Buludxan Xəlilov: “Hər iki şəxsiyyət xalqımızın övladlarıdır və onların adlarını daşıyan aeroportdan istifadə etmək hər bir azərbaycanlıya sevinc, qürur hissi gətirəcək”
Məlum olduğu kimi, Rusiyanın hava limanlarına dahi rusiyalıların adlarının verilməsi məsələsi ictimai rəy sorğusuna təqdim edilib. Bu ölkənin 45 hava limanına kimlərin adlarının verilməsi ciddi müzakirə edilir.
Təqdim edilən adlar siyahısında iki azərbaycanlının da adı var. Bunlardan biri keçmiş SSRİ-nin qaz sənayesi naziri olmuş Sabit Orucov, o birisi isə Azərbaycan və Rusiya geoloqu Fərman Salmanovdur. Rusiyanın Tümen vilayətinin “Novıy Urenqoy” aeroportuna Sabit Orucovun, “Nijnevartovsk” və “Surqut” hava limanlarından birinə isə Fərman Salmanovun adlarının verilməsi təklif olunub.
Noyabrın 12-də Rusiya hava limanlarına dahi rusiyalıların adlarının verilməsinə dair əhali arasında keçirilən rəy sorğusu başa çatıb. Tümen vilayətində aeroportlara digər tanınmış şəxslərlə yanaşı, Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanovun, keçmiş SSRİ-nin qaz sənayesi naziri olmuş Sabit Orucovun adlarının verilməsi ilə bağlı təklifin reallaşacağına inanan Azərbaycan Dövlət Pedaqoji Universitetinın filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, hər iki şəxsiyyətin adının əbədliləşdirilməsi vacibdir. Onun fikrincə, Rusiyada səsvermədə iştirak edən ictimaiyyət nümayəndələri bu ölkənin həyatında mühüm rol oynayan hər iki şəxsiyyətin adının bu şəkildə əbədiləşdirilməsinə “yox” deməyəcəklər. “Fərman Salmanovun fəaliyyəti bütün Rusiya əhalisinə məlumdur. Keçmiş SSRİ tərkibində olan bütün respublikalarda bu böyük azərbaycanlının gördüyü işlər hər zaman qiymətləndirilib. Sabit Orucovun da bir nazir kimi fəaliyyəti çox faydalı olub. Düşünürəm ki, onların adlarının əbədiləşdirilməsi vacibdir və bu onların haqqıdır. Onlar bir azərbaycanlı kimi öz milli xüsusiyyətlərini hər zaman qoruyublar və eyni zamanda da öz fəaliyyətlərində sədaqət nümayiş etdiriblər. Belə nüfuzlu bir rəy sorğusunda iki böyük Azərbaycan oğlunun adının müzakirəyə çıxarılması bizi qürurlandırır. Fikrimcə, rəy sorğusunda iştirak edən rusiyalılar Fərman Salmanov və Sabit Orucovun adlarının sözügedən hava limanlarına verilməsinə “yox” deməyəcəklər. Ən azından, onların Rusiyanın həyatında çox mühüm rolları olub”. B.Xəlilov qeyd etdi ki, bu həm də Rusiya-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Rusiyada yaşayan azərbaycanlıların da rəy sorğusunda aktiv iştirak etdiyinə əmin olan professor B.Xəlilov hesab edir ki, Azərbaycan KİV-ləri, internet istifadəçiləri də bu sahədə təbliğatını davam etdirməlidir. “Hər iki şəxsiyyət xalqımızın övladlarıdır və onların adlarını daşıyan aeroportdan istifadə etmək hər bir azərbaycanlıya sevinc, qürur hissi gətirəcək. Hər dəfə onların adları çəkiləndə sərnişinlər bu şəxsiyyətlərin milli kimliyi, fəaliyyətilə maraqlanacaqlar. Əlbəttə, iki böyük azərbaycanlının adları daha da məşhurlaşacaq. Müasir rusiyalılar da onları tanıyacaq” - deyə B.Xəlilov qeyd etdi.
Bildirək ki, Rusiyada aeroportlara dahi rusiyalıların adlarının verilməsinə dair səsvermənin nəticələri dekabrın 5-də elan olunacaq.
İradə SARIYEVA