Bakıda "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, əsas qeyri-hökumət qurumları, mədəniyyət, ədəbiyyat xadimləri sülh danışıqlarının aparılmasına töhfə verməlidir.
O bildirib ki, bununla əlaqədar beynəlxalq konfransa yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan da dəvət edilib.
Daha sonra beynəlxalq konfrans çərçivəsində "Yeddi rayonun işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində əlverişli zəmin kimi" mövzusunda panel başlayıb. Panelin moderatoru, Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, Ermənistanda hazırkı hadisələr bu ölkədə siyasətin sabit olmadığını göstərir: "Ona görə də vətəndaş cəmiyyətinin bu görüşü müzakirələrə böyük töhfə verəcək".
Vahe Avetyan çıxışında bir həftədir Azərbaycanda olduğunu söyləyib: "Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mən bura həm yazısı, həm də vətəndaş kimi gəlmişəm. Bir neçə məcburi köçkünlə görüşmüşəm, Xocalı abidəsini ziyarət etmişəm. Xocalı abidəsinin qarşısında, günahsız insanların qarşısında baş əymişəm. Bu forumun nəticəsində siyasətçilər, QHT rəhbərləri, fəallar bir qərara gələ bilər. Mənim burada uzun illərdir dostluq etdiyim şəxslər var. Bu məsələni biz həll edə bilərik, çünki indiki gənclərdə qəzəb var. İlk növbədə mədəni münasibətlər həll olunmalıdır. Bizə beynəlxalq təşkilatlar lazım deyil, özümüz öz problemlərimizi həll edə bilərik. Sülh niyyətində olan yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır. Bu mənim sonuncu səfərim olmayacaq. Mən Xocalıdan olan insanlarla görüşdüm və çox təsirləndim. Sülhün əldə olunması üçün qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsinə ehtiyac var".
Azadlıqdan Məhrumetmə Yerlərinin Monitorinqi İctimai Birliyinin sədri Kamil Səlimov Azərbaycanın ədalətsizliyə məruz qaldığını, torpaqlarının işğal olunduğunu xatırladıb: "Qafqazda problemlər həll edilməyəndə bir ağsaqqal çağırılır. İndiki halda ağsaqqal BMT Təhlükəsizlik Şurasıdır. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqların azad edilməsi barədə qətnamələrinə riayət edilməlidir. Azərbaycan daxilində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi mümkündür".
Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ilk mərhələdə azad edilməsini zəruri sayan K.Səlimovun fikrincə, sülhün əldə edilməsində vətəndaş cəmiyyətinin rolu çox mühümdür.
Moderator R.Hüseynov Azərbaycanın münaqişənin həllində maraqlı olduğunu vurğulayıb: "25 ildir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ortaq bir mövqeyə gəlməyiblər".
Bununla da birinci panel başa çatıb.
1915-ci il hadisələri naminə Türkiyə arxivləri açır, Rusiya açmır...
"1915-ci ildə ermənilərin genosidə məruz qalması ilə bağlı ziddiyyətli məqamlar var". Bunu isə "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda Bakıda beynəlxalq konfrans çərçivəsində keçirilən "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində "Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi" mövzusunda paneldə Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan ermənilərin 1915-ci ildə soyqırıma məruz qalıb-qalmaması ilə bağlı sualı cavablandırarkən deyib.
V.Martirosyan bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələnin obyektiv araşdırılması üçün arxivlərin açılmasını təklif edib: "Rusiya indiyə kimi arxivləri açmaqdan imtina edir. Ərdoğan arxivlərin açılmasını istəyir, Rusiya bunu istəmir. Hələ də bu məsələ tam açıqlığa qovuşmayıb. Milyonlarla vəsait xərcləyib bunu genosid kimi təqdim edə bilərsiniz, ancaq bu, məsələnin həll yolu deyil".
Erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan isə bildirib ki, bu, Azərbaycan və Ermənistan arasında məsələ deyil: "Osmanlı imperiyasında baş vermiş hansısa hadisədən söhbət gedirsə, ermənilər və azərbaycanlılar bunun onlara aid məsələ olmadığını bildirməlidirlər".
"Aprel döyüşlərində Qarabağda ölənlərin 90 faizi Ermənistandakı kasıb ailələrin uşaqları idi"
Bakıda "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda təşkil olunmuş beynəlxalq konfrans çərçivəsində "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi" adlı panelin moderatoru politoloq Rasim Ağayev olub.
Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan çıxışında deyib ki, bu beynəlxalq konfransla Azərbaycan sülhə doğru addım atır: "Ermənistanda azərbaycanlılara qarşı soyqırım törədən şəxslər hakimiyyətə gəlib. Onlar əslində bu gün Ermənistanda da soyqırım törədirlər. Erməni kilsəsi Azərbaycanda çoxlu sayda erməni yaşadığını bilir, mən onların bir neçəsi ilə görüşmüşəm. Azərbaycanda erməni abidələri qorunur, Ermənistanda isə azərbaycanlılara məxsus məscidlər, abidələr dağıdılıb. İnanıram ki, bu kimi tədbirlər çox olacaq. Bütün münaqişələrdə qurbanlar olur. Vətəndaş cəmiyyəti, jurnalistlər, yazıçılar bu prosesə cəlb olunmalıdır. Dünyanın 10 ölkəsində ermənilərlə azərbaycanlıların birgə fəaliyyəti var. İnanmaq istəyərdik ki, yaxın vaxtlarda xalqlarımız bizim fəaliyyətimizin nəticələrini görəcək. Elə bir sadə erməni tapa bilməzsiniz ki, 25 ildir davam edən münaqişədən məmnun olsun. Yalnız 500-600 erməni var ki, münaqişənin davam etməsində maraqlıdır, onlar da soyqırım törətmiş insanlardır".
R.Ağayev bildirib ki, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi təşəbbüsü ilə çıxış edib: "Biz burada iştirak edən ermənilərin fərqli fikirlərini eşidirik və bu bir irəliləyişdir".
İctimaiyyətlə Əlaqələrin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şəlalə Həsənova nəzərə çatdırıb ki, həyat yoldaşı İrəvanda anadan olub, orada təhsil alıb: "Həyat yoldaşım deyir ki, münaqişənin həll olunmasını, mənə İrəvanda böyüdüyü evi, oxuduğu məktəbi, valideynlərinin işlədiyi xəstəxananı göstərmək istəyir. Lakin münaqişə həll olunmayıb və minlərlə insanın arzusu həyata keçməyib. Bizim bu arzularımız artıq yerinə yetməlidir. Münaqişənin həlli ilə bağlı prezidentlər arasında danışıqlar aparılsa da, Ermənistandakı rejimin mahiyyəti ilə əlaqədar münaqişə həll olunmayıb. İnanıram ki, erməni cəmiyyəti bu cür erməni fəalları sayəsində Azərbaycan reallıqları barədə məlumatlar əldə edəcək".
Moderator R. Ağayev xatırladıb ki, sovet dövründə Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər sülh şəraitində yaşayıb: "Azərbaycan indi də xalqların sülh şəraitində yaşaması üçün variantlar təklif edir".
Erməni cəmiyyətinin nə dərəcədə kompromisə hazır olması barədə sualı cavablandıran V. Martirosyanın sözlərinə görə, son illər sosial şəbəkələrdə, tədbirlərdə bəzi ermənilər deyirlər ki, Qarabağ bizə kədər və fəlakətdən başqa heç nə verməyib: "Əvvəllər Ermənistanda media hökumətin maraqlarını müdafiə edirdi. Ancaq son illər müsbət qığılcımlar var. Biz bu qığılcımın üzərinə neft tökməliyik ki, alovlansın".
Yazıçı-publisist, ictimai xadim Vahe Avetyan gələcəkdə kompromis tərəfdarlarının artacağına inandığını söyləyib.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət artıq sadə ermənilərin kompromisə tərəfdar olmasının anlaşıldığını vurğulayıb: "Azərbaycanlılar heç vaxt sadə ermənilərə düşmən gözü ilə baxmayıb. Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində qalsalar öldürüləcəkləri barədə şayiələrə inanmamalıdır. Bu gün erməni fəallarının Azərbaycana səfəri də bunun göstəricisidir. Bu konfransda erməni gənclərinə müraciət etməliyik ki, biz sülh şəraitində yaşamalıyıq".
Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, 2002-ci ildə Milli QHT Forumu yaradılan zaman Ermənistanla sülh arzulayan və bu istiqamətdə çalışan erməni fəallar, QHT-lər tapa bilməyiblər: "Ancaq bu gün "Meridian" qeyri-hökumət təşkilatının sədri, jurnalist Suzanna Çaqinyan, yazıçı-publisist və ictimai xadim Vahe Avetyan, "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan bu konfransda iştirak edir. Ermənistanda olan bir sıra QHT-lər də tədbirdə iştirak etmək istəyirdilər, texniki səbəbdən gələ bilmədilər və "Skype" vasitəsilə tədbirə qatılacaqlar. Ermənistan zəmanət versə, İrəvanda da belə konfrans keçirilə bilər".
Moderator R.Ağayev Rusiyada və digər ölkələrdə də bu tip konfransların keçirilə biləcəyini söyləyib: "Bir neçə il əvvəl Tbilisidə Azərbaycandan qaçqın düşmüş ermənilərin də iştirakı ilə tədbir keçirildi. Biz kənar vasitəçi olmadan dialoqa, sülhə hazır olmalıyıq".
