Dağlıq Qarabağ və ətraf rayonların işğalını davam etdirən Ermənistanın bu sahədə yaratdığı ən böyük problemlərdən biri də ekoloji amillə bağlıdır. Aparılan araşdırmalar bir daha təsdiq edir ki, işğal siyasəti fonunda erməni tərəfi zəbt olunmuş ərazilərdə əsl ekoloji terror siyasəti həyata keçirir. Məhz bunun nəticəsidir ki, ötən dövr ərzində işğal altındakı ərazilərimizdə fauna və floraya kifayət qədər ciddi zərər dəyib və bu proses davam etməkdədir.
Burada bir maraqlı məqamı da qeyd etmək lazım gəlir ki, zəbt olunmuş ərazilər təbii ehtiyatlarına görə bütövlükdə Ermənistan ərazisindən xeyli zəngindir. Amma hazırda, beynəlxalq hüquq normalarının əksinə olaraq, həmin yerlərdə erməni tərəfi genişmiqyaslı istismar siyasəti həyata keçirir və bununla Azərbaycana daha çox zərər vurur. Halbuki, ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibə davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Buna əsasən də dövlətlər silahlı münaqişələr zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidir. Lakin ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə, həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərin təbiətini viran qoyurlar. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də bildirir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə bölgənin ekoloji durumuna ciddi ziyan dəyib, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb, bölgənin təbii ehtiyatları davamlı istismara məruz qalıb. Araşdırmalara görə isə, hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərin 261 min hektar meşə sahəsi, o cümlədən qiymətli meşə sahələri, təbiət abidələri və pasportlaşmış 145 Şərq çinarı məhv edilib.
Eyni zamanda, bu ərazilərdə "Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsi, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət əraziləri, nadir biomüxtəliflik nümunələri məhv edilib. Azərbaycan Xarici İşlər Nazirliyi bu xüsusda bildirir:"İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz Ermənistan tərəfindən genişmiqyaslı çirklənməyə məruz qalır. Araz və Kür çaylarının qolları olan Oxçu çay və Ağstafa çayın Ermənistan tərəfindən kəskin çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb. Tərtər çayı üzərində inşa edilmiş və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarından işğalçı qüvvələr qış mövsümündə sahələrin su atında qalması, yay aylarında isə kəskin su qıtlığı yaratmaqla dağətəyi və aran hissədə məskunlaşan 400 min əhalini təhlükə altında saxlayır. Təsadüfi deyil ki, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edilib. Azərbaycan Respublikasının işğal altında saxlanan ərazilərində 163 faydalı qazıntı yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilir". O da qeyd olunur ki, işğal edilmiş ərazilərin təbii sərvətləri istismar edilən zaman ətraf mühit standartlarına riayət olunmur və nəticədə ətraf mühitə də ciddi zərər vurulur: "Beynəlxalq hüququn müvafiq müddəaları və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühit və təbii sərvətləri istismar edən Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafı və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyi bir daha bariz şəkildə nümayiş etdirir. Beynəlxalq ictimaiyyət, xüsusilə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətə və təbii ehtiyatların, ətraf mühitin istismarına bu və ya digər şəkildə fiziki və hüquqi şəxslərinin iştirakı ilə cəlb olunan ölkələr beynəlxalq hüququn ciddi pozulması halının davam etdirilməsinə hər hansı şəkildə yardım etməkdən çəkinməlidir".
Amma hazırda işğal faktını davam etdirən Ermənistan bu fonda zəbt edilmiş ərazilərdə ekoloji terror siyasətini dayandırmaq əvəzinə daha da genişləndirir. Ekspertlər isə hesab edir ki, bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar daha çox mənimsənilir. Dağlıq Qarabağdakı separatçı qurum isə işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşır.
İşğal latındakı ərazilərdə ekoloji sahədə digər bir problem isə düşmən ölkənin hərbi qüvvələrinin hər il törətdiyi genişmiqyasıl yanğınlardır. Məlumdur ki, hər ilin müvafiq dövründə erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə mütəmadi olaraq od vurularaq yandırılır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurur. Aparlıan hesablamalar göstərir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, böyük miqyasda meşə sahələri yanaraq məhv olub. Eyni zamanda, bu səbəbdən torpağın üst münbit qatı yararsız hala düşüb. Halbuki, BMT Baş Assambleyası tərəfindən 5 noyabr 2001-ci il tarixdə qəbul edilmiş 56/4 saylı bəyannamədə BMT Nizamnaməsinin 4-cü fəslinin bəndinə istinadən bildirilir ki, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində güc təhdidlərindən və istənilən dövlətin ərazi toxunulmazlığına və uyğun olaraq onun təbii ehtiyatlarına qarşı güc tətbiqindən uzaq durmalıdır. Lakin digər beynəlxalq hüquqi sənədlərə məhəl qoymayan Ermənistan bu beynəlxalq hüquq normasına da əməl etməkdən yayınır. Bu fonda hesab edilir ki, vəziyyət bu şəkildə davam edərsə, Azərbaycanın həm işğal faktına, həm də burada törədilən ekoloji terrora son qoymaq üçün güc tətbqindən başqa çıxış yolu qalmayacaq. Eyni zamanda bu, zəbt edilmiş torpaqlarda maddi mədəniyyət abidələrinin məhv edilməsinin qarşısının alınması baxımından da çox önəmlidir.
Mədəniyyət Nazirliyinin məlumatına görə, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi kimi tarix və mədəniyyət abidələri qalıb. Amma Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. Bunun nəticəsidir ki, həmin maddi mədəniyyət nümunələrinin çoxu məhv edilib. Digər tərəflən, zəbt olunan ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Bu muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Şuşa və Kəlbəcər rayonunun Tarix muzeyləri, Ağdam rayonunun dünyada nadir olan Çörək Muzeyi, Qubadlı tarix-diyarşünaslıq muzeyi, Zəngilan rayonunun tarix-diyarşünaslıq muzeyi, daş abidələr muzeyində baş verənlər bunun təsdiqidir. Bu muzeylərin, demək olar ki, heç birini xilas etmək, köçürmək mümkün olmayıb. Elə bundan istfiadə edən ermənilər həmin muzeyləri tam şəkildə viran edib.
Beləliklə, Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyan vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulub. O da təəssüf doğuran faktdır ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyil. O baxımdan ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri sayılır. Onu da qeyd edək ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir. 16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, 14 may 1954-cü il tarixli "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası, 19 dekabr 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir. İndi əsas məsələ bu beynəlxalq hüquq normalarının işə salınmasıdır. Vəziyyət indiki şəkildə qalmaqda davam edərsə, Azərbaycan bu və digər hüquqların təmin edilməsini güc yolu ilə həyata keçirmək məcburiyyətindədir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.