Məhəmməd Əsədullazadə: “İnterpol və MDB üzrə axtarışa verməli, onun həbsinə nail olmalıdır”
Məlum olduğu kimi, dəfələrlə Azərbaycan tərəfinin çağırışlarına rəğmən, Dağlıq Qarabağdakı separatçı qurumun “rəhbəri” Bako Saakyanın bəzi ölkələrə səfər etməsinə şərait yaradılır. Separatçı “lider” noyabrın 24-də Moskvaya “işgüzar” səfər edib. Bundan öncə Saakyan noyabrın 14-də Fransada, noyabrın 16-da ABŞ-da səfərdə olub.
Maraq doğuran odur ki, Dağlıq Qarabağdakı separatçı qurumun rəhbərinin səfər etdiyi hər üç ölkə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması üzrə tərəflər arasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Bako Saakyanın bu ölkələrə dalbadal səfərlərini zəruri edən səbəblər barədə hər hansı açıqlama verilmir. Amma Saakyanın həmsədr ölkələrə səfərləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin okyabrın 29-dan noyabrın 2-dək Azərbaycan və Ermənistana səfərlərindən sonraya təsadüf edir.
Səfərdən sonra Minsk Qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda deyilir ki, guya səfərin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olub. Ancaq sözügedən fikirlər reallığı əks etdirmir. Ona görə ki, bundan əvvəl də bənzər səfərlərə sözügedən ölkələr şərait yaradıb. Halbuki, belə münasibət digər separatçı liderlərə göstərilmir. MDB məkanında bu kimi separatçı məkanlar var, amma onların rəhbərləri belə rahatlıqla harasa gedə bilmirlər. Maraqlıdır ki, ABŞ keçmiş SSRİ ərazisindəki digər qanunsuz rejimlərin nümayəndələrinə viza vermir. Məsələn, 2014-cü il aprelin 12-də Birləşmiş Ştatlar Krımın “yüksək rütbəli” nümayəndələrinə sanksiyalar tətbiq edib. Amma nədənsə bu, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “başçısı” olan Saakyana şamil olunmur. Belə bir qadağa Fransada da var. Xüsusilə Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrdən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, bu qadağa Saakyana aid olunmur.
Belə olan halda, Azərbaycan bunun qarşısını almaq üçün B.Saakyanla bağlı cinayət işi açmalı və onun axtarışı ilə bağlı İnterpola müraciət etməlidir. Bəlkə bu minvalla separatçı “liderin” qanunsuz xarici səfərlərini önləmək mümkün olsun.
Maraqlıdır, Azərbaycan bu metoda əl atarsa, bunun qarşısını ala bilərmi?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Azərbaycanın işğala məruz qalmış ərazilərində fəaliyyət göstərən qondarma separatçı rejimin “başçısı” B.Saakyanın Minsk Qrupunun həmsədri olan ölkələrə səfəri birbaşa bu üç həmsədr ölkənin vasitəçilik missiyasını sual altında qoyur. ABŞ və Fransanın postsovet məkanda digər separatçı region liderlərinə sanksiya tətbiq etməsi, amma erməni separatçılarına münasibətdə analoji yanaşmanın olmaması təəssüf doğurur. Azərbaycan cəmiyyəti bu ikili standartın fərqindədir və 23 ildən artıqdır ki, Minsk Qrupunun fəaliyyətini haqlı olaraq tənqid edir. Həll variantı bir tərəfə, separatçılara qucaq açmaları beynəlxalq hüququ tapdamaqdır. Azərbaycan tərəfi ilk növbədə öz suverenliyinə və təhlükəsizliyinə qarşı fəaliyyət aparan Saakyana qarşı hüquqi işləmlərə başlamalıdır. İnterpol və MDB üzrə axtarışa verməli, onun həbsinə nail olmalıdır. Necə ki, ABŞ və Rusiya özlərinə qarşı olan şəxsləri həbs etdirib, yaxud müxtəlif yollarla aradan götürüblər. Ona görə Azərbaycan da öz ərazi bütövlüyünə qarşı işlər aparan B.Saakyana qarşı cinayət təqibinə başlamalıdır. Ölkəmiz həm hüquqi, həm də diplomatik səviyyədə bu kimi səfərlərin qarşısını almalıdır”.
Vidadi ORDAHALLI