Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova hökm oxunub. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Hüseyn Axundov əsassız iddialarla təqsirləndirilib. O, güya Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini “qətlə yetirib".
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs edilib.
Hüseynin Ermənistanda əsir götürüldüyü kadrlarından əslində hər şey gün kimi aydındır. Ona qarşı olan təzyiq, zor tətbiqi, işgəncə yayılan kadrlarda açıq-aşkar Hüseynin hər halından bəlli idi. Lakin təəssüf ki, "insan haqlarından" dəm vuran beynəlxalq təşkilatlar, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verməkdən yorulmayan dövlətlər və dövlət başçıları Azərbaycan əsgərinə qarşı olan işgəncə görüntülərinə bu zamana kimi heç bir reaksiya vermədilər.
Xatırladaq ki, Avropa Birliyinin prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brusseldə prezident İlham Əliyevlə Paşinyanın görüşündən sonra mətbuat açıqlamasında yol azaraq Ermənistana keçmiş iki azərbaycanlı əsgərin məsələsi xüsusi qabardılmış və Mişel onların azadlığa buraxılmalı olduğunu aydın söyləmişdi. Paşinyan Mişelin sözünə belə əməl edirmiş?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin xislətində belə şeylər var: “Naxçıvanda yolu azaraq Ermənistana keçən hərbçilərimizə belə cəza tələb edilməsi onların məkrli planından xəbər verir. Bir daha sübut olunur ki, Paşinyan başda olmaqla, Ermənistan hakimiyyəti səmimi deyil. Onların hər hansı sözünə, vədinə inanmaq olmaz. Şarl Mişelin nə deməsi onlar üçün önəmli deyil. Onlara lazım olan öz məkrli niyətləridir. Ermənilər tərəfindən əsir götürülən və barəsində saxta ittihamlarla cinayət işi açılan azərbaycanlı hərbçilərdən biri qanunsuz olaraq azadlıqdan məhrum edilib.
Bundan əvvəl Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi digər hərbi əsirimiz Aqşin Bəbirov haqqında 11 il 6 ay müddətinə həbs qərarı çıxarıb. Ona qarşı “dövlət sərhədini qanunsuz keçmə, odlu silah və döyüş sursatlarının dövlət sərhədindən qanunsuz keçirilməsi” maddəsi ilə saxta ittiham irəli sürülüb. A.Bəbirov bu ittihamlarla təqsirli bilinib.
Azərbaycan ermənilərin atdığı bütün addımlara sərt və adekvat cavab verməlidir. Yaxşı olardı ki, Şarl Mişel Paşinyan hakimiyyətinə bununla bağlı öz iradını bildirsin. Təəssüf ki, biz bunun şahidi olmadıq, bəlkə heç olmayacağıq da. Çünki Avropa rəsmilərinin bir çox bəyanatları formalizm xatirinədir”.
Çox güman ki, Ermənistan bununla Azərbaycanda saxlanılan erməni terrorçuların dəyişdirilməsini kompensasiya etmək istəyir.
Məhəmmədəli QƏRİBLİ