Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib ki, işğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdi:
“Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi”.
Dövlət başçısı bildirib ki, buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır:
“Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq?”.
Prezidentin bu açıqlaması Azərbaycanın qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, həm də ölkəmizin Qarabağ üzərindəki qəti suverenliyini təsdiqləmiş olurmu?
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikinci Qarabağ müharibəsindən sonra bəzi Avropa dövlətlərinin, hətta erməni lobbisi ilə əlaqəsi olan dövlətlərin Azərbaycan bölgəsinə gəlməsi baş verib: “Həmin vaxt bizim məlumatımız tam şəkildə olmayın. Amma indi 23 apreldən bu günə biz tam şəkildə öz ərazilərimizə nəzarət edirik və bu o deməkdir ki, bura hər hansı kənar şəxsin, yaxud şəxslərin, qrupların, başqa dövlətin nümayəndələrinin gəlməsi qeyri-mümkündür. Düzdür, Avropa dövlətlərinin bir qismi hər zaman Ermənistan lobbisinin maraqlarına xidmət edən açıqlamalarla yadda qalmışdı. İndi Azərbaycan açıq şəkildə göstərir ki, mənim güclü ordum var, mən öz ərazilərimi müdafiə etmək və qorumaq qüdrətinə malikəm. Öz ərazimi kim olursa olsun, güzəştə getməyəcəm. Gəlmək istəyən yalnız mənim icazəm və razılığım əsasında gələ bilər. Düşünürəm ki, bu açıqlama ilə artıq lazımi mesajlar ünvanına çatdırılıb və bu gün də Avropada olan bəzi dairələrin anti-Azərbaycan siyasəti bizə qəribə gəlmir. Bu gizli bir hal deyil və biz hər zaman bunu görmüşük, bu gün də görürük. İki gün öncə Avropa Şurası tərəfindən Azərbaycana qarşı qərəzli bir qətnamənin qəbul edilməsi ondan xəbər verir ki, ədalət anlayışı Avropanın özündən belə uzaqdır. Bu baxımdan düşünürəm ki, biz öz ərazilərimizin qorunması məsələsində ədalət prinsipinə əsaslanan addımlar atmalıyıq. Çünki bizim Avropadan hansısa formada ədalət gözləməyimiz əbəsdir. Onların bizə verəcəyi hər hansı bir dəyər, yaxud töhfə yoxdur”.
Məhəmmədəli QƏRİBLİ