Ramil Hüseynov: “Bu kimi tələblərlə Rusiya ilə Türkiyə arasında imzalanan və ratifikasiya olunan müqavilələri ləğv etmək mümkün olmayacaq”
Son vaxtlar Rusiya-Ermənistan münasibətlərində yaşanan soyuqluq müxtəlif sahələrdə özünü büruzə verir. Bu həm siyasi, həm də iqtisadi sferada özünü göstərir.
Erməni mətbuatının yazdığına görə, Ermənistanın Avropa Partiyası və "Azad İnformasiya" İctimai Birliyi noyabrın 29-da Rusiyanın bu ölkədəki səfirliyi qarşısında aksiya keçirəcəklər. Belə ki, onlar 29 noyabr 1920-ci ildə bolşeviklərin Ermənistanda hakimiyyəti ələ keçirəndən sonra Rusiya ilə Türkiyə arasında 1921-ci ilin martında imzalanan Moskva müqaviləsinin ləğvini istəyirlər. Onlar iddia edirlər ki, guya 1921-ci ilin martında imzalanan müqavilə dünyada tanınmadığı üçün hüquqi əısası yoxdur. Bununla yanaşı, ermənilər 29 noyabr 1920-ci ilin Ermənistanın müasir tarixində ən utancverici gün olduğunu iddia edirlər.
Məlumat üçün qeyd edək ki, Türkiyənin bir sıra vilayətlərinin onlara verilməsi tələbilə çıxış edən ermənilər bəzi uydurma iddialarla çıxış edirlər. İddia edirlər ki, Ermənistan SSR keçmiş SSRİ-nin bir hissəsi olub və dünyada heç bir ölkə tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Ermənistan və Türkiyə arasındakı hazırda mövcud olan sərhədlər isə keçmiş SSRİ və Türkiyənin sərhədləridir. Lakin müasir Ermənistan özünü Ermənistan SSR-in yox, 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının hüquqi varisi hesab etdiyi üçün, iddia edir ki, Türkiyə və Ermənistanın de-yure sərhədləri SSRİ və Türkiyə arasında bağlanmış 23 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə əsasən yox, (Rusiya SFSR, Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR və Türkiyə Böyük Millət Məclisi arasında), ABŞ Prezidenti Vudro Vilsonun I Dünya Müharibəsi başa çatdıqdan sonra təklif etdiyi və Türkiyə daxil olmaqla, Fransa, İngiltərə, İtaliya, Yaponiya kimi dövlətlərin tanıdığı və 10 avqust 1920-ci ildə imazalanmış Sevr müqaviləsinə əsasən müəyyən edilməlidir.
Lakin ermənilərin bu iddiaları tarixi faktları öz xeyrlərinə saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil. Bununla bağlı yetərincə tutarlı dəlilə dayanan faktlar var.
Maraqlıdır, ekspertlər noyabrın 29-da Rusiyanın Səfirliyi qarşısında keçiriləcək aksiyanı necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, baş verənlər indiki dövrdə təsadüfi deyil: “Heç kəsə sirr deyil ki, yarıaçıq, yarıgizli Ermənistan-Rusiya münasibətlərində soyuqluq yaşanır. Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra Paşinyanın baş nazir olması Moskvanın maraqlarına cavab vermir. Çünki Ermənistanda 20 il hakimiyyətdə olan Qarabağ klanı Rusiyanın maraqlarından çıxış edib. Artıq neçə vaxtdır situasiya dəyişib və çox güman ki, dekabrın 9-da Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyan böyük üstünlüklə qalib gələcək. Seçki ərəfəsində Ermənistanda bəzi partiyaların Rusiyanın İrəvandakı Səfirliyi qarşısında belə bir aksiya keçirmək istəyi təsadüfi deyil. Məlum aksiya bu ölkədəki hazırkı hakimiyyətin anti-Rusiya ovqatından irəli gəlir. Hesab edirəm ki, məlum aksiya baş tutsa. Bu, Moskva-İrəvan münasibətlərinə mənfi təsir göstərəcək. Zatən, iki ölkə arasında münasibətlər yaxşı deyil. Təbii ki, bu kimi tələblərlə Rusiya ilə Türkiyə arasında imzalanan və ratifikasiya olunan müqavilələri ləğv etmək mümkün olmayacaq. Sadəcə ermənilər, kim olmağından asılı olmayaraq, havadarlarına belə xəyanət etməyi bacarırlar. Ermənilər fikirləşirlər ki, onlar Rusiyadan istədiklərini alıblar. Söhbət Azərbaycan ərazilərinin işğalından gedir. Ona görə də indi artıq onlara Rusiya lazım deyil. İndi Ermənistana Qərbin sərmayəsi lazımdır. Bütün bu oyunlarda bundan irəli gəlir”.
Vidadi ORDAHALLI