Güney azərbaycanlılar İran-Ermənistan sərhədinə gedərək, ermənilərin çirkab suyunu Araz çayına axıtmasının görüntülərini çəkiblər.
Bu barədə “Azad İran” Telegram kanalı məlumat verib. Videoda deyilir ki, Araza axıdılan su çox təhlükəlidir və bunun nəticəsində çayda balıqlar ölür, azərbaycanlıların əkin sahələri məhv olur. “Dövlət qurumlarına dəfələrlə müraciət etmişik. Nə qədər etiraz etmişik. Bizi eşidən yoxdur. Məsul şəxsə səslənirəm: Rahat oturduğun yerindən qalx, gəl buradakı vəziyyəti gözlərinlə gör. Ermənilərə etirazını bildir”, - deyə videonu lentə alan şəxs bildirib.
Qeyd edək ki, molla rejimi utanmadan qardaş dediyi işğalçı Ermənistana havadarlıq edir və ermənilərin Araz çayını çirkləndirmədiyini iddia edir. Araz çayının Ermənistan tərəfindən kimyəvi və zəhərli tullantılarla çirkləndirilməsi Güney Azərbaycanda əhali arasında xərçəng və digər təhlükəli xəstəliklərin artmasına səbəb olub.
“Bu çayın çirkləndirilməsi bölgədə sağalmaz xəstəliklərin yaranmasına, çay hövzəsinin flora və faunasının məhvinə gətirib çıxaracaq”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Araz çayı tək bizim deyil, bütöv Azərbaycanın problemidir. Ona görə də bu məsələ ilə bağlı güneyli soydaşlar bizimlə eyni fikirdə olmalıdır. Onlar Araz çayının çirkləndirilməsi mövzusunda olduqca fəal olmalıdır: “Ümumiyyətlə, güneyli soydaşlarımızın ermənilərin törətdiyi əmələ bu cür reaksiya verməsi diqqətçəkəndir. Hesab edirəm ki, Araz çayı ilə bağlı problemlərin həll olunması üçün Azərbaycan bütövləşməlidir. Güney Azərbaycan fars molla rejimindən azad olmalıdır və orda müstəqil dövlət qurulmalıdır. Həmin dövlət yaxın müddət ərzində Azərbaycan dövləti ilə birləşməli və bütövləşməlidir. Ondan sonra Araz çayı tam şəkildə bizim nəzarətimizdə olacaq. Belə olarsa Ermənistan tərəfi Araz çayını zəhərləyə bilməyəcək. Bu baxımdan da hesab edirəm ki, məlum mövzu ilə bağlı həmvətənlərimiz bir araya gəlməlidir. Nəzərə almaq lazımdır ki, Araz çayı Azərbaycanın əsas içməli su qaynaqlarından biridir. Bu çayın çirkləndirilməsi bölgədə sağalmaz xəstəliklərin yaranmasına, çay hövzəsinin flora və faunasının məhvinə gətirib çıxaracaq”.
Günel CƏLİLOVA