Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə yenə sərsəm bəyanatla çıxış edib:
“Biz Bakını humanitar məqsədlər üçün dəhlizin blokunu tam açmağa və Qarabağ əhalisini İrəvanla siyasi fikir ayrılıqlarının girovuna çevirməmək üçün addımlar atmağa çağırırıq”.
Ermənistan tərəfinə müraciət edən M.Zaxarova İrəvanı üçtərəfli formatda işdən geri çəkilməməyə çağırıb:
“Onların fəaliyyətində boş vaxtlar regiondakı vəziyyətə pis təsir edir və yerlərdə vəziyyətin gərginləşməsinə səbəb olur”.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Moskva Rusiya sülhməramlı kontingenti və digər kanallar vasitəsilə Laçın dəhlizinin blokunu (?) tamamilə açmaq üçün fəaliyyətini davam etdirir:
“Və biz gözləyirik ki, Ermənistan və Azərbaycan tərəfləri 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməyə davam edəcəklər. Bu vacibdir”.
Əvvəla Zaxarova bilməlidir ki, Laçın yolu ermənilərin törətdiyi təxribat səbəbindən bağlanıb. Qarabağdakı erməni əhalini isə bizim yox, erməni separatçıların girovuna çevrilib:
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın indiki hakimiyyətinin təfəkkürü budur: “Onlar ona-buna millətçi deyirlər. Ukraynanın indiki hakimiyyətinə də bu adı qoyublar. Ancaq ən böyük millətçi, nasist hakimiyyət Putinin rəhbərliyi ilə Rus dövlətidir. Onlar yenə də başqa ölkələrə keçmiş sovetlər birliyinə əsasən öz müstəmləkələri gözü ilə baxırlar. Yəni Zaxarova başqa bir ölkənin Xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəridir. Bu ölkə həmçinin üçtərəfli bəyanatda vasitəçidir. Mən bunu ciddi bir sənəd hesab etmirəm. Bu bir razılaşma, müqavilə deyil. Azərbaycan hər an öz tərəfindən bu razılaşmanı ləğv edə bilər. Oturub Moskvada ağıl verməyə çalışır. Azərbaycanla Ermənistan sanki Rusiya Federasiyasına daxil iki muxtar respublikadır. Güya Qarabağ da Moskvaya daxil bir vilayətdir və Moskva tərəfindən nəzarətə götürülüb. Ora Azərbaycanın öz ərazisidir. Azərbaycan nə istəsə edə bilər. Yaxşı olar ki, Zaxarova Ukraynanın üçdə birini xarabalığa çevirən öz dövlətinə ağıl və məsləhətlər versin. Burada bizdə də bir az günah var. Başa düşürük ki, Rusiya bizə qonşu dövlətdir. Ancaq reallıqları nəzərə almaq lazımdır. Rusiyaya da, Fransaya da, Amerikaya da bütün bu reallıqları açıqlamalıyıq. Zaxarovanın isə bu açıqlamaları birinci dəfə deyil. O sevir ağıl verməyi, bəzən aşağılayıcı tonla danışmağı. Onu da rəsmi Moskvaya anlatmaq lazımdır ki, xarici siyasətinin sözcülüyünü edən bu qadına Kremldən, Xarici İşlər Nazirliyindən ağıl verilsin ki, belə məsuliyyətsiz çıxışlar etmək olmaz. Məsuliyyətsiz çıxışların da qarşısını almağın bir metodu var. 2023-cü ilin sonuna kimi Xankəndi ətrafı nəzarətə götürülməlidir. Yoxsa bizim üçün gec ola bilər”.
Məhəmmədəli QƏRİBLİ