Ukraynada davam edən müharibə getdikcə daha təhlükəli fazaya daxil olmaqdadır. Bu fonda diqqət çəkən məqam davam edən müharibənin Rusiya və Qərb arasında münasibətləri daha da gərginləşdirməsidir. Kreml iddia edir ki, hazırda Qərb Ukrayna vasitəsilə onunla müharibə aparır.
Belə bir vaxtda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərbi yenidən hədələyib. O xəbərdarlıq edib ki, Ukrayna Silahlı Qüvvələri HIMARS və “Storm Shadow” raketləri ilə zərbələr endirilməsini planlaşdırır: “Belə raketlərdən xüsusi hərbi əməliyyat zonasından kənarda istifadə edilməsi ABŞ və Britaniyanın münaqişəyə birbaşa cəlb olunması kimi qiymətləndiriləcək və yubadılmadan Ukrayna ərazisində qərarların qəbul edilməsi mərkəzlərinə zərbələr endirilməsinə yol açacaq”.
Son həftələrdə Ukrayna ordusu Rusiyanın işğalı altında olan ərazilərdəki, o cümlədən Mariupol, Berdyansk və Luhansk vilayətlərindəki Rusiya qoşun birləşmələrinə uzaqvuran “Storm Shadow” raketləri ilə zərbələr endirib. Ukraynaya silah verən Qərb ölkələri bildirirlər ki, Rusiya ərazisinə zərbələri təqdir etmirlər, amma Krım beynəlxalq qanunla Ukrayna ərazisidir. Bu səbəbdən Krıma zərbə endirilə bilər. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko qeyd edir ki, bütün bunlar böyük təhlükədən xəbər verir: “İndi dünyada vəziyyət Karib böhranından daha dərindir, Qərb qətiyyətlə münaqişənin kəskinləşməsinə doğru gedir, Kiyevi silahla təchiz edir. Bəşəriyyət II Dünya müharibəsinin bitməsindən sonra bəlkə də ən çətin mərhələni yaşayır. Gərginlik baxımından, məncə, 1962-ci ildəki Karib böhranını belə ötüb keçmişik. Və bunun məsuliyyəti yalnız ABŞ və onun müttəfiqlərinin üzərinə düşür”. Onun sözlərinə görə, Rusiyanın əsas düşməni heç də Kiyev rejimi deyil, bu münaqişəni diqqətlə hazırlayan ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbdir. Bu şəraitdə Rusiyanın nüvə silahına əl atacağına dair xəbərdarlıqlar da artır. Hətta bu günlərdə ABŞ prezidenti Cozef Bayden deyib ki, Rusiyadan olan həmkarı Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər. O bildirib ki, bu təhlükə realdır. Bayden Putinin Rusiyanın Belarusa ilk taktiki nüvə silahlarını yerləşdirməsi ilə bağlı açıqlamasını məsuliyyətsizlik kimi qiymətləndirib. Qeyd edək ki, Rusiya rəsmiləri, o cümlədən Putin bir neçə dəfə deyiblər ki, Ukrayna ilə müharibədə nüvə silahının tətbiqi mümkündür. Lakin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov əmindir ki, Rusiya nüvə silahından istifadəyə getməyəcək: “Kəşfiyyat rəhbəri kimi sizə qəti deyirəm: bu olmayacaq. Rusiya Federasiyasından nə qədər xoşlanmasam da deməliyəm ki, o ölkəyə başçılıq edənlərin arasında idiotlar elə də çox deyil”. Budanov israr edir ki, sülh Rusiyanın strateji məğlubiyyəti olmadan və bu ölkədə hakimiyyətin formatı dəyişdirilmədən mümkün deyil: “Ya bütün tərəflər eyni vaxtda müharibədən çıxacaq, ya da bir tərəf qalib gələcək, digər tərəf uduzacaq. Başqa variant yoxdur”.
Yeri gəlmişkən qeyd edək ki, elə Qərb də indiki halda münaqişənin dondurulmasına qarşıdır. NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO Rusiya-Ukrayna müharibəsinin dondurulmasının əleyhinədir. Kremldə buna kəskin reaksiya verilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov cavab olaraq qeyd edib: “NATO-nun Baş katibi Yens Stoltenberq münaqişənin dondurulmasını istəmirsə, deməli, döyüşmək istəyir. Onda döyüşək”. O bildirib ki, Stoltenberqin bu açıqlaması Qərbin müharibəni davam etdirmək istəyindən xəbər verir. Qərb isə indiki halda Ukraynaının əks hücumunun müharibənin taleyini həll edəcək əsas faktor olacağını bildirib. Ukraynalı hərbi ekspert Oleq Jdanov isə qeyd edir ki, Qərb silahları sayəsində Ukrayna Silahlı Qüvvələri hücumun birinci mərhələsini başa vurub və əsas hücuma hazırdır. Bununla belə, tədricən hərəkət etmək və gücü sona qədər saxlamaq vacibdir. O vurğulayıb ki, ruslar dayanmayacaqlar, ona görə də arxayınlaşmaq olmaz: “Deyərdim ki, bu, əslində həyata keçirdiyimiz hücumun birinci mərhələsidir. Biz döyüşlə kəşfiyyat apardıq, demək olar ki, dayaq xəttini keçdik. Bu gün hərbi əməliyyatların intensivliyi azalıb, lakin Ukrayna Silahlı Qüvvələri hələ də rusları müdafiə olunmağa məcbur edir və onları bir neçə istiqamətdə darmadağın edir. Eyni dərəcədə ukraynalı müdafiəçilər düşmən logistikasını və maddi-texniki təchizatını sistematik şəkildə məhv edir". Amma Ukrayna prezidenti Volodimir Zelenski diqqəti ona yönəldir ki, Rusiya Ukraynanın 200 min kvadrat kilometrlik ərazisini minalayıb və bu da hücumu çətinləşdirir. O bildirib ki, Ukrayna ordusunun cəbhədə yavaş irəliləməsinin əsas səbəblərindən biri budur: “Biz ən uyğun bildiyimiz formada irəliləyəcəyik”. Zelenski həmçinin qeyd edib ki, NATO-nun təhlükəsizlik zəmanəti rəsmi Kiyev üçün vacibdir: “Amma Alyansa üzvlük bizim üçün son məqsəddir”. Dövlət başçısının sözlərinə görə, qələbə Ukrayna üçün zəruridir: “İşğalçılıq siyasəti davam edərsə, Rusiyada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, biz danışıqlar masasına oturmayacağıq. Biz müharibənin dondurulmasına razı olmayacağıq”.
Nahid SALAYEV