Elşən Həsənov: “Rusiya da öz vassalı olan ölkənin bu şəkildə azğınlaşmasına seyrçi qalmayacaq”
Siyasi proseslərin inkişafı göstərir ki, Rusiya-Ermənistan münasibətləri tarixdə heç vaxt olmadığı qədər korlanıb. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistan Rusiyanın birbaşa təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə fikirlər səsləndirir.
Xüsusilə də Ermənistanın hazırda yaşadığı seçkiqabağı mühitdə anti-Rusiya ovqatı açıq-aşkar hiss edilməkdədir. Hətta seçkidə iştirak edən elə partiyalar var ki, onlar açıq-aydın şəkildə Rusiyanın Ermənistandan birdəfəlik çıxarılmasını öz seçki təbliğatlarına, platformalarına daxil ediblər. Belə canfəşanlıqların başqa bir hədəfi dekabrın 6-da Sankt-Peterburqda baş tutacaq zirvə ilə bağlıdır. Sanki Ermənistan KTMT-dəki son uğursuzluğundan sonra anti-Rusiya ritorikasını artırmaqda xüsusilə meylli görünür. Ermənistandakı anti-Rusiya siyası ovqatının olması yaxın gələcək üçün nələri vəd edir?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakl-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistandakı vəziyyətin Moskvaya qarşı aqressivləşdiyi aydın hiss edilir: “Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu ölkədə anti-Rusiya meylləri artmaqdadır.Yəni, əslində, Ermənistan ictimaiyyətinin bu cür düşünən kəsimi Paşinyanın simasında ortaya fiqur çıxararaq fikirlərini daha açıq və birmənalı şəkildə ortaya qoymuşlar.
Bu da təbiidir. Məhz indi, Ermənistan cəmiyyəti onun bütün bədbəxtliklərinin əsasında Rusiya amilinin dayandığını ciddi və açıq şəkildə dərk etməyə başlayıb. Bundan başqa, Rusiyanın Qafqazdan vurulub çıxarılması, ən pis halda isə bu regionda təsir qüvvəsinin minimuma endirilməsi, regionda daimi məskunlaşmağa çalışan və buradan Yaxın Şərqi daha yaxşı nəzarətə götürmək istəyən Qərb qüvvələrinin deyərdim ki, bi nömrəli vəzifələrindən biridir.
Əlbəttə ki, bütün bunları həyata keçirməkdən ötrü hansısa qüvvəyə istinad edilməli və onun respublikada söz sahibinə, təşkilatlanmış qüvvəyə çevrilməsini təmin etmək lazımdır”.
Elşən Həsənovun sözlərinə görə, bu məqsədlə mətbuatdan tanış olduğumuz kimi, hazırkı dövrdə Ermənistanda qərar tutmuş çoxsaylı Qərb mütəxəssisi yerlərdə olan bəzi siyasi qüvvə və təşkilatlarla birlikdə ölkədə anti-Rusiya meyllərinin qızışdırılması istiqamətində iş aparır ki, bunun da sonda, təbii olaraq, Rusiya-Ermənistan münasibətlərinə ciddi zərbə vuracağının şahidi olacağıq: “Qafqaz kimi həyati vacib coğrafi məkanı itirməməkdən ötrü və burada hər zaman Ermənistanın dəstəyindən yararlanan Rusiya üçün Ermənistanda anti-Rusiya qüvvələrinin söz sahibinə çevrilərək hakimiyyətdə təmsil olunması yolverilməzdir. Bütün bunları və digər amilləri də nəzərə alaraq gələcəkdə Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsinin şahidi ola bilərik. Təbii ki, Rusiya da öz vassalı olan ölkənin bu şəkildə azğınlaşmasına seyrçi qalmayacaq. Bütün mənalarda, belə gərginliyin olması Azərbaycan üçün əlverişlidir”.
Məhəmmədəli QƏRİBLİ