Ermənistan mediası intensiv olaraq Qarabağla bağlı məsələləri saxtalaşdırır. İndi də iddia edir ki, guya Azərbaycanın sosial şəbəkələrində və KİV-ində qeydiyyat yerindən asılı olmayaraq arzu edənlərin Xankəndiyə köçürülməsi ilə bağlı məlumatlar yayılır (?). Həm yalan yazırlar, həm də “bu məlumat rəsmi səviyyədə təkzib edilib” yazırlar.
Hazırda Ermənistan tərəf Azərbaycanla bağlı dezinformasiya yaymaqda davam edir.
Ermənistan azərbaycanlıların Xankəndidə kütləvi yerləşdirilməsi barədə yalanı niyə yayır?
“Məqsədləri odur ki, ermənilərin Xankəndidən guya “zorla çıxarıldığı” barədə təsəvvürü daha da genişləndirsinlər”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan Azərbaycanın Xankəndini işğaldan azad etməsi faktını həzm edə bilmir və bu səbəbdən də dezinformasiyalar yayır: “Ermənistan mediası birinci dəfə deyil ki, belə dezinformasiyalar yayır. Məqsədləri odur ki, ermənilərin Xankəndidən guya “zorla çıxarıldığı” barədə təsəvvürü daha da genişləndirsinlər.
Onlar bunu hardan uydurublar, bilmirəm, hələ ki, azərbaycanlıların Xankəndiyə qayıtması ilə bağlı heç bir məlumat yoxdur. Sadəcə, cəmiyyətdə müəyyən suallar dolaşır. 1988-1989-cu illərdə Xankəndidə 10 mindən artıq azərbaycanlı yaşayırdı.
O insanların öz şəhərinə qayıtması sözsüz-söhbətsiz olmalıdır, bu heç müzakirə mövzusu da olmamalıdır. Onlara heç kim müqavimət göstərməməlidir. Əhali təbii ki, bu illər ərzində ən azı iki dəfə artıb və o insanlar qayıtmalıdır. Ermənilər siyasi möhtəkirlik kimi bu amildən istifadə etməli deyillər. Ermənilərə icazə verildi, şərait yaradıldı ki, qalsınlar, çıxmasınlar. Amma onlar özləri şou düzəltmək, Azərbaycana qarşı hansısa yalan, böhtan kampaniyası aparmaq üçün könüllü şəkildə ordan çıxdılar, Azərbaycanı günahlandırmağa cəhd göstərdilər. Ermənilər bu məqsədə görə özlərini oyuncaq yerinə qoydular. Onlar əgər çıxıb gediblərsə və geri qayıtmaq istəmirlərsə, özləri bilər. Amma ora Azərbaycan torpağıdır, azərbaycanlılar da zamanı gələndə gedib orada yaşayacaqlar. Orada vaxtilə yaşayan insanlar ora qayıdacaqlar”.
A.Nağının sözlərinə görə, bu məsələ ilə bağlı heç bir rəsmi addım yoxdur, amma ermənilər siyasi möhtəkirlik edib yalan-yanlış xəbərlər yayırlar. A.Nağı hesab edir ki, ermənilər Qarabağa qayıtmamaq üçün bəhanə axtarırlar, məqsəd də beynəlxalq təşkilatlarda antiazərbaycan mövqeyi yaratmaqdır. “Mənim subyektiv fikrim ondan ibarətdir ki, əgər ermənilər Azərbaycana qarşı bu cür yalan, şərləmə kampaniyası aparırlarsa onların geri qayıtması o qədər də məqsədəuyğun deyil. Gedib özlərinə başqa yerdə yer tapıb yaşasınlar. Azərbaycan vaxtilə onlara Xanın kəndində yaşamağa yer vermişdi, sonra Xanın kəndinin adını da dəyişdilər, ona sahib çıxmağa cəhd göstərdilər. Onlar bütün bunlardan sonra Qarabağda, Xankəndidə, ümumiyyətlə Azərbaycanda yaşamaq hüquqlarını mənəvi cəhətdən itiriblər.
Amma Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır”-deyə A.Nağı əlavə etdi.
İradə SARIYEVA