Akif Nağı: “Təbii ki, hər üç ölkənin terrorçuların başçısına qucaq açması bir daha sübut etdi ki, həmin ölkələrdən neytral barışdırıcı çıxmaz”
Erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Bako Saakyan Rusiya Federasiyasına səfər edib.
Son bir ayda B.Saakyanın seçdiyi səfər trayektoriyasında maraqlı detallar nəzərə çarpır. Vaşinqton, Paris, indi də Moskva. Qarabağda qanunsuz rejimin, silahlı quldur dəstələrinin “rəhbəri” Minsk Qrupu həmsədrləri olan dövlətləri gəzir, rəsmi dövlət nümayəndələri ilə görüşür. Həmin ölkələrə edilən hər bir səfərlə bağlı Azərbaycan rəsmi etirazını bildirdi. Amma digər həmsədr ölkələr bu narahatlıqdan nəticə çıxarmaq əvəzinə, özündən əvvəlkinin kobud səhvini təkrar edib, separatçıların “başçısına” qucaq açdılar.
Azərbaycan Xarici İşlər Nazirliyi Saakyanın Rusiya səfərinə də kəskin reaksiya verib. Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir: “Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də “Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini” əks etdirən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir.
Qanunsuz qurumun “rəhbərinin” ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”.
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürən üç ölkənin hər birinin separatçıların liderinə göstərdikləri bu yersiz münasibət onların tərəfsiz reputasiyasına necə təsir göstərir?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, Saakyanın məhz ATƏT-in Minsk Qrupu həmsədrliyində təmsil olunan ölkələrə ard-arda səfəri bir daha təsdiq edir ki, separatçılara elə dəstək verən həmin ölkələrin özləridir: “Onlar özlərinə çıxış yolunu bunda tapırlar ki, guya Saakyan dövlət rəsmiləri ilə görüşmür. Bu, yalnız üzdə olan tərəfidir. Arxada onu rəsmilər də qəbul edirlər. Bilirsiniz ki, həmsədrlərin sevimli terrorçusu, separatçısı B.Saakyan Fransa və ABŞ-dan sonra indi də Rusiyaya səfər edib. Bu sevginin kökündə nə dayanır? Terrorist Bakonu bu ölkələrdə hansı pasportla, hansı ölkənin vətəndaşı kimi qəbul edirlər? Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq, bir daha Rusiya, ABŞ, Fransa rəhbərliyinin bu hərəkətlərini lənətləyir və terrorçulara, separatçılara qucaq açmaq kimi dəyələndiririk. Hesab edirik ki, Azərbaycan dərhal Qarabağda antiterror, azadlıq müharibəsinə başlamalıdır. Müharibəni başlayandan sonra Ermənistan rejiminin rəhbərləri, onların Qarabağdakı lidercikləri qoy kimin yanına qaçırlarsa qaçsınlar. Eyni zamanda, Azərbaycan həmsədr ölkələrin bu davranışlarını əsas gətirib, ya həmsədrlərin dəyişdirilməsini tələb etməli, ya da danışıqlar prosesini birdəfəlik tərk etməlidir. Təbii ki, hər üç ölkənin terrorçuların başçısına qucaq açması bir daha sübut etdi ki, həmin ölkələrdən neytral barışdırıcı çıxmaz. Onların dedikləri ilə əməlləri arasında kəskin təzad var”.
Məhəmmədəli QƏRİBLİ