Rusiyanın “Birinci kanal”ında yayılanan “Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı geniş verilişdə Paşinyan biabırçı tərzdə sərt tənqid olunub. Hətta Paşinyan psixi xəstə kimi təqdim olunub.
Paşinyanı sərt tənqid edən verilişin hazırlanmasının səbəbi həm də onun Brüsseldə, PA-da çıxışı, ayaq üstə alqışlanması və orada Qərbmeyilli, Rusiyaya qarşı kursu elan etməsidir və bunu verilişin müəllifləri gizlətməyiblər. “Anqlo-saksların marionetkası” adlandırılan Paşinyanın “cinayətə görə” həbs edildiyi də xatırladılır. 2008-ci il 1 mart qırğını Paşinyanın üzərinə atılır. 2018-ci ilin aprelindəki “məxməri inqilab” zamanı Paşinyanın hətta atasının ona inanmadığı, “daha ağıllı şəxslərin baş nazirliyə namizəd olmasını” istədiyi kadrlar da yayılır. Qısa avtobioqrafik süjetdən sonra isə Roma Statutunun ratifikasiya edildiyi xatırladılaraq, studiya müzakirələrinə başlanılır. Müzakirələrdə Ermənistan sərhədlərinin rus sərhədçiləri tərəfindən müdafiə olunduğu xatırladılır, Paşinyanın ünvanına ağır ifadələr işlədilir: onun dəli olduğu, Qərbin Saakaşvili, Paşinyan kimi "psixi pozğunluğu olan insanlardan" yararlandığı bildirilir.
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin buna görə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Qeyd olunub ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib.
“İrəvanda səfir Kopırkinin XİN-ə çağırılması qarşıdurmanın açıq müstəviyə keçməsinin xəbərçisidir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, artıq Rusiya-Ermənistan qarşıdurması açıq müstəviyə keçir: “Düzdür, 44 günlük müharibədən sonra Rusiya-Ermənistan münasibətləri gərginləşən xətt üzrə inkişaf edir. Ancaq çox vaxt Rusiya rəsmiləri Paşinyan və onun komandasının Moskvaya yönəlik tənqidlərinə dözümlü yanaşırdılar. Əksər hallarda adekvat cavab vermirdilər. Hesab edirdilər ki, Paşinyanı Qərb hakimiyyətə gətirdiyi üçün o, verilən sifarişləri yerinə yetirir. Düşünürdülər ki, onu devirəcəklər və bununla da hər şey əvvəlki vəziyyətə qayıdacaq. Ancaq görəndə ki, müharibədən sonra Paşinyan seçkilərdə qalib gəldi, cəmiyyətdə ciddi dəstəyi var, bu zaman münasib zəminin yaranmasını gözlədilər. Lakin bu da nəyisə dəyişmədi. 2022-2023-cü ildə Azərbaycanın həyata keçirdiyi bir sıra lokal xarakterli əməliyyatlar göstərdi ki, erməni cəmiyyəti Qarabağ yükündən xilas olmaq istəyir. Çünki Birinci Qarabağ müharibəsində qalib gəlsələr də, bu, erməni cəmiyyətinə xoşbəxtlik gətirmədi, əksinə bədbəxtlik gətirdi. 1994-2020-ci illərdə Ermənistanı və Qarabağı 2 milyon erməni tərk edib. Onların əksəriyyəti Rusiyaya miqrasiya edib. Məhz bu və digər faktorlardan çıxış edən Paşinyan Rusiyaya qarşı daha cəsarətli addımlar atmağa başladı. Ardıcıl olaraq KTMT-ni boykot etməyə başladı, ABŞ-la hərbi təlimlər keçirdi, Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlara etinasız yanaşdı və s. Ən nəhayət, Nikol Paşinyanın Avropa Parlamentində ad çəkmədən Rusiyanı nəzərdə tutaraq sərt tənqid etməsi, Avroittifaqa kart-blanş verməsi Kremlin səbrini daşırdı. Buna cavab olaraq Rusiya rəsmiləri bəyan etdilər ki, Paşinyan Saakaşvilinin, Zelenskinin yolunu gedir. Rusiyanın “Birinci kanal”ında Paşinyanın aşağılanması birbaşa Kremldən verilən təlimatdır. İrəvanda səfir Kopırkinin XİN-ə çağırılması qarşıdurmanın açıq müstəviyə keçməsinin xəbərçisidir. O baxımdan hesab edirəm ki, tərəflər arasında qarşıdurma daha da kəskinləşəcək”.
Vidadi ORDAHALLI