Yeganə Hacıyeva: “Danılmaz həqiqətdir ki, həmin regiona ayrılan diqqətdə Azərbaycanın böyük rolu var”
Türkmənistanın xarici işlər naziri Rəşid Mərədov bu yaxınlarda Brüsseldə Avropa Birliyi-Mərkəzi Asiya formatında baş tutan görüşdə təklif edib ki, “Mərkəzi Asiyada əməkdaşlıq və təhlükəsizlik” mövzusunda beynəlxalq forum keçirilsin.
Qeyd edək ki, AB-Mərkəzi Asiya nazirlərinin Brüsseldə keçirilən 14-cü toplantısında Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan XİN rəhbərləri Avropa Birliyi ilə Mərkəzi Asiya üçün strategiya layihəsinin yeni variantını müzakirə ediblər. Əldə olunan razılığa görə, növbəti iclas gələn ilin birinci yarısında Qırğızıstanda keçiriləcək. Avropa Birliyi regionun enerji resursları, nəqliyyat dəhlizləri ilə maraqlanır, eləcə də, Mərkəzi Asiyada təsir imkanlarını, maliyyə yardımı ayrılmasını genişləndirmək planları hazırlayır. Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Frederika Mogerini bildirib ki, Avropa və Asiya arasında sürətlə dəyişən regional dinamika və davamlı birgə fəaliyyət Mərkəzi Asiyanı bizim diqqət mərkəzimizdə saxlayır. Region ölkələri, xüsusilə də Türkmənistan Avropa Birliyini daha çox islahatların aparılması, bugünkü qlobal məsələlərin həlli və modernləşməsində əhəmiyyətli tərəfdaş kimi görürlər. Bəlli olub ki, Avropa Birliyi daimi nümayəndəliyini Aşqabadda açacaq. Bu da AB-yə Türkmənistanla siyasi, iqtisadi və sektoral dialoqu və əməkdaşlığı aktivləşdirməyə kömək edəcək. F.Mogerini də qeyd edib ki, qərar AB-nin Türkmənistanla bir sıra strateji sahələrdə - təhlükəsizlik, insan haqları, energetika, iqlim və qanunun aliliyi məsələlərində qarşılıqlı münasibətlər qurmaq səyindən xəbər verir.
Bir faktı da qeyd edək ki, əgər Türkmənistan Avropa istiqamətində ilk addımlarını atırsa, Qazaxıstan artıq regionda bu sahədə liderlik edir. Göründüyü kimi, AB Mərkəzi Asiya ölkələrinə və regionuna böyük maraq göstərir. Bir faktı da xatırladaq ki, həmin regionun Avropa ilə əlaqələrinin qurulmasında Azərbaycan çox önəmli rol oynayır. Çünki Azərbaycanın təşəbbüskarı olduğu və maraq göstərdiyi bir çox regional layihə Mərkəzi Asiya ölkələrinin marağını yaxından cəlb edir. Bu məsələdə Azərbaycanın coğrafı məkan rolu ilə yanaşı, apardığı təbliğatın da böyük rolu var. Bu baxımdan da maraqlıdır, Mərkəzi Asiya regionunun problemlərinin dünya üçün belə maraq kəsb etməsi və aktuallaşmasında Azərbaycanın rolunu necə dəyərləndirmək olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən bir körpüdür: “Etiraf edək ki, Avropa bir çox məsələyə öz strateji hədəfləri prizmasından yanaşır. Deyilən region çox zəngin karbohidrogen ehtiyatlarına malikdir. Həmin ehtiyatların sahibi olan ölkələr onların dünya bazarında satılmasını istəyirlər. Təbii ki, bunun üçün ən münbit bazar Avropadır. Avropa bazarına çıxmaq üçün isə indiyə kimi əlverişli və sərfəli marşrutlar olmayıb. Azərbaycanın təşəbbüskarı olduğu bir sıra meqalayihələr tam ərsəyə gələndən sonra bu, Mərkəzi Asiya ölkələrinin də diqqətini cəlb etdi. Onlar həmin layihələrə qoşulmaqda maraqlı olduqlarını dedilər. Çünki yolun böyük hissəsi qət olunub. Əgər bu gün Azərbaycan öz layihələri hesabına təbii ehtiyatlarını Avropa bazarına çatdıra bilirsə, demək ki, Mərkəzi Asiya ölkələrinin də yalnız buna qoşulması qalır. Məlumat üçün bildirim ki, AB-nin Mərkəzi Asiya ilə bağlı strategiyası hələ 2003-cü ildə işlənib hazırlanıb və mütəmadi olaraq korrektələrə məruz qalıb. Sənəd Avropanın regionun hər bir ölkəsi ilə ayrılıqda enerji, təhsil, terrorizmlə mübarizə, sərhədlərin mühafizəsi, qanunvericiliyin təkmilləşdirilməsi və insan haqlarının qorunması, münasibətlərin inkişaf etdirilməsini nəzərə tutur. AB artıq regionda ümumi büdcəsi 230 milyon avro olan 110 layihəni maliyyələşdirib. Məsələ ondadır ki, əməkdaşlıq strategiyasına ötən ilin sonunda yenidən baxılmalı idi, lakin bu baş vermədi. Bu da Avropanın özündə yaşanan bəzi maliyyə problemləri ilə izah edilir. İş burasındadır ki, həmin regionla dünyanın digər iki nəhəngi olan Rusiya və Çin birbaşa həmsərhəddir. Onlar heç vaxt asanlıqla bu “yağlı tikə”nin əllərindən çıxmasına razı olmazlar. Bu baxımdan da yaranmış maraq həmin region üçün təhlükəsizlik risqlərini artırmış olur. Türkmənistan rəsmisinin təklifi də məhz belə niyyətlərin neytrallaşması ilə bağlıdır. Ancaq bu da danılmaz həqiqətdir ki, həmin regiona ayrılan diqqətdə Azərbaycanın böyük rolu var. Hesab edirəm ki, regiondakı təhlükəsizliyin təmin olunmasında da ölkəmiz mühüm rol oynaya bilər”.
Məhəmmədəli QƏRİBLİ