Media Agentliyinin qrantları saytların və xüsusilə də çap orqanlarının inkişafını təmin edən əsas mənbədir. Bu dəstək qəzet və saytların inkişafına yeni perspektivlər açır, dövlətçilik üçün çox vacib olan informasiya siyasətinin həyata keçirilməsinə kömək edir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Media Agentliyinin mətbuat orqanlarına dəstəyi əslində dövlətçiliyimizin inkişafına və möhkəmlənməsinə verilən dəstəkdir. Heç mübahisə yoxdur ki, Media Agentliyinin dəstəyi olmasa, media orqanları ayaq üstdə dayana bilməz, dayansa da elə mənbələrin təsirinə düşər ki, bu halda onlar dövlətçilik üçün o qədər də faydalı rol oynaya bilməzlər. Yəqin ki, bu amil nəzərə alınacaq və medianın dövlətçilikdə, informasiya savaşında vacib rolunu daha da gücləndirmək üçün media orqanlarının təminatı artırılacaq... Agentliyin maliyyə yardımı onu şərtləndirir ki, media orqanları daha üstün şəkildə dövlətçiliyin müdafiə mövqeyində dayana bilirlər. Mətbuat orqanları belə mövqe tutmaqla həm dövlətçilik mənafelərinə lazımi informasiya dəstəyi verə bilirlər, həm də özləri dövlətin himayəsi kimi əlverişli gücə söykənə bilirlər. Beləliklə, media orqanları ilə dövlətçilik mənafeləri arasında qarşılıqlı asılılıq və qarşılıqlı dəstək münasibətləri formalaşır. Müasir dünya siyasətində dövlət- media münasibətlərini məhz bu cür qarşılıqlı asılılıqda qura bilən ölkələr ümumən uğur qazana bilir, öz daxili tarazlıqlarını saxlaya bilirlər. Bu amil Azərbaycan üçün də çox vacibdir və biz bu güclü amilin əldə olunmasında Media Agentliyinin qrantlarının mühüm təsirli rolunu inkar edə bilmərik. Çox vacib nüanslardan biri də odur ki, Media Agentliyi dövlətin qrantlar siyasətini optimal apara bilir və onu işlək dinamik mexanizmlərlə həyata keçirir, zaman-zaman bu mexanizmin təkmilləşdirilməsi və yeniləşdirilməsi də əhəmiyyətlidir.
Agentliyin maliyyə dəstəyi media orqanlarının inkişafı və bir institut kimi dövlətçilikdə iştirakının təmin olunması üçün vacib rol oynayır.
Çap media həm də milli sivilizasiyanın mühüm nailiyyəti olaraq ayrıca yanaşma tələb edir. Yəni çap mediaya dəstəyin fərqli bir istiqamət olduğunu unutmaq olmaz. Xüsusilə çap medianın vizual reytinqinin artırılması vacibdir. Yəni çap media orqanlarının daha yüksək estetik tərtibatla çıxmasını təmin etmək çox əhəmiyyətlidir. Qəzetlərdə kontent məsələsi insafən pis deyil və həm də məzmunca irəliləyiş dinamik xarakter alıb. Ancaq qəzetlərin estetik tərtibat meyarları müasir tələbatlar səviyyəsinə nisbətən yaxınlaşdırılsa çox yaxşı olar və bu amil qəzetlərin xəbər və təhlil göstəricilərinə də müsbət təsir göstərə bilər. "Kaş bu qəzet daha keyfiyyətli kağızda, daha rəngarəng tərtibatla çap olunaydı" kimi rəylər tez-tez eşidilir. Təbii ki, bu, qəzetlərin maliyyə təminatının nisbətən artırılması sayəsində mümkün ola bilər. Yəqin ki, əlaqədar instansiyalarda bu nəzərə alınacaq.
Tahir TAĞIYEV