Samir Adıgözəlli: “Çünki təkcə son 100 illik tarixi götürsək, onların bizə qarşı bir neçə dəfə soyqırım törətdikləri sübut olunar”
Uğursuz Frankofoniya tədbirindən sonra ermənilər daha bir qlobal mahiyyətli tədbirə evsahibliyi etmək istəyirlər. 9-11 dekabr tarixlərində Ermənistanın paytaxtı İrəvan şəhərində “Soyqırım cinayətləri əleyhinə” adlı üçüncü qlobal forumun keçirilməsi planlaşdırılır.
Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin sözcüsü Anna Naqdalyan verib. Bildirilir ki, forumun məhz 9 dekabr tarixində start götürməsi soyqırımların qadağan olunması və onlara görə cəzaların verilməsinə dair beynəlxalq konvensiyanın qəbul olunmasının 70 illiyinə təsadüf edir. Tarixdə ən dəhşətli soyqırımları törədən bir ölkə olan Ermənistanın bu adda qloabal tədbirə evsahibliyi etməsi nə ilə bağlıdır?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, çox acınacaqlı durumda olan Ermənistan belə tədbirləri keçirməklə göz qamaşdırmaq istəyir: “Fikir verin, bir müddət əvvəl orada Frankofoniya adlı tədbir keçirildi. Tədbirin başlıca mahiyyəti birgəyaşayışı, tolerantlığı təbliğ etməkdən ibarət idi. Paradoks yaranır. Ermənistan özündə olmayanları dünyaya təbliğ etmək istəyir. Bilirsiniz ki, onlar yürütdükləri işğal siyasətinə görə ölkələrini monoetnik ediblər. Belə bir ölkənin multikultural dəyərlərdən danışması absurddur. Və ya götürək sizin qeyd etdiyiniz tədbiri. “Soyqırım” adını Ermənistan əlində bayraq edib. Həm bununla dilənçilik edib ianələr toplayır, həm də ölkələri şantaj edir. Buna bir qədər də beynəlxalq rəng qatmaqla özünü bəşəriyyət əleyhinə olan cinayətlərə qarşı olan ölkə kimi gözə soxmaq istəyir. Ermənilərin dünya miqyasında soyqırımdan danışmağa haqları yoxdur. Çünki təkcə son 100 illik tarixi götürsək, onların bizə qarşı bir neçə dəfə soyqırım törətdikləri sübut olunar. 1918-ci ilin mart qırğınlarını, sonrakı illərdə soydaşlarımızın öz ata-baba yurdlarından məcburi köçürülməsi zamanı baş verən kütləvi qırğınları və ən başlıcası isə, 1992-ci ildə baş verən Xocalı soyqırımını göstərə bilərik. Bir sözlə, ermənilər özlərinin etdikləri cinayətləri ört-basdır etmək üçün belə üsullara əl atırlar. Sözügedən tədbirə beynəlxalq adının verilməsi bizi çaşdırmasın. Çünki bundan əvvəl də həmin forum iki dəfə İrəvanda keçirilib. Yəni layihənin təşəbbüskarı Ermənistanın özüdür. Məndə olan məlumata görə, Paşinyan hakimiyyəti bu il həmin forumun keçirilməsini əngəlləmək istəyir. Hətta bununla bağlı hakimiyyət daxilində ziddiyyətli mövqelərin olduğu bildirilir. Yəqin ki, forumu təxirə salmaqla, özlərini növbəti biabırçılıqdan xilas etmək istəyirlər. İstənilən halda, bu, Ermənistana hansısa müsbət dividendi vəd etmir”.
Məhəmmədəli QƏRİBLİ