“Biz İrəvanı üçtərəfli formatda fəaliyyətdən geri çəkilməməyə çağırırıq. Onların fəaliyyətindəki fasilələr regiondakı vəziyyətə mənfi təsir göstərir və vəziyyətin gərginləşməsinə gətirib çıxarır”.
Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışarkən deyib.
Zaxarova qeyd edib ki, ölkəsi razılaşdırılmış hər şeyin yerinə yetirilməsinin tərəfdarıdır: “Biz bölgədəki vəziyyətdən tutmuş iqtisadiyyata qədər bütün istiqamətlərdə addım-addım işləməyə hazırıq. Bu, çox böyük səy tələb edən, çox çətin işdir. Bunu etdik və davam etdirməyə hazırıq. Rusiya sülhməramlılarının əsas vəzifəsi onların məsuliyyətində olan zonada atəşkəs rejimini qorumaqdır”.
Görünən odur ki, Zaxarova bu və digər məsələlərlə bağlı topu Ermənistana atıb. Maraqlı olan odur ki, Ermənistan tərəfi üçtərəfli razılaşmanı addımbaşı pozur, amma Rusiya rəsmiləri hələ də tövsiyə verməklə məşğuldur. Niyə?
“Separatçılar sülhməramlıların arxasında gizlənərək səngər qazmağa, döyüş mövqeyi qurmağa çalışırlar”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, təəssüflər olsun, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə töhfə verə bilmir. Ötən illər ərzində Rusiyanın həyata keçirdiyi siyasi xətt iki ölkə münasibətlərinin daha da dalana dirənməsi ilə nəticələnib. İndiyə qədər Azərbaycanın regionda sülhlə bağlı vəziyyəti təşviq edən addımları və hərəkətləri Moskva tərəfindən dəstəklənmir. Əksinə, Qarabağda separatçılığın qızışdırılmasında vasitəçi qismində çıxış etməyə davam edir. Sanki rus sülhməramlıları Qarabağa barışın, birliyin əldə olunmasına yox, separatçılığı qızışdırmağa gəliblər. O baxımdan da hesab edirəm ki, Rusiya rəsmilərinin fikirləri prosesin uzanmasına xidmət edir. Çünki Rusiya maraqlı deyil ki, iki dövlət arasında sülh olsun. Rusiya hakimiyyəti üçtərəfli razılaşmadan irəli gələn öhdəliklərin həyata keçirilməsində maraqlı olsaydı, o zaman bunun həyata keçirilməsi ilə bağlı konkret tələblərlə çıxış edərdi. Ermənistana təzyiq göstərərdi ki, silahlı birləşmələrini Qarabağdan çıxarsın. Biz nəyi görürük? Biz onu görürük ki, separatçılar sülhməramlıların arxasında gizlənərək səngər qazmağa, döyüş mövqeyi qurmağa çalışırlar. Halbuki, 10 noyabr razılaşmasından irəli gələrək Rusiya bütün bu qanunsuz fəaliyyətlərə mane olmalıdır. Rusiya isə həm separatçıları qoruyur, həm də Paşinyan hakimiyyətinin nazı ilə oynayır. Bunun bir səbəbi də onunla əlaqədardır ki, Rusiya Ermənistanın Qərbin tam təsir dairəsinə keçməsindən ehtiyat edir. Fikrimcə, Rusiyanın dişsiz mövqe sərgiləməsi həm də bununla bağlı ola bilər”.
Vidadi ORDAHALLI