Qabil Hüseynli: “Artıq Ermənistan öz müttəfiqləri ilə də düşmən münasibətindədir”
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanı seçkiöncəsi məzuniyyət dövründə Ararat Mirzoyan əvəz edir. Erməni mediasının yazdığına görə, A.Mirzoyan özünün “facebook” səhifəsində bir ilginc məlumatı paylaşıb.
O yazıb ki, N.Paşinyan Minskdə keçiriləcək Avrasiya hökumətlərarası şuranın iclasında iştirak etməyəcək: “Baş nazirin qərarı ilə məzuniyyət dövründə onu mən əvəz edirəm. Ermənistanı Avrasiya İqtisadi Birliyinin hökumətlərarası iclasında mən təmsil edəcəyəm”.
Heç şübhəsiz ki, N.Paşinyanın Minsk səfərindən imtinası onun məzuniyyətdə olması ilə əlaqədar deyil. Sadəcə, Ermənistanın baş nazir əvəzi Minsk-İrəvan münasibətlərində yaşanan gərginliyə görə Belarus səfərindən imtina edib.
Belə ki, KTMT-nin baş katibi postuna Belarusun iddia etməsi və Prezident Lukaşenkonun Azərbaycana isti münasibəti Paşinyan tərəfindən sərt reaksiyaya səbəb olub. Bunun qarşılığında isə Minskdən gələn kəskin cavab Paşinyanı lap özündən çıxardı. Pşinyanın Minskə səfərdən imtinası onun KTMT və Avrasiya İttifaqında təmsil olunan müttəfiqləri ilə münasibətlərinin tam ziddiyyətli olduğuna dəlalət edə bilərmi?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan bilir ki, bu məqamda Minskdə görünməsi ona yaxşı heç nə vəd etmir: “Ermənistanın nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsində olarkən bir sıra təxribat xarakterli addımlar atmağa çalışdı, Rusiya qoşunlarını Azərbaycana qarşı yönləndirməyə cəhd göstərdi, ancaq bu cəhdləri boşa çıxdı. Üstəlik də vəzifəsindən istefa vermək məcburiyyətində qaldı. Nikol Paşinyan baş katibin vəzifəsinin bitməsinə qalan son bir neçə ay üçün yeni nümayəndə təyin etmək istədi. Lakin bu niyyət təşkilatın Astana sammitində baş tutmadı. Növbəti mərhələdə bu məsələ Sankt-Peterburq şəhərində müzakirə ediləcək. Orada baş katiblik vəzifəsinə Belarus nümayəndəsinin təyin ediləcəyi gözlənir. Belarus Prezidentinin təyinat üçün üç namizədi var. Bu namizədlərdən biri də vaxtilə Bakıda hərbi təhsil alan və hazırda Belarusun Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan Stanislav Zasdır. Ermənilər buna ciddi etiraz edirlər. Ancaq, bütün hallarda, Lukaşenko ehtiyat tədbirləri görüb. Bu məsələ Belarusun nümayəndəsinin baş katibliyə təyin edilməsi ilə başa çatacaq. Bu da Ermənistan üçün ciddi zərbədir. Birincisi, həmin yerdəki baş katib postunun erməni olması bu ölkəyə müəyyən imtiyazlar verirdi. İkincisi, erməni baş katib yerinə Belarus kimi dövlətlərarası münasibətlərə və beynəlxalq hüquqa hörmət edən dövlət gələcək. Ermənilər üçün bu əlverişsizdir. Azərbaycan üçünsə tam əksinə, olduqca əlverişli nəticədir”.
Q.Hüseynlinin sözlərinə görə, Paşinyan küçədən gəlmiş, kütlə psixologiyası ilə hərəkət edən və populizmə hesablanmış addımları ilə tanınan şəxsdir: “O çox istəyirdi ki, öz nümayəndəsini sözügedən təşkilatın baş katibi vəzifəsinə göndərə bilsin. Lakin istəyi həyata keçmədi və bundan sonra Lukaşenko və Nazarbayevi ittiham etdi. Hətta belə bir iddia qaldırdı ki, bu iki şəxs Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın lobbiçiliyini həyata keçirir. Bu iddia ilə təşkilat daxilində çaxnaşma yaratmağa çalışdı. Ancaq Lukaşenko ona layiqli şəkildə cavab verdi. Bildirdi ki, bu adam təşkilatdaxili problemlər yaratmağa çalışır. Beləliklə, Paşinyan bu polemikalardan məğlub çıxdı. Bu məğlubiyyət onun reytinqinə ciddi xələl gətirdi. Məhz bu səbəbdən də o, Belarus səfərindən imtina edir. Görünən budur ki, Paşinyan hakimiyyətə gələndən sonra heç bir sahədə özünü doğrulda bilməyib. Dolu xəzinə vədi boş çıxdığı kimi, xarici siyasətdə fiaskoya uğrayıb. Artıq Ermənistan öz müttəfiqləri ilə də düşmən münasibətindədir”.
Məhəmmədəli QƏRİBLİ