Amerikada Azərbaycanın və Ermənistanın XİN başçılarının görüşünə az qalmış Ermənistan parlamentinin spikeri Simonyanın səsləndirdiyi bəyanatı heç cür izahsız buraxmaq olmazdı.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Simonyan deyib ki, İlham Əliyev qapalı görüşlərdə (bunu xüsusi yadda saxlayın, izah edəcəm) 29.8 min kv kilometr ərazi çərçivəsində Ermənistanın ərazi bütövlüyünü tanıdığını etiraf edib (guya açıq görüşlərdə İlham Əliyev bundan fərqli şey deyir), hazırda Ermənistanın ərazisi 29.8 min kv. kilometrdir, həm də İlham Əliyev Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edib.
Bunlar Simonyanın bəyanatından olduğu məzmunu saxlamaqla çıxardığım fikirlərdir.
Diqqətlə fikir verin və bir neçə cümləlik fikirdə özündən başqa heç kimi aldatmaq gücündə olmayan erməni fəndini tutacaqsınız. Əvvəla, Simonyanın birinci fikrində kəşf olunmuş heç bir yeni Amerika yoxdur. İlham Əliyev Ermənistanın ərazi bütövlüyünü heç vaxt tanımayacağını nə vaxtsa deyibmi? Yox. Şərtlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, biz də tanımayacağıq və bizim tanımamağımızın daha ciddi siyasi, hüquqi nəticələri ola bilər.
İkinci, ötən ilin oktyabrında Praqada Mişelin vasitəçiliyi ilə üçtərəfli görüşdə hər iki ölkənin ərazi bütövlüyü 1991-ci ilin Alma-Ata sazişi ilə müəyyənləşmiş sərhədlər çərçivəsində tanınıb. Bu ilin mayında isə Brüsseldə yenə Mişelin vasitəçilik etdiyi üçtərəfli görüşdə rəqəmsal tanınma barədə razılaşma əldə edildi, yəni 86.6 min kv. kilometr çərçivədə Azərbaycanın, 29.8 min kv. kilometr çərçivədə Ermənistanın ərazi bütövlüyü tanındı. Bu o deməkdir ki, 4.4 min kv. kilometr sahəsi olan keçmiş DQMV, eləcə də sovet Azərbaycanının ərazisinə daxil olmuş 8 kənd Azərbaycanın tərkib hissəsi kimi tanınıb.
3. Simonyan bizim Prezidentin Ermənistanın ərazi bütövlüyünü 29.8 min kv. kilometr çərçivədə tanıdığını qeyd etməklə ardınca deyir ki, Ermənistanın indiki ərazisi 29.8 min kv. kilometrdir. Vitse-spikerin yalanı və gizli oyunu ordadır ki, hazırkı anda Ermənistan faktiki 29.8 min kv. kilometrdən daha böyük əraziyə malikdir. Qazaxın 7, Naxçıvanın Kərki kəndinin faktiki Ermənistan işğalında olması bunu sübut edir. Xankəndi və onun ətrafındakı bir sıra ərazilərin də hələ faktiki Ermənistanın əlində olduğunu nəzərə alsaq, deyilməlidir ki, Ermənistan hazırda 28.9 min kv. kilometrdən də böyükdür. Simonyan rəy yaratmaq istəyir ki, Prezident İlham Əliyev guya 29.8 min kv. kilometr çərçivədə Ermənistanın ərazi bütövlüyünü tanımaqla həmin 8 kəndi ilə birlikdə Ermənistanın ərazisini 29.8 min kv. kilometr hesab edib. Yəni əgər həmin 8 kənd Azərbaycana qaytarılsa, guya Ermənistanın sahəsi 29.8 min kv. kilometrdən aşağı düşəcək ki, bu da üçtərəfli Praqa və Brüssel razılaşmalarına zidd olar. Tam yalan və absurd bir manipulyasiyadır. Məsələ burasındadır ki, bizim Prezidentimiz üçtərəfli razılaşmalara uyğun olaraq 29.8 min kv. kilometr sahədə Ermənistanın ərazi bütövlüyünü tanıyır, İlham Əliyev bunu bağlı qapılar arxasındakı danışıqlarda da edir, açıq qapıların arxasında görünən çevrələrdə də edir. Çünki dövlətimizin prinsipial mövqeyidir. Əgər 1991-ci il Alma-Ata sazişinə uyğun sərhədlər daxilində Praqada və Brüsseldə Azərbaycana 86.6, Ermənistana 29.8 min kv. kilometr ərazi tanınıbsa, İlham Əliyev necə deyə bilər ki, Ermənistanın ərazisinin 29.8 min kv. kilometr olmasını qəbul etmirəm və ya tanımıram?!.. Ancaq burada incə bir məqam var ki, bizim Prezident məhz onu tanımır, tanıya bilməz və Simonyan da bicliklə məhz bu məqamı ört-basdır etmək istəyir. Bu məqam odur ki, İlham Əliyev Ermənistanın indiki ərazisini heç vaxt 29.8 min kv. kilometr hesab etməyib, qəbul etməyib və anklav vəziyyətdə saxlanan 8 kənd, Xankəndi, Xocalı Azərbaycana faktiki qaytarılmayınca, İlham Əliyev hazırda Ermənistanın guya 29.8 min kv. kilometr olması fikrini qəbul etməyəcək.
İndi gördünüzmü ki, Simonyan İlham Əliyevin guya "bağlı qapılar arxasında tanıdığını" niyə xüsusi vurğu ilə deyir? O elə rəy yaratmaq istəyir ki, guya Azərbaycan Prezidenti bağlı qapılar arxasında bir, açıq qapılarda başqa şey deyir. Beləliklə, konkret desək... "AZƏRBAYCAN PREZİDENTİ 29.8 MİN KV. KİLOMETRDƏ ERMƏNİSTANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIYIR, ERMƏNİSTANIN HAZIRKI ƏRAZİLƏRİNİN İSƏ 29.8 MİN KV. KİLOMETR OLDUĞUNU QƏTİYYƏN TANIMIR" - Axı hazırda Ermənistan 29.8 min kv. kilometrdən daha çoxdur. Bu qədər net və sadə...
Tahir TAĞIYEV