“Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs barəsində 6 ay şərti həbs qərarı verilib”. Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviter hesabında paylaşım edib. "Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs 6 ay şərti həbs və dəymiş ziyanın ödənilməsinə məhkum edilib. Ədalətin bərqərar olmasına sevinir, təcavüzü pisləyirik", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, ötən il sentyabrın 18-də ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum edib. Vandallar səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb. Onlara polis müdaxilə etməyib.
Məlum olduğu kimi, bu ilin yanvarında da Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub və Fransadan fərqli olaraq, hələ də Tehran rejimi terrorçunu cəzalandırmayıb, ona layiq olduğu cəzanı verməyib. Molla rejimi cinayətkarı himayə edir və özündən uydurur ki, guya hadisə “şəxsi zəmində” baş verib və terrorçu da “ruhi xəstədir”.
Heç olmasa Fransa bu şəkildə də olsun tədbir gördü, amma İrandan hər hansı bir tərpəniş yoxdur.
Sözsüz ki, Fransanın da qəbul etdiyi qərar adekvat deyil. Azərbaycan kimi dövlətin dünyada nüfuzuna xələl gətirilib, səfirliyimiz terror hücumuna məruz qalıb, polis müdaxilə etməyib, caniyə 6 ay həbs cəzası verilib. Əlbəttə, 6 aylıq həbs cəzası çox yüngül cəzadır, ona daha ağır cəza verilməli idi.
“İran Azərbaycan səfirliyinə qarşı terror hücumu edən şəxslə bağlı ona görə tədbir görmür ki, bu hadisənin arxasında mollakratiya özü dayanıb”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə “Bütün hallarda Fransanın bir Avropa ölkəsi kimi çox da ədalətli olmayan bir qərar qəbul etməsi gözlənilən idi. Düzdür, Fransız məhkəməsinin verdiyi bu qərar çox da ədalətli deyil, amma yenə də bir anlam kəsb edir ki, yüngül bir cəza ilə də olsa, məsələni bağlamış oldular. Əlbəttə, daha sərt cəza verilsəydi bu daha ədalətli olardı.
İran adlanan ölkə isə hələ də cinayətkarı cəzalandırmayıb. Əslində, molla rejiminin Azərbaycan səfirliyinə qarşı terror törədən cinayətkarla bağlı qərar verəcəyi gözlənilən deyil. Fikrimizi onunla əsaslandırırıq ki, hər şey gün kimi ortada olduğu halda molla rejimi hansısa uydurmalar sorağındadır. Bu rejim özlərinəməxsus məkrli iddialarla Azərbaycanı “günahkar” çıxarmağa çalışacaq. Ən yaxşı halda isə bu məsələni tamam başqa yerlərə yönəldib, Tehran rejiminin maraqlarına uyğun şəkildə kökləməyə çalışacaqlar. İran Azərbaycan səfirliyinə qarşı terror hücumu edən şəxslə bağlı ona görə tədbir görmür ki, bu hadisənin arxasında mollakratiya özü dayanıb. Fars-molla rejiminin özü səfirliyimizə qarşı terror hücumu təşkil etmişdi və məqsədi də Azərbaycana göz dağı vermək idi. Belə olduğu halda İran adlanan ölkənin ədalətli qərar verməsi də mümkün deyil. Bu, bu terroru təşkil edənin özünün özünü cəzalandırması olardı ki, bu da mümkün deyil. Molla rejimi cinayətkara cəza verməməklə öz mahiyyətini ortaya qoyur və bununla prosesi qeyri-müəyyən vaxta qədər ləngidir ki, bəlkə bir bəhanə tapa bildi”-deyə bildirdi.
F.Ələkbərli hesab edir ki, nə olursa olsun, bu kimi hadisələr Tehran rejiminin özünün sonunu gətirəcək. F.Ələkbərlinin sözlərinə görə, molla rejimi nə qədər prosesi laqeyd şəkildə ləngidirsə bu bir o qədər onun öz əleyhinə işləyəcək. “Tehran rejimi terrorçunu hələ də cəzalandırmamaqla öz etibarını sıfıra endirib. Azərbaycanın bu məsələdə haqlı olduğu ortadadır. Gec-tez əödalət zəfər çalacaq”-deyə müsahibimiz vurğuladı.
Əli TURABOV