İranda yeni koronavirus (COVİD-19) nəticəsində indiyədək ölənlərin sayı 66 nəfərə çatıb. Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Əlirza Rəisi deyib. Bu barədə “Trend” IRINN-ə istinadən məlumat verib.
Ə.Rəisinin sözlərinə görə, ötən sutka ərzində 12 nəfər dünyasını dəyişib.
Nazir müavini deyib ki, ümumilikdə 1501 nəfər bu virusa yoluxub və onladan 291 nəfəri sağalıb.
Nazirlik rəsmisi bugünədək xəstəxanalara 7,28 min nəfərin müraciət etdiyini, 4,312 nəfərin şübhəli olduğunu deyib.
İranın Məşvərət Şurasının (Expediency Discernment Council) üzvü Məhəmməd Mirməhəmmədi də yeni koronavirusa yoluxması nəticəsində vəfat edib. Bu haqda İran KİV-i məlumat verib.
İranın Məşvərət Şurasının üzvü Tehranda yeni koronavirusla əlaqədar nəzərdə tutulan Məsih Daneşvəri xəstəxanasında müalicə alırdı.
Qeyd edək ki, İranda indiyədək 978 nəfər yeni koronavirusa yoluxub, 54 nəfər ölüb. İran parlamentinin 5 deputatı, səhiyyə nazirinin müavini, prezidentin müavini virusa yoluxanlar arasındadır. İranın Vatikandakı sabiq səfiri və bir neçə məşhur şəxs bu virus nəticəsində vəfat edib.
12 gün ərzində yeni koronavirus şübhəsi ilə İranın Qum xəstəxanalarında 1 325 nəfər yatırılıb. Bunu isə İranın Qum vilayəti Tibb Elmləri Universitetinin rektor əvəzi Əli Əbrazə deyib. Onun sözlərinə görə, onların 610 nəfəri tam şəkildə sağalaraq evə buraxılıb.
Əbrazə əlavə edib ki, analizlərin nəticələrinə görə, indiyədək Qumda 139 nəfər yeni koronavirusa yoluxub. Onlardan 80 nəfəri sağalıb.
İranlı həkim 725 nəfərin xəstəxanalarda yatırıldığını deyib:“Qumda 4 xəstəxanada xəstələrə müalicə pulsuzdur. Müraciət edənlərin sayı artdığına görə daha bir xəstəxananın ayrılması nəzərdə tutulub”.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin öldüyünü və 291 nəfərin sağaldığını təsdiqləyib.
İranda yeni koronavirusun yayılmasına görə hərbi xidmətə çağırış 2 ay müddətinə təxirə salınıb. Bunu İranın Silahlı Qüvvələr Qərargahının səhiyyə və müalicə üzrə rəis müavini və Silahlı Qüvvələr Qərargahının koronavirusla mübarizə komitəsinin sözçüsü Həsən İraqizadə deyib.
H.İraqizadənin sözlərinə görə, bununla yanaşı 2 ay müddətinə əsgərlərin təlim kursları da təxirə salınıb.
İraqizadə əlavə edib ki, bir neçə gün bitməsinə qalan təlim kursları bütün səhiyyə tədbirləri nəzərə alınaraq keçiriləcək.
İranlı hərbi rəsmi İran Silahlı Qüvvələrinə məxsus 58 xəstəxananın səhiyyə sektorunun sərəncamına verildiyini deyib.