Nəzakət Məmmədova: “Qərbin Ukraynaya dəstəyi artdıqca, Rusiyanın da bu ölkəyə hərbi təzyiqləri güclənir”
Krımda Rusiya ilə Ukrayna arasındakı gərginlik özünün pik həddinə çatıb. Xatırladaq ki, Rusiya tərəfindən Krımda Ukraynanın üç gəmisi saxlanıb.Onların saxlanması üçün silahdan istifadə edilib. Nəticədə 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib və hər üç şəxsin həyatı üçün təhlükə yoxdur.
Ukrayna ordusu Rusiyanın gəmilərə atəş açdığını, bir əsgərin öldüyünü açıqlayıb. Bəzi mənbələrə görə, Rusiya ordusu Ukraynaya məxsus hərbi qayıqları ələ keçirib və bəzi hərbçiləri əsir götürüb. Ukrayna mətbuatı isə Ukrayna Müdafiə Nazirliyi və Dəniz Qüvvələrinin internet saytlarının çökdürüldüyünü yazır.
Moskva ilə Kiyev arasındakı 2003-cü il müqaviləsinə əsasən, Kerç boğazı və Azov dənizi iki ölkə arasında paylaşılan su əraziləridir. Ancaq son zamanlar Rusiya Ukrayna dəniz limanlarına gedib-gələn bütün gəmiləri yoxlamağa başlayıb. Buna etiraz olaraq, Ukraynanın millətçi təşkilatlarının üzvləri Rusiyanın Xarkovdakı Baş Konsulluğu qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları Rusiya əleyhinə şüarlar səsləndirməklə yanaşı, konsulluğun yerləşdiyi əraziyə butulka, yumurta, tüstü bombaları atıblar. Hadisədə konsulluq ərazisindəki ağaclardan biri alovlansa da, tez söndürülüb. Odur ki, konsulluq binası yanında yanğınsöndürən maşın növbə çəkir.
Konsulluq binasına hücum olmasın deyə, Ukryana Milli Qvardiyası diplomatik korpusu mühafizə edir. Rusiyanın Kiyevdəki Səfirliyi qarşısında da anoloji aksiya keçirilib. Kiyevdə aksiya iştirakçıları səfirliyə məxsus maşınları yandırıblar. Rəsmi Moskva yaranmış durumdan narahatlıq keçirərək, Ukrayna hakimiyyətindən rus diplomatları və diplomatik korpuslarının təhlükəsizliyinin təmin edilməsini tələb edib. İki slavyan ölkəsi arasında yaranan bu gərginlik perspektiv üçün nə vəd edir?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, iki ölkə arsındakı insidentin məhz indiki məqamda qızışmasının izahı var: “Ukraynada seçkilər yaxınlaşır. 2019-cu il martın 31-də seçkilər keçirilməsi nəzərdə tutulur. Rusiya hesab edir ki, Kerç boğazında insident bilavasitə bununla bağlıdır və Poroşenko seçkiqabağı xal toplamaq üçün bilərəkdən bu qarşıdurmaya gedib. O, hərbi vəziyyət elan edib, hərbi vəziyyət şəraitində seçkilər keçirilə bilməz və Poroşenko prezidentlik müddətini müəyyən qədər uzada bilər. Lakin hərbi vəziyyət 60 gün müddətinədir və seçkiyə qədər bitəcək. Bununla belə, Poroşenko müddəti uzatsa, seçkilər təxirə salına bilər.
Poroşenko inqilabdan keçən ötən müddətdə heç bir nailiyyət əldə edə bilməyib. İqtisadiyyat zəifləyib, Ukrayna ətrafında geosiyasi qarşıdurma pik həddinə çatıb, oliqarxlar və korrupsioner məmurlar ölkə əhalisini ciddi narazı salıb, Ukrayna Avropanın ən yoxsul ölkəsidir, mənəvi deqradasiya yüksək həddədir, qadınlar arasında əxlaqsızlıq səviyyəsinə görə nəinki Avropada, dünyada ilk yerlərdən birini tutur”.
Politoloqun sözlərinə görə, Poroşenko əhali qarşısına hec bir nailiyyətilə çıxa bilmir və rəqibləri Timoşenko və Zelenskiyə uduzur: “Belə bir şəraitdə vətənpərvərlik, hərbi vəziyyət ali baş komandan kimi onun şanslarını artıra bilər. Eyni zamanda, Rusiyada pensiya yaşının artırılması və s. səbəblərdən hazırda Putinin reytinqi əhali arasında azalıb. Buna görə də ilhaq olunmuş Krım ətrafında eskalasiya ona da sərf edir. Hətta Ukraynada da hesab edirlər ki, hazırda hərbi vəziyyət elan etmək zərurəti yox idi. Ukrayna Krım ilhaq olunan zaman, yaxud Donbasda döyüşlər gedən zaman hərbi vəziyyət elan etməli idi”.
N.Məmmədova bildirdi ki, məsələnin iqtisadi tərəfləri də var: “Rusiya Şərqi Ukraynada onsuz da zəif olan hərbi əhval-ruhiyyəni zəiflətmək, işsizliyi artırmaq və əhalinin Poroşenko hökumətindən narazılığını artırmaq üçün Mariuopol və Berdyansk limanlarına yük daşımacılığını azaldıb sosial-iqtisadi vəziyyəti pisləşdirmək istəyə bilər.
Qərbin Ukraynaya dəstəyi artdıqca, Rusiyanın da bu ölkəyə hərbi təzyiqləri güclənir. Çünki Ukraynanın Atlantizmin nüfuz dairəsinə keçməsi Rusiyanın Avrasiya strategiyasının üzərindən böyük bir xətt çəkmiş olacaq.
Odur ki, Gürcüstan və Ukraynanın NATO-ya daxil olması planları yeni bir qarşıdurma poliqonu deməkdir. Eyni zamanda, ola bilsin ki, Ermənistanda və Gürcüstanda seçkilər ərəfəsində Qərb Ukraynanın vasitəsilə Rusiyanın diqqətini bu prosesdən yayındırmaq, yaxud Rusiyaya demarş etməklə qarşıdurmanın onun üçün yaxşı nəticələnməyəcəyi mesajı verib. Yaxud Ermənistanda və Gürcüstanda seçkilərə Rusiyanın müdaxilə etməyib, güzəştə getməsi müqabilində Ukrayna və ya Suriyada müəyyən güzəşt qoparmaq məqsədləri ola bilər”.
Məhəmmədəli QƏRİBLİ