Suriyada Bəşər Əsəd rejiminin türk əsgərinə hücumundan sonra Türkiyənin başlatdığı “Bahar Qalxanı” Hərəkatı davam edir. Bu günə qədər 1 dron, 8 helikopter, 103 tank, 72 artilleriya qurğusu, 3 hava hücumundan müdafiə sistemi və 2 min 212 rejim əsgəri məhv edilib.
Bundan başqa, rejimə aid iki SU-24 tipli döyüş təyyarəsi vurulub. Bundan əvvəl isə Türkiyə Silahlı Qüvvələri Hələbdəki Neyrab hərbi hava bazasını vurub. Sözügedən baza rejimin bölgədəki hava hücumunda istefadə etdiyi əsas baza kimi də bilinir. Baza vurulduqdan sonra yararsız vəziyyətə düşüb. Türkiyə rejimin 3 generalını da məhv edib.
Əsəd qüvvələrinə böyük zərbə vurulmasından və rejimə aid döyüş təyyarələrinin hədəf olmasından sonra Rusiya Müdafiə Nazirliyi diqqətçəkən açıqlama yayıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada, Suriyadakı Rusiya qüvvələrinin komandirlərindən general Oleq Zuravlev, Əsəd rejiminin İdlib hava sahəsini Türkiyəyə qapatdığını bildirir: "Bu şərtlər altında bölgədə olan Rusiya qüvvələri, Suriya səmalarında Türkiyənin hava uçuşlarına dair təhlükəsizliyini təmin edə bilməz".