Yeganə Hacıyeva: “Ermənistanın xarici siyasət kursunda anti-Rusiya xətti hiss ediləcək və Qərbə meyl güclənəcək”
Ermənistanda siyasi partiyaya çevrilmiş "Sosna tsrer" qruplaşmasından olan terrorçular böyük siyasətə qədəm qoyurlar. Bu yaxınlara kimi fəaliyyəti qadağan olunan bu təşkilatın qarşıdan gələn parlament seçkilərində böyük səsə sahib olmaq şansı var.
Maraqlıdır ki, “Sosna tsrer” açıq formada anti-Rusiya mövqeyində olduğunu bəyan edir, hətta bəzi radikal fikirlər belə sələndirir. Onlar, ümumiyyətlə, "Rusiyanı Ermənistandan qovmaq" arzusunda olduqlarını bildirirlər. Onlar Rusiya ilə münasibətlərdə mövcud "regional güclərdən biri" strategiyasının xarakterinin sıraviyə qədər azaldılmasında, Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən çıxması və Rusiyanın hərbi bazasının Ermənistan ərazisindən çıxarılması istiqamətində münasibətlərə yenidən baxılmasında israr edirlər.
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi əvvəlki hakimiyyət vaxtı da gözə çarpırdı. Amma Nikol Paşinyanın dövründə bu ikiqat çiçəklənib.
Analitiklərin hesablamalarına görə, seçkilərdə “Sosna tsrer”in böyük uğur qazanacağı proqnozlaşdırılır, onların hətta Paşinyanla hakimiyyət ortağı ola biləcəyi gözlənir. Belə olacağı təqdirdə, Ermənistanın gələcək xarici siyasət kursunu necə proqnozlaşdırmaq olar?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, belə hadisə Ermənistanın tarixində ilk dəfə deyil ki, baş verir: “Əslində “Sosna tsrer” bir terror təşkilatıdır. Ermənistan hakimiyyəti bundan əvvəlki hesabatlarında həmin qrupu terrorçu kimi göstərib. İndi onun siyasiləşməsi həmin qruplaşmanın mahiyyətini dəyişmir. Bununla Paşinyan rəqibləri üzərindəki təsir mexanizmlərini gücləndirmiş olur. Terrorçu qrupu parlamentə buraxmaqla, Paşinyan lazım olan dairələri onların əli ilə təhdid etməyi düşünür. Eyni yolu daşnaklar da keçib. Onların da fəaliyyətinin əsası terrorla qoyulub. Daşnaklar hətta ermənilərin özünə də qarşı sərt davranıblar, öz millətindən olanları da terrora məruz qoyublar. Bundan Azərbaycan üçün fayda ola bilər. Çünki bəzi hesabatlarda Azərbaycanın guya din altında pərdələnərək sərt davrandığını vurğulayırlar. Əsasən belə işləri erməni lobbisinin əli ilə edirlər. Təqdimatda belə edilir ki, guya ölkəmizdə dini azadlıqlar təqib edilir. İndi biz “Sosna tsrer” faktından məharətlə istifadə edə bilərik. Tam şəkildə iddia edə bilərik ki, Ermənistan hakimiyyəti terrorçulardan təşkil edilir. Təbii ki, onlara geniş fəaliyyət imkanını Paşinyan yaradır. Çox güman onları koalisiya ortağı da edəcək ki, Rusiyaya qarşı atılan sərt addımları sabiq terrorçuların adı ilə bağlasın. Bir növ, özü üçün də balans yaratmış olacaq. Parlamentin dediyimiz əsaslarla formalaşacağı təqdirdə Ermənistanın xarici siyasət kursunda anti-Rusiya xətti hiss ediləcək və Qərbə meyl güclənəcək. Bütün bunları Rusiya maraqla izləyir və inanmıram ki, bu cür ciddi məsələyə reaksiyasız qalsın. Çox güman ki, Paşinyanın belə üsullarla Rusiyadan qopma cəhdləri asan həyata keçməyəcək. Bütün bunların fonunda, Azərbaycan üçün yaxşı şanslar yaranmış olacaq”.
Məhəmmədəli QƏRİBLİ