Priqojinin Rusiyada qaldırdığı hərbi qiyamdan daha çox narahat olan Ermənistan olub. Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb, orada xüsusilə deyilir:
“Rusiya Federasiyasının Rostov vilayətində yaranmış vəziyyətlə əlaqədar olaraq, regionda olan Ermənistan Respublikasının vətəndaşları zərurət yarandıqda Ermənistan Respublikasının Rostov şəhərindəki Baş Konsulluğu ilə əlaqə saxlaya bilərlər.
Ermənistan Respublikasının Baş Konsulluğu adi qaydada işini davam etdirir”. Müraciətdə Ermənistan Respublikasının Moskvadakı səfirliyinin qaynar xəttinin nömrələri də qeyd olunur.
Ermənistanın Rusiyadakı proseslərlə bağlı bu aşırı narahatlığı nə ilə bağlıdır?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan başdan-ayağa Rusiyanın köləsidir: “Rusiyanın forpostu və oyuncağına çevrilmiş bir ölkənin hansısa formada Rusiyaya qarşı demarş edəcəyi o qədər də ağlabatan görünmür. Bu baxımdan Ermənistanda həyata keçirilən Rusiya əlehinə kampaniya daxili auditoriyaya hesablanıb. Rusiya-Ermənistan münasibətlərində, əlbəttə ki, süni bir gərginlik görüntüsü var. Bu da ondan ibarətdir ki, Ermənistanda Sorosçuların hakimiyyətə gəlməsi Rusiyanın maraqlarını əsla özündə ehtiva etmir. Məhz bu konteksti nəzərə aldıqda Ermənistan Rusiya əlehinə daha ciddi siyasi fəaliyyət həyata keçirir. Eyni zamanda indiki Ermənistan hakimiyyəti öz təxribatlarına Rusiyadan dəstək almağa çalışır.
Bu dəstəyin daha da çox olmasını, eyni zamanda Ermənistanın bütün tələblərini qeyd – şərtsiz yerinə yetirmək üçün Rusiyanı KTMT və digər məsələlərdə təhdid edir. Ermənistan hazırda Rusiyadam tam asılı vəziyyətdədir. Azərbaycanın müharibədən sonra yaratdığı reallıqlardan yayınmaq üçün Rusiyanın dəstəyinə böyük ehtiyac duyur. Priqojinin qiyamı uzun sürərdisə, bu, Rusiyanın başının vətəndaş müharibəsinə qarışmasına səbəb olacaqdı. Bunun da nəticəsində Rusiyanın başı öz daxili problemlərinə qarışmış olacaqdı. Hazırda Qarabağda olan erməni separatçılarına dəstək verən Rusiya sülhməramlılarının taleyində də qeyri-müəyyənlik yaşanacaqdı. Ermənilər bütün bunları dərk etdikləri üçün Rusiyadakı mövcud vəziyyətin qorunub saxlanmasını istəyirlər. Onların başlıca narahatlığı Rusiyanın taleyi ilə bağlı deyil. Özlərinin siyasi və hərbi dəstəkdən məhrum olacaqlarından qaynaqlanan bir mövqedir. Bu gün Ermənistan-Rusiya münasibətləri, yumşaq desək, çoxşaxəli bir hal yaradıb ki, bu da özündə Rusiyanın Ukrayna müharibəsindəki iştirakından qaynaqlanır. Ermənistan bu prosesdən maksimum fayda götürür. Rusiyanın sanksiyadan yayındırdığı bir çox əməliyyatlar Ermənistan üzərindən həyata keçirilir”.
Məhəmmədəli QƏRİBLİ