NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın bütün Ukraynanı ələ keçirmək niyyətindən əl çəkdiyinə dair hələ də heç bir əlamət olmadığını deyib.
Rusiyanın Qərbi parçalamaq, qorxutmaq və Ukraynaya dəstəyini dayandırmaq üçün nüvə təhdidindən istifadə etdiyini bildirən Stoltenberq, Rusiyanın bütün Ukraynaya nəzarəti ələ keçirmək üçün hərbi yolla qalib gəlmək fürsəti görsə, bunu edəcəyinə tam əmin olduğunu deyib.
Rusiya müharibəni dayandırsa, sülhün bərqərar olacağını, ancaq Ukrayna döyüşü dayandırarsa, xəritədən silinəcəyini anlamağın vacib olduğunu vurğulayan Stoltenberq, Ukraynaya dəstəyi davam etdirəcəklərini bildirib.
Çox maraqlıdır, Ukraynanı xəritədən kim siləcək – Rusiya, yoxsa NATO?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son günlər NATO rəsmilərinin Ukrayna ilə bağlı səsləndirdikləri fikirlər xüsusilə diqqəti cəlb edir: “NATO baş katibi ofisinin direktoru Stian Censsen “Ukraynanın ərazisinin bir hissəsini Rusiyaya verməsi müqabilində NATO-ya qoşulma ehtimalı” barədə fikirlər səsləndirdi. O, demişdi ki, bu variant arzuolunmazdır, lakin hadisələrin belə dönüşü ehtimalı var. Ardınca bu açıqlama onu deməyə əsas verir ki, NATO ilə Rusiya arasında konkret mövzular ətrafında müzakirələr gedir. Buradan da belə qənaət hasil olur ki, NATO Ukraynanı müəyyən güzəştlərə məcbur etmək istəyir. Amma bir tərəfdən də deyir ki, Ukrayna dayansa, xəritədən silinəcək. Görünən budur ki, NATO Ukrayna üzərindən Rusiya ilə konkret alver edir. Qərb və NATO-nun Rusiya ilə bağlı planları bəlli idi. Birincisi, Ukraynaya lazımi dəstəyi verərək Kiyevin Rusiya üzərində qələbə qazanmasını təmin etmək istəyirdi.
İkincisi, bu dəstək fonunda Rusiyanın gözünü qorxudaraq Kiyevin lehinə daha sərfəli şərtlərlə sülh sazişinin imzalanmasına nail olmağa çalışırdı. Hər iki halda da Qərb Kiyevin qələbə qazanmasını istəyir. Çünki Ukraynanın başlatdığı əks-hücum əməliyyatı istənilən kimi effektiv olmadı. Hazırda bunu kompensasiya etməyə çalışırlar. Ancaq görürlər ki, nəticə vermir. Bu səbəbdən də ritorikanı dəyişiblər”.
Məhəmmədəli QƏRİBLİ