Ermənistan baş nazirinin müavini Qriqoryan 15 iyundan başladıqları sərhəd təxribatlarının ən "şirin" çağında xəbər yaydı ki, Azərbaycana delimitasiya komissiyalarının iclasını keçirməyi təklif etmişəm və məqsədimiz həm də sərhədlərdə yaranmış durumu müzakirə etməkdir. "Həm də yox", elə əslində ermənilərin məqsədi delimitasiya deyil, sərhədlərdə yaranmış gərginliyi guya müzakirə etməkdir. Onlar delimitasiyadan yana olsaydılar, bu müzakirəni çoxdan keçirərdilər. Niyə bəs indi yada düşdü delimitasiya? Əsl məqsədləri sərhədlərdəki son təxribatlarda guya Ermənistanın müqəssir olmadığını dünyaya göstərməkdir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Qriqoryan guya, Azərbaycana görüş keçirmək təklifi verdiyini yaydı, bizim bəzi qoçaq sayt rəhbərləri də dərhal ağına-boşuna baxmadan Qriqoryanın xəbərini tirajladılar, bir fərqinə varan olmadı ki, Qriqoryan kimdir təşəbbüs göstərsin, müharibədən sonra bütün məsələlərin və görüşlərin təşəbbüskarı Azərbaycan Prezidenti olub, ermənilər isə Əliyevin təşəbbüslərini bacaranda geri çeviriblər, bunu bacarmayanda nəticəsiz bir görüşə könülsüz razılıq veriblər.
İndi bizim bəzi informatorlar mahiyyətcə Azərbaycana məxsus delimitasiya təşəbbüsünə Qriqoryanın həmmüəlliflik etmək cəhdlərinə təəssüf ki, dəstək verdilər... Bu mərhələ bitdi..
Dünən Qriqoryan ikinci mərhələni açdı. Xəbər yaydı ki, bəs, delimitasiya komissiyalarının görüşü barədə təklifimizə Azərbaycan müsbət cavab verib, ancaq hələ bilmirik görüş nə vaxt və harada olacaq.
Çox təəssüf ki, bizimkilərdən hələ rəsmi açıqlama yoxdur ki, doğurdanmı Qriqoryanın təklifinə müsbət cavab verilib və doğurdanmı bu görüşdə sərhədlərdəki təxribatlar da müzakirə olunacaq?
Hər kəs bilməlidir ki, Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının görüş təşəbbüskarlığı həmişə Azərbaycana məxsus olub, Ermənistanınkı isə bu yöndə sadəcə söz oynamaqdan ibarət olub.
Dostlar, heç olmasa Prezidentimizin dəfələrlə dediyi bu məzmunlu bəyanatını xatırlayaq - biz sərhədlərin tezliklə delimitasiyasının tərəfdarıyıq, Ermənistan da bunu istəsə daha yaxşı, istəməsə biz indi dayandığımız yerlərdə sərhəd xətlərini çəkəcəyik, Ermənistana siyasi-diplomatik təzyiqlərimizi isə davam etdirəcəyik.
Delimitasiya məsələsində ən ardıcıl təşəbbüskarlığın Azərbaycana məxsus olduğuna, qriqoryanların dediklərinin isə informasiya oyunu olduğuna bundan güclü sübut var?!
İndi buyurun, delimitasiya görüşü barədə Qriqoryanın təklifinə guya Azərbaycanın müsbət cavab verdiyi barədə erməni mənbələrinə istinadla yaydığınız xəbərləri ortadan qaldırın, bu, bizim ziyanımızadır. Deməyin ki, Azərbaycan təklifə cavab verdi, deyin ki, Azərbaycan delimitasiya görüşlərinə hər vaxt hazırdır.
Tahir TAĞIYEV