Azadlıqdan Məhrumetmə Yerlərinin Monitorinqi İctimai Birliyin sədri Kamil Səlimov türk düşmənçiliyinin mənasız olduğunu söyləyib: "Türkiyədə çoxlu sayda erməni yaşayır. Hətta Ermənistan vətəndaşı olan 40 min erməni Türkiyədə işləyir. Bu gün torpaqlarımız işğal olunub, Azərbaycan əhalisi 10 milyon nəfərdir. Torpaqlarımızı işğal edən Ermənistanda isə əhali azalıb, artmayıb. Digər tərəfdən, hətta Serj Sarkisyan da Dağlıq Qarabağdakı oyuncaq rejimi tanımırsa, bu da təsadüf deyil".
Vaan Martirosyan qeyd edib ki, ağaları bir söz demədən Serj Sarkisyan Dağlıq Qarabağdakı oyuncaq rejimi tanıya bilməz: "Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu mümkünsüzdür. Ermənistan gəncləri bu gün Dağlıq Qarabağda hərbi xidmət keçir. Aprel qarşıdurmasında Qarabağda qurban verilənlərin 90 faizi Ermənistandakı kasıb ailələrinin uşaqları idi. Digər tərəfdən, mövcud rejim erməni cəmiyyətinə Türkiyəyə qarşı nifrət ruhu aşılamağa çalışır. Ancaq bu gün Türkiyə geyim və ərzaqla Ermənistanı təmin edir. Ermənistan iqtisadiyyatı defolt vəziyyətindədir".
Ş.Həsənova isə Azərbaycan cəmiyyətində ksenofobiya olmadığını, ölkənin multukultural cəmiyyət olduğunu vurğulayıb: "Biz kompromisə hazırıq".
Erməni hüquq müdafiəçisi: "Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Azərbaycanın tərkibində qalmağa səs verər"
"Qarabağı Artsax yox, Kolumbiya adlandırmaq olar. Hazırda ora narkotik və qanunsuz silahlar üçün əlverişli yerdir". Bu sözləri "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində "Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi" adlı paneldə Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan deyib. O bildirib ki, Qarabağda əhali iki yerə ayrılıb: "Bunların biri elitadır və oyuncaq Dağlıq Qarabağ prezidentinin ətrafında olan insanlardır. Əhalinin əksəriyyəti isə acınacaqlı durumdadır. Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verəcək. Onların suyu, ərzağı yoxdur".
Yazıçı-publisist və ictimai xadim Vahe Avetyan isə bəyan edib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı və Ermənistan burada sülhməramlı qismində çıxış etməlidir: "Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsində də rol oynaya bilər".
"Köçəryan-Sarkisyan quldur rejimi zorla hakimiyyətdən uzaqlaşdırılacaq"
"Maksimum 5 il ərzində azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamağa başlayacaqlar. Bu mənim proqnozumdur". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan bildirib.
V.Martirosyan bunun xalq diplomatiyası sayəsində mümkün olacağını, Dağlıq Qarabağ münaqişəsinin həllini tapacağını söyləyib: "Buna mane olmağa çalışan Köçəryan-Sarkisyan rejimi isə quldur rejimdir. Dünyada heç vaxt quldurluq beynəlxalq hüquqa qalib gəlməyib. Bu quldur rejim zora əsaslanır və onlar zorla da hakimiyyətdən uzaqlaşdırılacaqlar".
V.Martirosyan müharibədə övladlarını itirən erməni valideynlərinin hamıdan əvvəl sülhə razı olacağını vurğulayıb: "Çünki onların övladları öz evlərini müdafiə edərkən həyatlarını itirməyiblər".
Bakıda ermənilərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi
"Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib. Azərbaycan və Ermənistan prezidentlərinə, xalqlarına ünvanlanan müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır.
Bəyanatda vurğulanıb ki, 2016-cı ilin aprelində baş verən hadisələr müharibə risqinin böyük olduğunu göstərib: "Hərbi məqsədlə xərclənən vəsaitlər insanların rifahının yüksəldilməsinə yönəldilə bilər. Ermənistan və Azərbaycan xalqları bu gərginliklərdən yorulub. Artıq kiminsə kənardan gəlib bizə kömək edəcəyi fikrindən əl çəkməliyik. Bu konfrans nəticəsində ortaq addımlar atmaq qərarına gəldik. Münaqişənin sülh yolu ilə həlli üçün müvafiq şərait var, konstruktiv addımlar atılmalıdır. Münaqişənin sülh yolu ilə həlli Azərbaycan və Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Bu da xalqlar arasında sülhün möhkəmləndirilməsinə təkan verəcək. Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır".
