Fikrət Sadıqov: “Azərbaycan Avropa üçün vacib tərəfdaş ölkədir”
Məlum olduğu kimi, 10-12 dekabrda Gürcüstanın paytaxtı Tiflisdə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik Məclisi keçiriləcək. Ancaq məlum olub ki, “Şərq Tərəfdaşlığı” himayəsi altında keçiriləcək tədbirə Azərbaycan Hökumətinin nümayəndələri dəvət edilməyiblər.
Halbuki, “Şərq Tərəfdaşlığı"nda dəyişikliklər vaxtı: biz öhdəsindən gəlirikmi?" mövzusunda müzakirələrdə Ukrayna baş nazirinin müavini İvannı Klimpuş-Sintsadzenin, Moldova baş nazirinin müavini Yuri Lyankenin, Belarus xarici işlər nazirinin müavini Oleq Kravçenkonun və Ermənistan xarici işlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Mnatsakanyanın çıxışları nəzərdə tutulub.
Məlumata görə, Rəsmi Bakının iştirakı Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi səviyyəsində olacaq. Bundan başqa, Azərbaycan diplomatı iclasda müşahidəçi statusunda iştirak edəcək.
Bununla yanaşı, o da bildirilir ki, keçiriləcək tədbirin yekun bəyannamə layihəsində Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması öz əksini tapacaq. Ancaq Dağlıq Qarabağla bağlı analoji yanaşmanın olmadığı deyilir.
Halbuki, Məclisin əvvəlki illərdəki yekun sənədlərində “Şərq Tərəfdaşlığı” layihəsində iştirak edən bütün dövlətlərin ərazi bütövlüyünə mütləq dəstək ifadə edilirdi.
Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə kəskin münasibət bildirib və bunun araşdırıldığını qeyd edib.
Ancaq Aİ-nin Azərbaycan nümayəndəliyi baş verənlərlə razılaşmayıb. Nümayəndəlik bildirib ki, dəvətlilər içərisində Azərbaycan da var. Lakin nümayəndəlik Azərbaycanın hansı səviyyədə dəvət olunmasına aydınlıq gətirməyib. Bütün hallarda, Azərbaycan kimi vacib ölkəyə bu cür münasibət anlaşılan deyil.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” Aİ-nin altı postsovet ölkəsi -Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Moldova və Gürcüstanla Avropa İttifaqının inteqrasiya əlaqələrinin inkişafı üçün yaradılmış xüsusi layihəsidir.
Maraqlıdır, ekspertlər Aİ-nin sərgilədiyi bu cür biganə yanaşmanı necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, həqiqətən Aİ-nin belə münasibəti varsa, o zaman bu qəbuledilməzdir: “Sözügedən siyahıda Azərbaycan yoxdursa, bu düzgün bir addım deyil. Belə bir hərəkətə qarşı biz cavab addımı atmalıyıq və öz etirazımızı bildirməliyik. Çünki Azərbaycan Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına üzvüdür. Belə olan halda, niyə Azərbaycan kənarda qalmalıdır? Ya bu kiminsə səhvidir, ya da hansısa siyasi qrup bunu qəsdən edir. İstənilən halda, belə hal varsa, bu qəbuledilməzdir və buna aydınlıq gətirilməlidir. Ona görə də Aİ-dəki dairələrə təzyiq etməliyik. Onlara anlatmalıyıq ki, Azərbaycan Avropa üçün vacib tərəfdaş ölkədir. Azərbaycan sözügedən proqramda təmsil olunursa, o zaman digər üzv ölkələrə göstərilən münasibət bizə də göstərilməlidir və bizimlə hesablaşmalıdırlar. Çünki biz bu proqramda iştirak ediriksə, o zaman bizim maraqlarımızı nəzərə almalıdırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın enerji təminatı ilə bağlı böyük işlər həyata keçirir. Gələn il Azərbaycan qazı Avropa bazarına çıxarılacaq. Həmçinin, Azərbaycan Avropa ilə Asiyanı birləşdirəcək nəqliyyat xətlərinin üzərində yerləşir. Regionda böyük əhəmiyyətə malik olan nəqliyyat layihələri reallaşdırılır və bütün bunlarda Azərbaycan başlıca rola malikdir. Sözügedən sahədə görülən bu işlərə böyük töhfələr verir. Belə olan halda, Aİ borcludur ki, Azərbaycanın maraqlarını nəzərə alsın”.
Vidadi ORDAHALLI