Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın bərpasına dair konfransda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdə dövlətimizin Ukraynanın bərpası üçün təxminən 10 milyon dollar ayırmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən İnterfaks yazıb.
“Azərbaycan Ukraynanın bərpası və yenidən qurulması səylərinə, xüsusən də elektrik avadanlıqları göndərməklə və İrpin şəhərində yenidənqurma layihələrini həyata keçirməklə öz töhfəsini verməyə davam etməyi planlaşdırır. Bu yardımın ümumi məbləği azı 10 milyon dollar təşkil edəcək”.
Azərbaycan XİN-dən bildiriblər ki, konfrans çərçivəsində Bayramov Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdə Azərbaycanın “Ukrayna ətrafında yaranmış böhranla əlaqədar humanitar yardımı” davam etdirmək niyyətini açıqlayıb. Bundan əlavə, nazirin bəyanatına görə, Azərbaycan xüsusi əməliyyat başlayandan bəri Ukraynaya 20 milyon dollardan çox humanitar yardım göstərib.
Məlum olduğu kimi, Azərbaycan indiyə qədər Ukraynaya 20 milyon dollarlıq humanitar yardım edib, indi də İprin şəhərinin bərpasına 10 milyon dollar kömək etmək niyyətindədir.
Azərbaycan Rusiyadan qorxmur, çəkinmir, Rusiya ilə də yaxşı münasibətlərdədir, eyni zamanda Ukrayna ilə də suveren dövlət olaraq əməkdaşlıq əlaqələrini davam etdirir.
Bu, Azərbaycan Prezidentinin həqiqətən də müstəqil xarici siyasət apardığının sübutu baxımından necə bir faktdır?
“Ölkəmizin bu mövqeyi də fərqli güc mərkəzləri tərəfindən hörmətlə qarşılanır”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli “Bakı-Xəbər”ə “Azərbaycan müstəqil xarici siyasət yürüdür və xarici siyasətdə öz qərarlarını qəbul edərkən ilk növbədə ölkəmizin milli maraqlarını, beynəlxalq hüquq normalarını, ədalət prinsiplərini nəzərə alır. Rusiya Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bu münaqişə, bu müharibə ilk növbədə Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bununla bağlı da dəfələrlə ölkəmiz öz rəsmi mövqeyini ifadə edib. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım göndərib. Bu yardımlar da Ukrayna hakimiyyəti tərəfindən müsbət qiymətləndirilir. Bu yaxınlarda Azərbaycan hökuməti Ukraynanın İprin şəhərinin bərpasına 10 milyon dollar yardım edilməsi barədə qərar qəbul edib. Yəni bu ondan xəbər verir ki, Azərbaycan müstəqil siyasət yürüdür və hər hansı bir dövlətdən çəkinməyərək öz mövqeyini ifadə edir. Bu Azərbaycan xarici siyasətinin humanist mahiyyətindən xəbər verir. Bildiyiniz kimi, Ukrayna xalqı çox böyük müharibə ilə üzləşib, hərbi hücumla qarşı-qarşıya gəlib. Bu hücum nəticəsində 10 milyonlarla ukraynalı öz yaşayış yerini itirib, xeyli sayda ukraynalı həlak olub, Ukraynanın infrastrukturuna çox böyük həcmdə zərbə dəyib, dağıdılıb, bu ölkə ağır bir vəziyyətdədir. Təbii ki, belə bir ağır vəziyyətdə olan ölkəyə də Azərbaycan öz yarımını əsirgəmir”.
M.Məmmədlinin sözlərinə görə, biz dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanla Ukrayna çox yaxın münasibətlər qurub, bütün sahələrdə strateji tərəfdaşlıq münasibətlərinə malik olublar. Bu münasibətlər də davam edir. M.Məmmədli bildirdi ki, eyni zamanda Azərbaycanın Rusiya ilə də, dünyanın digər güc mərkəzləri ilə də yüksək səviyyəli münasibətləri var. Mütəxəssisin sözlərinə görə, Azərbaycanın xarici siyasətinin fəlsəfəsi odur ki, Azərbaycan balanslı xarici siyasət həyata keçirir: ”Ölkəmizin bu mövqeyi də fərqli güc mərkəzləri tərəfindən hörmətlə qarşılanır”.
İradə SARIYEVA