“Ola bilsin, onlar I və II foruma kimlərisə cəlb ediblər, lakin o insanlar bu tədbirə aldadılaraq gətirilib”
Müasir Ermənistan özünü nə qədər dünyaya “tolerant” “terror və genosid əleyhdarı” kimi təqdim etməyə cəhd göstərsə də, bu təqdimat onların öz əleyhinə işləyir. Ən azından, onlar bir sıra tarixi cinayətlərin törədicisi kimi bədnam bir ada malikdirlər.
Bir neçə gün əvvəl erməni mətbuatında Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyana istinadən məlumat yayılmışdı ki, 9-11 dekabr tarixlərində Ermənistanın paytaxtı İrəvan şəhərində “Soyqırım cinayətləri əleyhinə” adlı üçüncü qlobal forumun keçirilməsi planlaşdırılır. Lakin indi isə erməni KİV-ləri yazır ki, 9-11 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan “Soyqırım cinayətləri əleyhinə” adlı üçüncü qlobal forum təxirə salınıb. Bu barədə Ermənistanın Respublikaçılar Partiyası Şurasının sədri, müdafiə nazirinin sabiq müavini Artak Zakaryan məlumat verib. O, həmçinin, forumun təxirə salınmasında mövcud hakimiyyət və Xarici İşlər Nazirliyini günahlandırıb. Qeyd edib ki, 2015-ci ildə “ermənilərin genosidinin 100 illiyi” ilə bağlı “Soyqırım cinayətləri əleyhinə” adlı I forum keçirilib, 2016-cı ildə də II forum baş tutub və burada 60 ölkə təmsil olunub, ancaq indi hökumət III forumu keçirməyə icazə vermir.
Mövcud Ermənistan hökuməti hansı səbəbdən “Soyqırım cinayətləri əleyhinə” adlı üçüncü qlobal forumun keçirilməsini təxirə salıb?
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, bu tədbirin təxirə salınmasında şübhəli məqamlar çoxdur. “Bu tədbirin reallaşmasına hökumətin mane olması ortaya bir sıra məqamlar çıxarır. “Soyqırım cinayətləri əleyhinə” adlı üçüncü qlobal forumun keçirilməsinə mövcud Ermənistan hakimiyyətinin hansı səbəbdən icazə vermədiyi həqiqətən də ciddi maraq doğurur. Özü də bu maraq ötüb keçiləsi maraq deyil. Ermənilər 100 ildir bütün dünyaya “erməni genosidi” adlı uydurma bir akt təqdim edirlər. Halbuki, ermənilər tarixin heç bir dönəmində genosidə məruz qalmayıblar. Əksinə, onlar özləri türklərə, eləcə də Cənubi Qafqazda yaşayan bütün aborigen xalqlara, etnik qruplara qarşı soyqırım cinayətləri törədiblər. Ermənilərin Azərbaycanda, Gürcüstanda, Türkiyədə yerli əhaliyə qarşı həyata keçirdikləri soyqrım aktları bütün dünyaya məlumdur. Beynəlxalq ictimaiyyət yaxşı bilir ki, ermənilər genosidə məruz qalan yox, genosidlər törədən bir xalqdır. Odur ki, onların genosid əleyhinə hansısa bir tədbir keçirməsi, sadəcə, dünyanın gözünə kül üfürməkdir. Bilirsiniz, ola bilsin, onlar I və II foruma kimlərisə cəlb ediblər, lakin o insanlar bu tədbirə aldadılaraq gətiriliblər və onlar erməni xislətilə, erməni cinayətlərilə tanış olduqdan sonra bu tədbirə qatıldıqlarına təəssüf ediblər. Bu reallıqdır. Ermənilərin iç üzü açıldıqca, onların mənfur əməlləri ifşa edildikcə, beynəlxalq ictimaiyyət onlardan üz döndərir. Ermənistan hökuməti qorxub ki, “Soyqırım cinayətləri əleyhinə” adlı üçüncü qlobal forumun keçirilməsinə icazə versələr, bütün dünya onların özlərinin soyqırım törətdiklərini bəyan edər və nəticədə ermənilər tam ifşa olunarlar. Görünür, mövcud hakimiyyət bunu göz önünə alıb və o səbəbdən də tədbirin keçirilməsini təxirə salıb. Ermənilərin soyqırım əleyhinə tədbir keçirməsi, belə tədbirlərə evsahibliyi etmək iddiasında olması cinayətkarın “cinayətkarlıqla mübarizə”sinə bənzəyir. Cinayətkarın cinayətlə mübarizəsi nə qədər real görünürsə, ermənilərin də soyqırım əleyhinə olması da elə real görünür”.
Q.Hacıyev vurğuladı ki, erməni qaniçənlərinin əllərinin qanı hələ qurumayıb. Onların Xocalıda, işğal etdikləri digər Azərbaycan torpaqlarında törətdikləri soyqırım cinayətləri ermənilərin kimliyini ortaya qoyur. “Ermənilər tarixdə başqa xalqlara qarşı çox genosidlər törədiblər. Onlar ən qanlı cinayətlərindən birini 26 il əvvəl Xocalıda törədiblər. Xocalı soyqırımı törədən bir xalqın, cinayətkar rejimin “Soyqırım cinayətləri əleyhinə” adlı qlobal forum keçirməyə heç bir haqqı yoxdur” - deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA