İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası keçirilir. Noyabrın 29-dək davam edəcək sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənib, regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri mövzularında müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siaysət komitəsinin sədr müavini Eldar Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu” mövzusunda məruzə edib. O, çıxışında iqtisadi və humanitar təhlükəsizlik, informasiya təhlükəsizliyi məsələlərindən, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərindən, regiondakı ekoloji problemlərdən söz açıb. E.Quliyev bildirib ki, region təkcə iqtisadi deyil, ümumən qlobal layihələrin gerçəkləşdiyi məkandır. Komitə sədrinin müavini bu baxımdan Azərbaycanın mövqeyini qabardıb və ölkəmizin adı ilə bağlı olan Bakı-Tiflis-Ceyhan neft kəmərinin yeri və rolunu vurğulayıb, dövlətimizin artan iqtisadi qüdrətinin təzühuru olan nəhəng təşəbbüsləri önə çəkərək, xüsusən də TANAP-ın əhəmiyyəti üzərində dayanıb.
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib. Azərbaycanda sahibkarlığın inkişafına ciddi önəm verildiyini vurğulayan deputat bu baxımdan qeyri-neft sektoruna göstərilən diqqəti önə çəkib. O bildirib ki, görülən işlər Azərbaycanın ixrac potensialını gücləndirməyə xidmət edir.
Ə.Amaşov Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndən də söz açıb. Sənədin biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün maliyyə resurslarının ayrılması, onların xarici bazarlara çıxışının təmin edilməsi və sair vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb.
“Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı”ndan bəhs edən Ə.Amaşov sənədin stimullaşdırıcı tərəflərini sadalayıb. Deputat, eyni zamanda, ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilməkdə olan tədbirlərdən danışıb və vurğulayıb ki, Azərbaycanın dövlət başçısının 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti son illər bu istiqamətdə yeni müsbət tendensiyaların müşahidə ediləcəyindən xəbər verir. Ə.Amaşov çıxışında, həmçinin, QDİƏT-ə daxil olan ölkələrdə kiçik sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirilməsinə ehtiyacın duyulduğunu da vurğulayıb.
İclasda iştirak edən dörd ölkə eyni anda noyabrın 27-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında yubiley medalını almaqdan imtina edib. Baki-xeber.com "Novosti Armeniya"ya istinadən məlumat xəbər yayıb.
Xəbərə görə, Ermənistan parlamentinin sədri Ara Babloyan giriş nitqindən sonra təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib.
Lakin dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.
Gürcüstan nümayəndə heyətini sədri (özü iştirak etməyib) bəyan edib ki, ölkə başçısı mükafatdan imtina edir və bu məsələni müzakirə etməməyi istəyir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bildirib ki, nümayəndə heyəti az müddətdir ki, rəhbərdir və ona görə də vicdanı belə ali mükafatı qəbul etməyə yol vermir. Quliyev eyni zamanda qeyd edib ki, məsələ siyasətlə bağlı deyil və İrəvanda bunu yaxşı anlayırlar. Türkiyə nümayəndə heyətinin rəhbəri bildirib ki, belə bir medalı qəbul etmək şərəfinə layiq deyil. Ukrayna nümayəndə heyətinin rəhbəri Çubarov isə İrəvana gəlməyib və medaldan yazılı şəkildə imtina edib.
A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin İrəvanda keçirilən 52-ci Plenar Sessiyasında QDİƏT sədrinin və baş katibinin müavinləri seçilib. Noyabrın 28-də öz işini davam etdirəcək tədbirdə təşkilati məsələlərə baxılacaq. O cümlədən əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq QDİƏT-in Parlament Məclisinə sədrliyin Azərbaycana keçəcəyi gözlənilir.