Ermənilərin bizə verdiyi işgəncələri heç vaxt yadımdan çıxara bilmirəm. Trend-in məlumatlna görə, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı zərərçəkmiş Qərib Cəbiyev deyib.
O bildirib ki, hadisə baş verərkən 10 yaşı olub: "Səhər saat 7-də atam postdan qayıtdı. Həyətdə ocağı yandıranda kəndi atəşə tutdular. Atam bizi götürüb apardı Xəlil kişinin evinə. Bir də gördük Badara kəndinin bütün erməniləri bizə hücum etdi. Vaqif deyir ki, Badara kəndi soyqırımında iştirak etməyib. Badara ermənilərinin arvadları da hücum etdilər. Kişilər bizi atəşə tutdu, arvadları evlərimizi soydu, heyvan-qaranı yığıb apardılar. Biz qaçıb çıxdıq, atam qalıb döyüşdü. Anam ayağından yaralandı. Mən 10 yaşında o soyuqda ayaqyalın çıxmışam kənddən. Gələndən sonra uzun müddət müalicə aldım.
Atam dedi ki, Vaqif, Qurgen və Armanis dəstəyə başçılıq edirdi. Dedi ki, kəndə atəş açanlara onlar rəhbərlik edirdi".