Rusiya prezidenti Vladimir Putin Suriyada 34 türk əsgərinin həlak olmasından sonra İdlibdə artan gərginlikdən danışıb.
Baki-xeber.com xəbər verir ki, Suriyanın İdlib bölgəsində Əsəd rejiminin hava hücumunda 34 türk əsgərinin həlak olmasının ardından bölgədə gərginlik artıb. Türk Silahlı Qüvvələri rejimə qarşı Bahar Qalxan adı verilən əməliyyata başlayıb. İndiyə qədər 2 mindən çox rejim əsgəri zərərsizləşdirilib, çox sayda hərbi maşın, hava hücumundan müdafiə sistemləri və silah anbarları məhv edilib.
Hadisələrlə bağlı ilk dəfə açıqlama verən Putin bildirib ki, Rusiya heç kimlə müharibəyə getməyi planlaşdırmır, amma digər ölkələri Moskva ilə münaqişədən çəkindirmək istəyir.
Rusiyanın tarixdə ilk dəfə dünyada olmayan silah istehsal etdiyini bildirən Putin, "ABŞ silah məsələsində bizə çatmağa çalışır. Ancaq bu tarixdə heç vaxt baş verməyib" deyib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Putin, İdlib məsələsini martın 5-də Moskvada müzakirə edəcəklər.