“Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik”. Bu fikirləri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
Ölkə başçısı fikirlərini belə əsaslandırıb: “Birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik. Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Biz o mövqelərdə möhkəmlənirik. Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir”.
“Ermənistan xoşluqla sərgilədiyi qeyri-konstuktiv mövqedən uzaqlaşmaq istəmir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Son 3 ilə yaxın dövrdə Ermənistan hakimiyyəti əslində Moskva razılaşmasınin bir sıra vacib şərtlərini yerinə yetirməkdən, dolayısı yolla da olsa, imtina edir. Əslində nə bölgədə nəqliyyat kommunikasiya xətlərinin, nə də sərhədlərin delimitasiyası ilə bağlı aparılan danışıqlarda ciddi bir irəliləmə müşahidə olunmur. Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarının tanınması ilə bağlı Paşinyanın verdiyi açıqlamalar daha çox deklarativ mahiyyət kəsb edir. Sözdən əmələ keçid istiqamətində əməli bir mövqe hələ ki, ortalıqda yoxdur. Nəhayət, Avrasiya İqtisadi İttifaqının Moskva toplantısında Paşinyanın Moskva razılaşması tərəflər arasında hər hansı sülh müqaviləsinin imzalanmasını ehtiva etmir. Əslində rəsmi Bakı sülh danışıqları amilindən manipulyasiya məqsədləri naminə istifadə edir kimi məsuliyyətsiz yanaşmaları göstərir ki, Ermənistan xoşluqla sərgilədiyi qeyri-konstuktiv mövqedən uzaqlaşmaq istəmir. Bu isə, Ermənistan siyasətçilərinin və onların Qərbdəki havadarlarının fikrincə, əvvəl-axır rəsmi Bakını güc amilindən istifadə etməyə sövq edəcək. Bu isə Ermənistan və Qərbin Bakını atəşkəslə bağlı öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə, həm də təcavüzkar xətt həyata keçirməkdə ittiham etməyə əsas verəcək”.
Politoloqun fikrincə, rəsmi Bakının Zəngəzur dəhlizi ilə bağlı Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəyi təqdirdə onu güc tətbiq etməklə bağlı hərbi ritorikası Ermənistan siyasi isteblişmentinə bununla bağlı bəyanatlar verməyə imkan yaradıb: “Zira Azərbaycan hakimiyyəti hərbi əzələ nümayiş etdirərkən gerçəkdən münaqişə tərəfi olaraq hansı gücə və imkanlara malik olduğunu Ermənistan, onun havadarlarına nümayiş etdirirdi. Digər tərəfdən, Qarabağdakı separatçi rejimə qarşı antiterror əməliyyatlarının keçirilməsi üçün beynəlxalq hüququn ona verdiyi imkanlarından istifadə edəcəyini bəyan edirdi. Azərbaycan Ordusunun isə hərbi güc və qüdrətinə görə Cənubi Qafqazın 1 nömrəli ordusu olduğu rəsmi İrəvan və onun havadarlarına məlumdur. Lakin son vaxtlar Azərbaycan prezidentinin bəyanatlarında “biz tələsmirik” kimi ifadələr ekspertlərin diqqətini cəlb edib. Ermənistanın Qərb vasitəsilə danışıqların format və mahiyyətinə yenilik gətirmək cəhdləri göz qabağındadır. Bu sifarişlərin də Qərbdən alınması istisna deyil. Əvvəla, Ermənistanın Rusiya ilə münasibətlərində məlum olaylar Qərbin diqqətindən yayınmır. Qərb tərəflər arasında münasibətlərdə olan çatın dərinləşməsinə səy göstərir. Ukraynada yaşanan qarşıdurma şəraitində Rusiya daha bir cəbhədə münaqişəyə cəlb olunmaqdan yayınacaq. Digər tərəfdən, kiçik bir təxribat vasitəsilə Qərb bölgədəki geosiyasi reallıqları dəyişməyə cəhd göstərəcək. Rusiya, aydındır ki, Azərbaycan antiterror əməliyyatı keçirəcəyi halda bunu rəsmi Bakının beynəlxalq hüquqla təsbit olunmuş hüququ kimi tanıyıb. Ona görə müdaxilə etməyəcək. Çünki Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında oynayacağı rol, digər tərəfdən Qərbdən artan sanksiyalar qarşılığında ölkəmizin Rusiya üçün arttan logistik rolu Moskvanın neytral qalmasına səbəb olacaq”.
Vidadi ORDAHALLI