Məlum olduğu kimi, BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə məktub göndərib.
Məktubda BMT Baş Assambleyasının prezidenti Azərbaycanın Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində fövqəladə xüsusi sessiyanın çağırılması tələbini qəbul etdiyini bildirib.
Baş Assambleyanın xüsusi sessiyası oktyabrın 26-da BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkilatın iştirakı ilə BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək.
“Bir vaxtlar Azərbaycanı küncə sıxışdırmaq istəyən dövlətlər belə artıq ölkəmizlə hesablaşır, BMT-nin məlum münasibəti də o qəbildəndir”
Məsələ ilə bağlı fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın başçılıq etdiyi Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın dövlətlərarası ən böyük təşkilatı olub: “BMT səviyyəsində daxil olan müraciətlər mütləq münasibət görməlidir. Bu, Azərbaycanın 32 illik müstəqillik dövründə əldə etdiyi bir səviyyədir. Azərbaycan bir vaxtlar heç kimin tanımadığı, tanıdığı halda qəbil etmək istəmədiyi, qəbul etdiyi halda hesablaşmadığı bir dövlət idi. Ölkə başçısı İlham Əliyevin son 20 il ərzindəki fəaliyyəti ölkəmizi bu səviyyəyə yüksəldib. Bu gün ölkəmizlə hesablaşılır. BMT, Avropa Biriyi, Avropa Şurası və ya NATO səviyyəsində olan aparıcı beynəlxalq təşkilatlar ölkəmizi ciddiyə alır. Bir vaxtlar Azərbaycanı küncə sıxışdırmaq istəyən dövlətlər belə artıq ölkəmizlə hesablaşır. BMT-nin bu münasibəti də o qəbildəndir. Azərbaycan faktiki olaraq qlobal siyasətin önündə gedir. Azərbaycanın təşəbbüsləri hər daim diqqət görür, həllinə qovuşur. Ümumiyyətlə, dünya xalqlarının üzləşdiyi çətin məsələlərin həllində belə ölkəmizin sözü, səsi keçərli olur”.
Günel CƏLİLOVA