Bu gün Əfqanıstanda 19 illik müharibəni bitirəcək razılaşmaya imza atılıb. Baki-xeber.com xəbər verir ki, ABŞ-ın 2001-ci ildə Əfqanıstanda devirdiyi "Taliban" hərəkatı ilə sülh razılaşması Qətərdə imzalanıb.
Tarixi sülh razılaşmasını ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" hərəkatının liderinin müavini molla Abdulla Qani Baradar imzalayıblar.
Aylardır davam edən müzakirələrdən sonra bu gün Dohaya gedən ABŞ dövlət katibi Mayk Pompeo, imzalanma məərasimində "Taliban"ın anlaşmaya əməl edib-etməyəcəyini yaxından izləyəcəklərini deyib.
"Taliban"ın “Əl-Qaidə” ilə əlaqəsini kəsmək və İŞİD-lə mübarizə aparacağına söz verdiyini deyən dövlət katibi “Əl-Qaidə”ni böyük ölçüdə yox etdiklərini də dilə gətirib.
"Taliban" hərəkatının lideri Baradar isə sülh razılaşmasına sadiq qalacaqlarını, Əfqanıstanda İslam rejiminin qurulmasını istədikləri deyib. Baradar Pakistan, İndoneziya, Çin və Rusiyanın da aralarında olduğu ölkələrin Əfqanıstanın yenidən qurulmasında rol alacaqlarına ümid etdiklərini ifadə edib.
ABŞ, "Taliban" öhdəliklərini tam yerinə yetirəcəyi halda koalisiyanın Əfqanıstanı tərk edəcəyini bildirib. “Reuters” agentliyi isə, "Taliban" razılaşma şərtlərinə əməl edəcəyi halda ABŞ və NATO-ya bağlı bütün ordunun 14 ay ərzində Əfqanıstandan çəkiləcəyi barədə məlumat yayıb.
Razılaşmanın ən diqqətçəkən tərəfərindən biri ABŞ və NATO müttəfiqlərinin ilk 135 gün ərzində 5 ayrı hərbi bazadan çəkilməsidir.
Digər tərəfdən ABŞ və Əfqanıstan rəhbərliyi həbsxanalardakı 5 min "Taliban" üzvünü sərbəst buraxacaq. Ilk mərhələdə isə martın 10-na kimi min "Taliban" üzvü azadlığa buraxılacaq.
Qeyd edək ki, səhar saatlarında "Taliban" açıqlama yayaraq, tərəfdarlarına bütün hücumları dayandırmağı əmr edib.
Dohada razılaşma imzalandığı vaxt Əfqanıstan lideri Əşrəf Qani, ABŞ Müdafiə naziri Mayk Esper və NATO Baş katibi Yens Stoltenberq Əfqanıstanda kameralar qarşısına çıxıb.