“Siyasətçi Ermənistandakı müharibə ritorikasının, təbliğatının zəifliyindən narahatdır”
Nikol Paşınyanın rəhbərlik etdiyi “Mənim addımım” adlı seçki blokundan deputatlığa namizəd olan Sasun Makelyan Ermənistanın şəhərlərindən birində etdiyi seçkiqabağı təbliğat çıxışında maraqlı fikirlər səsləndirib. Paşinyanın rəhbəri olduğu seçki blokunda adı 7-ci sırada qeyd olunan həmin şəxs deyib: “Biz Dağlıq Qarabağda gedən müharibədə qələbə qazanmışıq. Mən tərəddüd etmədən deyə bilərəm ki, sizin dəstəyinizlə ölkəmizdə hazırda əldə olunan qələbə “Artsax” müharibəsindəki nailiyyətlərdən daha üstündür. Çünki həmin qələbəni lazımi şəkildə bizə dadmağa imkan verməyiblər. Bundan əvvəlki hakimiyyətlər bunu istəməyib. Hətta o dərəcədə pis siyasət yürüdüldü ki, bizim xalq Qarabağda niyə və nə üçün öldüyünün mahiyyətini də dərk edə bilmədi. Hazırda vaxt yetişib. O vaxt ki, biz etdiyimiz inqilabın sayəsində keçmişdə qazandığımız qələbələrin və gələcək uğurlarımızın mahiyyətini lazımınca dərk etmiş olacağıq”.
Göründüyü kimi, Paşinyanın yaxın silahdaşı Ermənistanda etdikləri “məxməri inqilab”ı Dağlıq Qarabağda qazanılan uğurlardan üstün sayır. Bu yanaşmanı nə ilə izah etmək olar?
Politoloq Vüqar Qədirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın silahdaşının verdiyi açıqlamada ciddi məqamlar var: “O, bir faktı qeyd edib ki, Paşinyan hakimiyyəti ələ keçirəndən sonra Ermənistanda millətçi əhval-ruhiyyə daha da artıb. Hətta şovinist fikirlərin səsləndirilməsi adi hala çevrilib. Sizin qeyd etdiyiniz şəxs iki məsələni yanaşı qoyur və müqayisə edir. Bəli, o deyir ki, ölkədəki “məxməri inqilab”ın rolu Dağlıq Qarabağda qazanılan uğurlardan daha önəmlidir. Ancaq fikir versək görərik ki, həmin adam ermənilərin müharibədə əldə etdikləri müvəqqəti uğurlardan da imtina etmir. Sadəcə, bu prosesləri sistemli şəkildə bir-birinə calayaraq, indiki məqamda inqilabın roluna daha böyük üstünlük verir. O demək istəyir ki, ermənilərin əldə etdiyi həmin uğurlar xalqa lazımınca aşılanmayıb. Yəni siyasətçi Ermənistandakı müharibə ritorikasının, təbliğatının zəifliyindən narahatdır. Deyir ki, xalq niyə və nə üstə öldüyünü lazımi şəkildə bilməyib və bunda keçmiş iqtidarları günahlandırır. S.Makelyan inqilabın rolunu ona görə yüksək tutur ki, hakimiyyətə gəlməsi real olan şovinist qüvvələr Dağlıq Qarabağ mövzusunda daha radikal olacaqlar. Xalqın beynini o istiqamətdə daha yaxşı “yuya” biləcəklər. Ermənistanın mövcud siyasi palitrasına baxın. Artıq “Sosna tsrer” kimi terrorçu bir qruplaşma parlamentin bir addımlığındadır. Hətta onların nüfuzu imkan verəcək ki, Paşinyandan bir neçə nazir portfeli də alsınlar. İndi təsəvvür edin ki, “Sosna tsrer”çilərin yanaşması Paşinyanın ətrafında bu gün deyilən nitqi söyləyənlərdən daha təhlükəli və avantürist məzmunlu olacaq. Bir sözlə, bütün bu yaşananlar sübut edir ki, Ermənistan daha təhlükəli bir mərhələyə qədəm qoyur. Onlardan konstruktiv nəsə gözləməyə də dəyməz. Əksinə, daha radikal yanaşmaların şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