Məhəmməd Əsədullazadə: “Moskva artıq Paşinyana diasporla bağlı öz mesajını verdi”
“Hayastan” Fondunun Los-Ancelesdə keçirdiyi illik telemarafon Ermənistanda yeni söz-söhbətin yaranmasına səbəb olub. Belə ki, bu il keçirilən telemarafon əvvəlki dövrlərdən xeyli fərqlənib. Məsələ ondadır ki, builki tədbirdə Rusiyadakı diaspor nümayəndələrindən heç bir ianə verilməyib. Ən böyük ianələr İran, Avropa və ABŞ-dakı diaspor nümayəndələri tərəfindən bağışlanıb.
Builki telemarafonda toplanan yardım, əslində, son 10 ilin ikinci ən aşağı maliyyə yardımı olub. Son 12 il ərzində telemarafonlar zamanı toplanan maliyyə yardımları, ümumilikdə, 220 milyon dollar təşkil edib. Ümumiyyətlə, telemarafonda ən az maliyyə yardımı (10,4 milyon dollar) 2015-ci ildə - Rusiyaya qarşı sanksiyaların ən kəskin olduğu və neft qiymətlərinin həddən artıq ucuzlaşdığı vaxtda olub.
Rusiyadakı erməni diasporunun daha nüfuzlu nümayəndələri telemarafonda praktik olaraq 2008-ci ildən iştirak etməyə başlayıblar. Serj Sarkisyanın hakimiyyətə gəldiyi dönəmə düşən bu tarixdə dünyanın ən varlı ermənisi sayılan Samvel Karapetyan və onun de-fakto nəzarətində olan erməni iş adamları fonda aktiv pul yardımları ediblər. Məhz onların yardımı nəticəsində Xankəndidə bir sıra layihələri həyata keçirmək mümkün olub. Təsadüfi deyil ki, ən böyük ianə də məhz 2008-ci ildə toplanıb. Belə ki, bu tarixdə ermənilər 35 milyondan çox pul toplaya biliblər. Bir çox erməni ekspert belə böyük ianənin məhz 1 mart qırğınlarının yaddan çıxarılması və Rusiyanın imicinin yaxşılaşması üçün toplandığını iddia ediblər. Bu yardımlar Rusiya ermənilərinin Ermənistandakı nüfuzunu artırmaqla bərabər, onların hakimiyyətə nəzarəti yüksəltmələrinə də səbəb olub.
Görünür, bu ilin aprelində Ermənistanın sabiq prezidenti S.Sarkisyanın baş nazir ola bilməməsi və Qərbə meyl edən Nikol Paşinyanın baş nazir olması sözügedən məsələyə öz təsirini göstərib. Yoxsa belə olmasaydı, Rusiyadakı erməni mənşəli oliqarxlar telemarafonda fəal iştirak edərdilər.
Maraqlıdır, bəs ekspertlər Rusiyadakı diaspor nümayəndələrinin telemarafona ianə verməməsini nə ilə əlaqələndirirlər?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə bunu bir sıra amillərlə əlaqələndirdi: “Məlum olduğu kimi, Ermənistan diasporun maliyyə dəstəyi ilə ayaqda durur. Müxtəlif ölkələrdə yaşayan ermənilər ildə bir dəfə telemarafon təşkil edib, Ermənistana və Dağlıq Qarabağdakı separatçı quruma maliyyə yardımı ayırırlar. Bu maliyyə Ermənistan üçün həyatı əhəmiyyət kəsb edir. Hər il bu maliyyə hesabına Ermənistanda sosial ödənişlər və digər sahələrdə işlər həyata keçirilir. Qeyd edim ki, Ermənistanda iqtisadi inkişafın olmaması, hər il orada vəziyyətin ağırlaşması artıq disaporun da bu ölkəyə yardımlarını azaldıb. Çünki hakimiyyət bu maliyyənin çoxunu oğurlayır və həmin vəsaiti təyinatı üzrə xərcləmir. Builki telemarafonda Rusiyadan maliyyə dəstəyinin olmaması əsasən Kremlin tapşırığı idi. Çünki Paşinyana qarşı Rusiya müəyyən siyasət həyata keçirir. Onun dəyişdirilməsini və devrilməsini özündə ehtiva edən bu planın bir hissəsi də Rusiyada diasporun Paşinyana vəsait ayırmamasıdır. Paşinyana bu vəsait köçürülsəydi, o zaman erməni diasporun nümayəndələri Putinin qəzəbinə tuş gələ bilərdilər. Hesab edirəm ki, bundan sonra Paşinyana Rusiyadan pul köçürmələri həyata keçirilməyəcək. Rusiyada olan erməni iş adamları Ermənistana investisya yatırmayacaqlar. Bu da ölkədə iqtisadi vəziyyətə mənfi təsir edəcək. Moskva artıq Paşinyana diasporla bağlı öz mesajını verdi. Diasporun fəaliyyəti Rusiyada artıq Paşinyana qarşı yönələcək. Rusiya Ermənistana yeni ildən sonra təzyiqləri artıracaq”.
Vidadi ORDAHALLI