Vətən müharibəsinin 29-cu günündə şanlı Azərbaycan Ordusu üçrəngli Bayrağımızı işğaldan azad edilən Qubadlı şəhərində dalğalandırdı. Həmin tarixi Qələbənin üçüncü ilində Qubadlı şəhərinin azad olunmasına aparan yolu bir daha xatırlayaq.
44 günlük Zəfər yürüşü zamanı Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidə yerləşən Qubadlıya gedən yolun açılmasına əlverişli imkan yaratdı.
Qubadlı şəhəri oktyabrın 25-də işğalçı qüvvələrin mühasirəyə salınması ilə azad edilib. Qubadlının şərqindəki Cəbrayılda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubdakı Zəngilanda aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratmışdı. Peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və kəndləri işğaldan azad edilib. Qubadlı döyüşlərinin ən gərgin getdiyi yerlərdən biri də məhz Yazı düzü yüksəkliyi olub. Hündürlükdəki ərazidə döyüş əməliyyatları məhz həmin hissədə aparılıb. Strateji mövqedəki bu yüksəkliyin digər xüsusiyyəti isə Milli Qəhrəman polkovnik Şükür Həmidovun burada şəhadətə ucalmasıdır. Ş.Həmidov bu mövqe uğrunda gedən gərgin döyüşlərdə düşmənlə mübarizə aparıb. Hazırda həmin yerdə Milli Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılıb, şanlı Bayrağımız dalğalanır.
Mətləb