Fransanın Nanter rayonunda polis əlcəzairli qaradərili yeniyetməni öldürdükdən sonra iğtişaşlar başlayıb.
Polis ilk ifadəsində bildirib ki, Nael M. adlı gənc onlara zərər vermək məqsədi ilə nəqliyyat vasitəsini onların üzərinə sürüb. Lakin internetdə yayımlanan görüntülər polisin açıqlamasını təkzib edir. Sosial mediada yayılan, Fransa xəbər agentliyi AFP tərəfindən də təsdiqlənmiş bir videoda iki polis məmurunun avtomobili saxlamağa çalışdığı, birinin pəncərədən silahını sürücüyə doğrultduğu və sürücü sürməyə davam etdiyi zaman yaxın məsafədən ona atəş açdığı görünür.
Bundan sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanter şəhərində etiraz aksiyaları başlayıb. Qətli törətmiş polis həbs olunsa da, bu hadisə kütləvi iğtişaşlara səbəb olub. Şəhərdə barrikadalar qurulub, avtomobillərə od vurulub, hakimiyyətə itaətsizlik göstərən etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar olub.
Aksiyalar qısa müddətdə Fransanın bir çox şəhərinə yayılıb. Etirazçılar onlarla avtomobili, Parisin qərbində yerləşən Mantes-la-Coli şəhərində meriya binası yandırıblar.
Bütün bunlar özünü “demokratiyanın beşiyi” kimi təqdim edən Fransanın gerçək üzünü ortaya qoyur - irqçilik, ksenefobiya, polis zorakılığı…
O da qeyd edilməlidir ki, bu siyasət Makronun prezidentliyi dövründə özünü daha qabarıq formada göstərir. Son bir neçə ildə hökumətin sosial siyasətinə qarşı etirazlar səngimir. Bütün bunların fonunda isə küçələrdə insanlar qətlə yetirilir, insan hüquqları, sərbəst toplaşmaq azadlığı kobud şəkildə pozulur.
Təkcə bu il Fransada yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən iki nəfər güllələnərək öldürülüb. Ötən il isə bununla bağlı rekord qeydə alınıb - polis 13 nəfəri güllələyib. 2021-ci ildə üç, 2020-ci ildə iki, 2018 və 2017-ci ildə isə 6 belə qətl hadisəsi baş verib.
Ölümcül atışmalarda qurbanların demək olar əksəriyyəti qaradərili və ya ərəb əsilli insanlar olub.
"Bəziləri deyirlər ki, bu cür hadisələr nadir hallarda baş verir, ancaq Fransada ağdərili olmayan insanlarla danışsanız, onlar sizə polisin Fransada ağ olmayan insanlara qarşı daha aqressiv olduğunu söyləyəcəklər" - deyən FRANCE 24-ün müxbiri Mark Ouen də ölkədə irqçilik və polis zorakılığını etiraf edir.
“Al Jazeera”yə danışan ölkə vətəndaşları deyirlər ki, bu, Fransada polis taktikasının başqa bir nümunəsidir və çox vaxt ağır və ölümcül olur: "Fransız polisinin cəzasızlıq hüququna sahib olduğu və buna diqqət yetirilmədiyi açıq görünür".
Hüquq müdafiəçiləri də Fransada hüquq-mühafizə orqanlarında sistemli irqçilik olduğunu bildirirlər. Burada ən çox diqqət çəkən məqam isə saxlanılan polis əməkdaşlarının əksəriyyətinin heç nə olmamış kimi sərbəst buraxılmasıdır. Bütün bunlarla yanaşı Fransa hakimiyyətinin polis zorakılığı ifadəsini ümumiyyətlə dilinə gətirməməsi isə insanları daha da qəzəbləndirir.
2017-ci ildə polisin hərəkətdə olan nəqliyyat vasitələrinə atəş açmasını asanlaşdıran qanunun qəbulundan sonra polisin hərəkətdə olan nəqliyyat vasitələrinə atəş açması hallarının artdığını etiraf edən Fransa hakimiyyəti, nə qədər qəribə də olsa bu artımın daha çox sürücülərin dayanmaqdan imtina etməsi ilə bağlı olduğunu bildirir.
Son hadisələr də göstərir ki, hakimiyyətin hadisələrə bu cür yanaşması xalqın səbrini daşırıb. Xalq Makron hakimiyyətinin bu cür zorakılıqlarına dözmək istəmir.
Bu hadisə həmçinin yoxsulluq, ayrı-seçkiliklə mübarizə aparan və addım başı polis zorakılığı ilə üzləşən insanlarda Makron hakimiyyətinə qarşı uzun müddətdir davam edən qəzəbi alovlandırdı. Buna paralel olaraq, insan haqlarının pozulması, xüsusilə irqçilik hallarının artması Makron qarşı narazılığı daha da körüklədi.
Küçələr çıxan insanlar ədalət tələb edir və hakimiyyətə qarşı itaətsizlik göstərərək üsyanı davam etdirəcəklərini bildirirlər.
Tahir TAĞIYEV