Fransa əməllicə Ermənistanın silahlanmasına girişib. Ermənistan Fransadan quru əsaslı, qısa mənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almağı planlaşdırır. Bu barədə AKM Teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, tərkibindəki sensorlar sayəsində sistem gecə-gündüz şəraitində işləyə bilir. Yüngül avtomobillərə tətbiq oluna bilən “Atlas-RC/LIC2ORNE” kombinasiyası yüngül çəkisi hesabına dördtəkərli avtomobillərə də tətbiq oluna bilər. “Link 16” sayəsində 8-ə qədər sistem eyni anda koordinasiyada işləyə bilər.
Qeyd edək ki, bundan əvvəl Fransanın Ermənistana 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transpartyorlarını verəcəyi haqqında da məlumat yayıldı. Görünən odur ki, Fransa Ermənistanı silahlandırmağa davam etmək qərarına gəlib. Eyni zamanda Ermənistan-Azərbaycan danışıqlarında Moldovada beştərəfli qeyri-rəsmi formatda da olsa, hansısa “vasitəçi” rolunu oynamağa çalışır. Həm Ermənistanı silahlandırmaq, həm də tərəflər arasında vasitəçi olmaq cəhdi bir araya sığmır.
“Fransanın planı odur ki, Rusiyanı Ermənistandan çıxarsın”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Fransanın Ermənistanı silahlandırmaqla bağlı artan səyləri Parisin bir sıra planlarından xəbər verir: “Bəzən belə yanlış fikirlər səsləndirilir ki, Ermənistanın silah arsenalı tamamilə Rusiya istehsalı olduğu üçün Fransanın bu yöndə fəaliyyətinin perspektivi yoxdur. Hesab edirəm ki, məsələlərə bu cür yanaşmaq doğru deyil. Düzdür, Ermənistanın silah parkını yeniləmək və istiqamətini dəyişmək asan məsələ deyil. Üstəlik, Ermənistan KTMT üzvüdür. Ancaq bütün bunlar o demək deyil ki, Ermənistan Fransa silahlarından imtina edəcək və zamanla mərhələli şəkildə buna keçməyəcək. Çünki Rusiyanın düşdüyü vəziyyətdən asılı olaraq Ermənistan uyğun zəmin yaranan kimi KTMT-dən çıxacaq. Baxın, bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan Parisə ikinci dəfə işgüzar səfər edib. Birinci görüş ötən il Ermənistanın təxribatları səbəbindən yaşanan sentyabr döyüşlərindən sonra, həmin ayın 28-də baş tutub. Həmin gün Ermənistan müdafiə nazirinin səfəri və görüşü Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında keçirilən görüşə paralel baş tuturdu. Təsadüfi deyil ki, Papikyanın səfəri də həm Ermənistan-Azərbaycan sərhədində, həm də seperatçıların yerləşdiyi bölgədə vəziyyətin kifayət qədər gərgin olduğu bir şəraitdə baş verib. Təbii ki, döyüş əməliyyatları olmasa da, bölmələrimizin atəşə tutulması halları kifayət qədər tez-tez baş verir. İstisna deyil ki, Ermənistanın Rusiyadan incik olduğu bir vaxtda Paşinyan hakimiyyəti bu cəsarəti Fransadan alır. Maraqlıdır, məhz Papikyanın Paris səfərindən sonra Ermənistanın Fransadan bir sıra müasir tipli silahlar alması barədə məlumatların sayı artır. Hesab edirəm ki, bütün bunlar təsadüfi deyil. Fransanın bilavastə təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı mülki missiyasını Ermənistana göndərirsə, Paris erməniləri mərhələli şəkildə silahlandıra da bilər. Fransanın planı odur ki, Rusiyanı Ermənistandan çıxarsın”.
Vidadi ORDAHALLI