Bəyanatda nəzərə çatdırılıb ki, Azərbaycanda 30 min erməni rahat yaşayır: "Ermənilərin Azərbaycanda sülh şəraitində yaşaması üçün heç bir maneə yoxdur. Ermənilərlə azərbaycanlıların birgə yaşamasının mümkünsüzlüyü ilə bağlı fikirlər rədd edilməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Helsinki Yekun Aktı nəzərə alınaraq addımlar atılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir".
Bakıda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışı müzakirə edilib
Bakıda "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans çərçivəsində "Dağlıq Qarabağda azərbaycanlılar və ermənilərin birgə yaşayışı: kommunikasiyaların bərpası, sosial və iqtisadi proqramların investisiyalaşdırılmasının həyata keçirilməsi" mövzusunda panel keçirilib.
Panelin moderatoru Siyasət və Təhlükəsizlik üzrə Beynəlxalq Mərkəzin direktoru Elxan Əsgərov olub.
E.Əsgərov Türkiyədə və Rusiyada azərbaycanlılarla ermənilərin birgə yaşadıqlarını nəzərə çatdırıb: "İranda da azərbaycanlılarla ermənilər sülh şəraitində yaşayır. Bəs, Dağlıq Qarabağda niyə birgə yaşaya bilməzlər? Çünki Ermənistandakı rejim bunu istəmir. Qarabağda sülh şəraitində yaşamaq istədiyini bildirən bir muzey direktoru qətlə yetirildi. Bu gün "Meridian" qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Çaqinyanın Bakıya gəlməsinə əngəl törədilməsi bununla bağlıdır, o hədələnir. Ermənilərlə azərbaycanlılar yenə də birgə yaşaya bilərlər. Dağlıq Qarabağda yüz illərlə Azərbaycan və erməni icmaları birgə yaşayıb. Zori Balayanın ideyalarının, "Ocaq" kitabının ortaya çıxması ilə bu iki icma ayrıldı, münaqişə ortaya çıxdı".
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Rövşən Rzayev bu gün müharibədən çox sülh barədə düşünənlərin olduğuna diqqət çəkib: "Biz dialoqun əsasını qoyacağıq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında münasibətlər qaydasına düşəcək. Sadə ermənilər düşünmürlər ki, azərbaycanlılarla bir arada yaşaya bilməzlər. Bizim çox gözəl dostluğumuz olub. Danışıqlar masasına əyləşmək üçün müharibəyə ehtiyac yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edir ki, Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verə bilərik. Azərbaycan heç bir ərazisini güzəştə gedə bilməz. Bu ilin aprelində müharibə göstərdi ki, biz razılığa gəlməsək, yüzlərlə qurban olacaq. Ermənistanda analar deyirlər ki, nə üçün övladları Qarabağda ölməlidir. Biz 2009-cu ildə Şuşada olduq, mən bilirdim ki, mən Şuşaya bir saatlıq gəlmişəm. Qayıdandan sonra ürəyim ağrıdı. Mən 2012-ci ildə İrəvanda olarkən Serj Sarkisyandan soruşdum ki, niyə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqa imkan vermirsiniz? Bu sualıma cavab tapmadım. Biz erməni katolikosuna Şuşa məscidinin bərpası ilə bağlı məktub yazdıq, ancaq cavab gəlmədi. Sonradan Şuşa məscidi Moskvada yaşayan qazax əsilli bir iş adamı tərəfindən təmir etdirildi".
R.Rzayev bildirib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilərsə, bu, sülh yolunda mühüm addım olacaq: "Azərbaycan Gürcüstanın inkişafına dəstək verir. Biz qonşularımızın inkişafına niyə dəstək verməkdə maraqlı olmayaq? Birgə yaşasaq, Dağlıq Qarabağ erməniləri bilməlidirlər ki, Azərbaycanın imkanlarından onlar da istifadə edəcəklər. Çalışmalıyıq ki, bu tədbir birinci və axırıncı olmasın. Demirik ki, birinci görüşdən dost olacağıq. Dostluğa nail olmaq üçün, sülh üçün addımlar atılmalıdır. Azərbaycanda hazırda çoxlu sayda erməni yaşayır. Üç erməninin şəxsiyyət vəsiqəsi ilə bağlı problem oldu, məhkəməyə müraciət etdilər və onlara şəxsiyyət vəsiqəsi verildi. Bu, Azərbaycan hakimiyyətinin vətəndaşlarına münasibəti, birgə yaşayışın nümunəsidir".
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Azərbaycan və erməni xalqları arasında "buzlar"ın əriməyə başlamasının sevindirici olduğunu söyləyib.