Rusiya Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Qurgen Arsenyanın Ermənistanın Rusiyadakı səfiri təyin olunması təklifini rədd edib. Bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl erməni mediasında ölkə rəhbərliyinin Rusiyadakı səfir Vaqarşak Arutyunyanı Qurgen Arsenyanla əvəz etmək niyyətində olduğuna dair məlumatlar yayılıb. Görünür ki, Rusiya tərəfi aqreman verməkdən imtina etməzdən əvvəl Qurgen Arsenyanın Ermənistan parlamentində çıxışlarında bir sıra anti-Rusiya bəyanatlarına diqqət yetirib. Q.Arsenyan biznesmen, parlament üzvü və hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvüdür. O, qeyd olunduğu kimi, həm də Rusiya əleyhinə bəyanatlar verməsi ilə tanınıb. Məlumat üçün qeyd edək ki, Qurgen Arsenyan Rusiya rəhbərliyinin Ermənistana təhlükəsizliyini möhkəmləndirməkdə mane olduğunu bildirib.
Ümumulikdə, bütün bunları ekspertlər necə izah edirlər?
“Hesab edirəm ki, baş verənlər Rusiya-Ermənistan əlaqələrinin daha da gərginləşməsinə gətirib çıxara bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Rusiya-Ermənistan əlaqələri özünün ən böyük siyasi böhranını yaşayır. Məhz hakim partiyanı təmsil edən və Rusiyaya qarşı olan bir şəxsin Moskvaya səfir göndərilməsi təsadüfi deyil. Baş nazir Nikol Paşinyan belə bir şəxsi səfir göndərməklə, qəsdən gərginlik yaradır. O yaxşı bilirdi ki, Kreml buna müsbət yanaşmayacaq. Ümumiyyətlə, hər bir dövlət ora göndəriləcək səfirin bioqrafiasını ciddi şəkildə araşdırır. Görəndə ki, həmin səfir ölkə üçün arzuuolunmazdır, o zaman buna razılıq verilmir. O baxımdan Rusiya tərəfinin atdığı bu addımı normal hesab etmək olar. Çünki Ermənistan hökumətinin təqdim etdiyi səfir anti-Rusiya ritorikasına malik bir siyasətçidir. Zaman-zaman parlamentdə Rusiyaya qarşı tənqidi fikirlərlə çıxış edirdi. Belə bir şəxsin Paşinyan tərəfindən səfir təyin olunması təsadüfə oxşamır. Hesab edirəm ki, baş verənlər Rusiya-Ermənistan əlaqələrinin daha da gərginləşməsinə gətirib çıxara bilər. Növbəti ildə Ermənistan hakimiyyəti Rusiyanın moderatorluq etdiyi KTMT və Avrasiya İqtisadi İttifaqından çıxa bilər. Nəzərə almaq lazımdır ki, bütün bunlar sinxron şəkildə baş verir. Ermənistan KTMT-dən nümayəndəsini geri çağırır və ora kimisə göndərmir. MDB çərçivəsində görüşləri isə boykot edir. Hesab edirəm ki, Paşinyan bütün bunları bilərəkdən edir. İstisna deyil ki, bütün bunlar Qərbin təlimatı ilə həyata keçirilir. Qafqazda Qərb tərəfindən Rusiyaya qarşı Ermənistan vasitəsilə yeni cəbhə açılır. Nikol Paşinyan da konkret olaraq bu cəbhənin əsas fiqurudur. Ona görə də səfir məsələsi ilə bağlı yaranan fikir ayrılıqları gərginləşən Rusiya-Ermənistan münasibətlərinin tərkib hissəsidir”.
Vidadi ORDAHALLI