Avropa qurumlarının Azərbaycana yönəlik qərəzli addımları dayanmaq bilmir. İndi də Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı yenidən Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi təşəbbüsü irəli sürüb.
Belə ki, iyirmi dörd AŞPA deputatı Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edilməsi təklifi ilə çıxış edib. İsveçrəli deputat Sibel Arslanın təşəbbüsü ilə hazırlanmış müvafiq vəsatəti Avstriya, Böyük Britaniya, Kipr, Almaniya, Portuqaliya, İspaniya, Belçika, Rumıniya, İrlandiya, Türkiyə, İtaliya, Yunanıstan, Moldova və İslandiyadan daha 23 deputat dəstəkləyib. 24 deputatın təşəbbüsü AŞPA Daimi Komitəsi və Bürosu tərəfindən təsdiq olunmalıdır, bundan sonra Assambleyanın müvafiq komitəsi məruzəçi təyin edəcək. AŞPA artıq iki dəfə Azərbaycanda siyasi məhbuslar haqqında hesabatlara baxıb (2013, 2020). Görünən odur ki, sanki Avropa qurumları Azərbaycanı hədəf almaqla bağlı növbəyə dayanıblar.
“Təəssüf doğuran məqam odur ki, həmin deputatların içində Böyük Britaniyanı, İtaliyanı, Rumıniyanı təmsil edən nümayəndələr var”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən media eksperti Yadigar Məmmədli hesab edir ki, Avropa qurumlarında Azərbaycana yönəlik qərəzli münasibət “ənənə” halını alıb: “Bu mövzu daim gündəmdə olan mövzudur. Deyərdim ki, buna dövlət, cəmiyyət bir növ alışıb. Söhbət ondan gedir ki, Azərbaycan hərbi-siyasi, iqtisadi sahələrdə ciddi uğur qazandığı dönəmlərdə bizi istəməyən bədxahlar kampaniyaya başlayırlar. Çox təəssüf ki, dünyanın bir sıra güc mərkəzləri də bura daxildir. Azərbaycana qarşı haqsız, ədalətsiz mübarizəyə başlayırlar. Məsələ ondadır ki, Avropa Parlamenti təkcə bu il Azərbaycana qarşı 3 qərəzli qətnamə qəbul edib. Bu dərəcədə ədalətsiz, qərəzli, qeyri-obyektiv yanaşma olarmı? Belə məlum olur ki, gündəlikdə Azərbaycan məsələsi varsa, istənilən haqsızlığa gedə bilərlər və bunun üçün qapılar açıq olur. Bunun nəticəsidir ki, Avropa qurumları ard-arda Azərbaycana qarşı qətnamələr qəbul edirlər. Dəfələrlə Azərbaycanda siyasi məhbus məsələsini qaldırıblar və indi də hər vasitə ilə bunu gündəmdə saxlamağa çalışırlar. AŞPA-nın yenidən bu məsələni sünü şəkildə gündəmə gətirməsinin səbəbi Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Təəssüf doğuran məqam odur ki, AŞPA-da həmin deputatların içində Böyük Britaniyanı, İtaliyanı, Rumıniyanı təmsil edən nümayəndələr var. Halbuki, sözügedən ölkələr Azərbaycanla yaxın iqtisadi tərəfdaş ölkələrdir. Neft-qaz sahəsində böyük əlaqələr qurublar. Bu, çox böyük təəssüf doğurur. AŞPA-nın belə qərəzli mövqedən çıxış etməsində məqsəd odur ki, Azərbaycanın beynəlxalq imicinə zərbə vursunlar. Ölkəmiz haqqında mənfi rəy formalaşdırsınlar. Halbuki, Azərbaycan regionun lider dövlətidir, bölgədə bir sıra mütərəqqi işlər görülür. O cümlədən, Ermənistanla sülh sazişinin imzalanması gündəmdədir. O üzdən, Avropa təsisatları Azərbaycanın uğurlarına kölgə salmaq üçün bu addımları atırlar. Hesab edirəm ki, bu dəfə də bizə qarşı qərəzli mövqedən çıxış edən qurumlar Azərbaycanı öz yolundan döndərə bilməz”.
Vidadi ORDAHALLI