Ukrayna və Rusiya arasında vəziyyət yenidən son dərəcə gərginləşib. Buna səbəb isə Rusiyanın Ukraynanın hərbi gəmilərini saxlamasıdır.
Qeyd edək ki, Böhran Rusiyanın Ukrayna gəmilərini qeyri-qanuni yollarla sulara daxil olmaqda günahlandırması ilə başlayıb.
Səhər saatlarında Ukraynanın "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Odessanın Qara dəniz limanından Kerç Boğazı vasitəsilə iki ölkənin paylaşdığı Azov dənizindəki Mariupola getməyə çalışıb. Ukrayna bildirir ki, Rusiya gəmiləri dayandırmağa çalışıb.
Gəmilər Azov dənizinə yeganə çıxış olan Kerç Boğazına doğru üzməyə davam edib, ancaq rusların körpünün altına yerləşdirdikləri bir tanker tərəfindən qarşıları alınıb.
Rusiya əraziyə iki döyüş təyyarəsi və iki vertolyot göndərib. Rusiya gəmiləri sulara qeyri-qanuni yollarla girməkdə günahlandırır və hərəkətin təhlükəsizlik səbəbindən dayandırıldığını söyləyir.
Daha sonra Ukrayna donanması bölgədən çıxmağa çalışdıqları üçün gəmilərin vurulduğunu və sıradan çıxarıldığını, altı ekipaj üzvünün yaralandığını deyib. Daha sonra Rusiyanın Federal Təhlükəsizlik Bürosu patrul gəmilərindən birinin üç Ukrayna gəmisini ələ keçirmək üçün güc tətbiq etdiyini təsdiqləyib, ancaq yalnız üç dənizçinin yaralandığını söyləyib.
Ukrayna gəmilərinin dənizdən Mariupola hərəkət planı barədə Rusiyaya xəbər verdiyini bildirir.
Hərbi insidentdən sonra iki ölkə arasında hərbi qarşıdurma vəziyyəti yaranıb. Ukraynada hərbi vəziyyətin elan olunub. Ukrayna Prezidenti Petro Poroşenkonun bununla bağlı fərmanında qeyd olunur ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının "Ukraynanın dövlət suverenliyinin və müstəqilliyinin təmin edilməsi və Ukraynada hərbi vəziyyətin tətbiqi üzrə təcili təbdirlər haqqında" qərarı 2018-ci il noyabrın 26-dan qüvvəyə minsin.
Ukrayna Prezidenti hərbi vəziyyətin tətbiqi ilə bağlı sənədi təsdiq olunması üçün Ali Radaya göndərib.
Poroşenko bundan əvvəl bu addımın müharibə bəyannaməsi olmadığını vurğulayıb: "Ukrayna heç kimə qarşı mübarizə etməyi planlaşdırmır".
Ukraynanın Xarici İşlər Nazirliyi ölkənin özünü müdafiə etmək hüququnu özündə saxladığını bəyan edib. Rusiyanın Ukraynada yeni bir Gürcüstan ssenarisini tətbiq etməsinə imkan verilməyəcəyini ifadə edən Kiyev, Rusiyanın quru və dənizdə də bənzər addımları atacağının istisna edilmədiyini bildirib. Ukrayna ordusu və Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Rusiyanın Xarici İşlər Nazirliyi isə, Kerç boğazında insidentin əvvəlcədən Ukrayna, ABŞ və Avropa Birliyi tərəfindən planlaşdırıldığını iddia edib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kerç boğazında baş verənlər olduqca təhlükəli təxribatdır və bu ciddi araşdırmaların aparılmasını tələb edir: "Söhbət çox təhlükəli təxribatdan gedir. Təbii ki, məhz buna görə, o, ciddi diqqət və araşdırma tələb edir".
“Reuters” agentliyi Rusiyameylli separatçıların nəzarətindəki Donetsk bölgəsində də gərginliyin yarana biləcəyilə bağlı xəbərlər yayıb. AP agentliyi isə, Ukraynanın şərqində naməlum istiqamətə hərəkət edən tankların görüntülərini yayıb.
Rusiya və Ukrayna arasında 2003-cü ildə imzalanmış müqavilə, iki ölkə gəmilərinin regionda sərbəst şəkildə hərəkət edə bilməsinin yolunu açıq. Ancaq Rusiya son vaxtlar Ukraynanın limanlarına girib-çıxan gəmiləri yoxlamağa başlayıb. Bu ayın əvvəlində AB məsələ ilə bağlı tədbirlər görəcəyini açıqlayıb.
Rusiyanın Ukrayna gəmilərinə əl qoyması Qərbin də sərt reaksiyasına səbəb olub. NATO Kerç boğazında gərginliklə əlaqədar fövqəladə iclas çağırıb. Rusiya və Ukraynanın tələbilə BMT Təhlükəsizlik Şurasının da iclası çağırılıb.
AB rəsmisi Donald Tusk beynəlxalq ictimaiyyətin Ukraynanın yanında olacağını bəyan edib: "Rusiyanın Azov Dənizindəki zorakılığını pisləyir".
AB Rusiyadan Ukrayna gəmilərini və dənizçiləri geri qaytarmağa çağırıb. Avropa Birliyindən dərhal sonra Fransa da Rusiyaya çağırış edib. Polşa isə Rusiyaya daha sərt sanksiya tətbiq etməyə çağırıb.
Tahir TAĞIYEV