlbəttə, NATO kimi nüfuzlu hərbi ittifaqın missiyasında yer almağın özü dövlətimizə, ordumuza güvənin ifadəsidir. Arzu edirik ki, ordumuz Laçına, Kəlbəcərə, Şuşaya və işğaldan azad edəcəyimz digər şəhər və rayonlarımıza üçrəngli müqəddəs bayrağımızı taxmaqla öz tarixi missiyasını taclandırsın!”.
Vidadi ORDAHALLI